Dilarənin 60 illiyinə gecikmiş yazı Featured

“Ədəbiyyat və incəsənət” portalının əməkdaşı Aida Eyvazlı qələmdaşı Dilarə Quliyevanın 60 illik yibileyi münasibəti ilə qələmə aldığı yazısını oxuculara təqdim edir. 

 

 

Onun adı Dilarə! "Sosialist Sumqayıtı" qəzetinə kiçik xəbərlər yazdığım illərimin ilk tanışlığı. İlk jurnalist həmkarlığı, ilk munis gözəllik görüntüsü... Bu o illər idi ki, biz  1980-ci illərdə Sumqayıt şəhərində məktəbi bitirib azad həyata atılmışdıq. 

 

Doğulduğumuz şəhərin qəzetində ilk imzalarımız görünürdü. Sonra yollarımız  1991-ci ildə "168 saat" qəzetində birləşdi. O gündən bu günə heç nə dəyişmədi. Sonra  bifəva dünyanın rüzigarı bizi "7 gün" qəzetinə apardı. Ancaq  bir-birimizə hər zaman bacı, sirdaş olduq, küsdük də, incidik də, ancaq dönmədik. Bizim bir-birimizə olan hörmətimiz, ehtiramımız əbədi dostluq sevgisidir. Biz bir-birimizə ruhən bağlıyıq. Bizi bir-birimizə bağlayan həm də jurnalist məsləkimizə olan sevgimizdir.  Bu günlərdə Dilara Quliyevanın yubileyi oldu. Əzizimin sonuncu iş yeri Azərbaycan Dövlər Televiziyasıdır. 17 ildir ki, burada çalışır. Onun yaratdığı sənədli filmlərlə Azərbaycan Dövlət Televiziyasının sənədli verilişlər  fondu - portretlər, tarixi abidələr, Azərbaycan təbiəti, xalqımıza məxusus milli -mənəvi dəyərlər, ölkəmizin tanınmış alimlərinin yaradıcılığından bəhs edən verilişlərlə zənginləşdi. Dilarə Quliyeva o qədər zəngin, o qədər müdrik bir juranlistdir ki, onun hər sözü bir dərs kitabıdır. Dilarə Quliyeva juranalistikamızın ləyaqət rəmzidir.  Onun dünya haqqında, vətən haqqında, həyat, musiqi, ayrılıq, dövlətimiz, Azərbaycan haqqında fikirlərini dinləyəndə, elə bil ki, müdrik filosofları Əflatunu, Ərəstunu... dinləyirsən. Dilarə Quliyevanın öz mizan-tərəzisi var ki, dünya onun tərəzisində çəkilsəydi, dəyərlər onun tərəzisində ölçülsəydi, heç zaman dünyanın mizan-tərəzisi pozulmazdı. 

Azərbaycan Dövlət Televiziyasının arxivində saxlanılan ən qiymətli sənədli filmlər- təbiətimiz, vətənimiz, elm xadimlərimiz haqqında kimsə onun qədər dəqiq və əhatəli veriliş hazırlamadı. Dilarə Quliyeva  həmsöhbəti ilə elə danışdı ki, həmin insanın kim olduğunu, vətənə nə qədər gərəkli oduğunu bütün çılpaqlığı ilə tamaşaçıya çatdırdı.

 Dilarə Quliyevanı  AzTV unutmayıbsa, qoy sevinsin ki, 66 yaşlı bu TV-nin belə dəyərli bir əməkdaşı var.

Əziz Dilarəm, sözüm, söhbətim, sevinc və dərd ortağım, nə yaxşı ki, varımsan. Sən mənim "Qalibiyyət: şəhidlər və şahidlər" kitabımın redaktoru oldun.  2020-ci ilin Vətən  Müharibəsi şəhidləri haqqında isə ölməz bir kitab ərsəyə gətirdin: "Məni göylərdə axtarın"  kitabında 40 şəhidimin həyatını bir ana kimi, bacı kimi yazdın. “39 düyün" hekayələr kitabın isə bir dünya sirrdir. 

 

“Ədəbiyyat və incəsənət”

(28.03.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.