Xəbər verdiyimiz kimi, Azərbaycan ədəbiyyatına itki üz verib, yazıçı-publisist Nemət Veysəlli 82 yaşında dünyasını dəyişib.
“Ədəbiyyat və incəsənət” portalı bildirir ki, Nemət Veysəlli 1941-ci ildə Füzuli rayonunun Yuxarı Veysəlli kəndində dünyaya gəlib. 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.
İlk bədii publisistik yazıları "Araz", "Azərbaycan gəncləri", "Sovet kəndi", "Ədəbiyyat və incəsənət" qəzetlərində, "Qobustan" incəsənət toplusunda dərc edilib.
O, 1975-ci ildə Azərbaycan Dövlət Tele-Radio şirkətində, "Azərbaycan qadını" jurnalında, 1976–1993-cü illərdə Azərbaycan Yazıçılar İttifaqında - “Azərbaycan", "Ulduz" jurnallarının publisistika şöbələrində işləyib. "Qobustan" incəsənət toplusunda şöbə müdiri (1999–2001), Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin orqanı olan "Mədəniyyət" gəzetində baş redaktor (2001–2006), "Qarabağın səsi" qəzetində baş redaktor (2007–2008) vəzifəsində çalışıb. Azərbaycan Yazıçılar (1985) və Jurnalistlər Birliyinin (1978) üzvüdür. "Sehrkar səslər, əfsanəvi rənglər", ("Yazıçı", Bakı, 1984), "Sular qovuşan yerdə" ("Gənclik", Bakı, 1985), "Hər şeydən uca" ("Gənclik", Bakı), "Düzlərin ağ işığı" (Azərbaycan Dövlət nəşriyyatı, Bakı, 1988), "Evimiz yuxuma girir" ("Yazıçı", Bakı, 1991), "Salamat görməyimə şadam" ("Mütərcim", Bakı, 1998), "Haran ağrıyır, Vətən?" (Hərbi nəşriyyat, Bakı, 1999), "Sənsiz keçən illər" ("Gənclik", Bakı, 2000), "Bəylər bəy" ("Adiloğlu", Bakı, 2004), "Həyat sevən insan" ("Azərbaycan" nəşriyyatı, Bakı, 2004), "Şəhərlər, evlər, naxışlar" ("Günəş", Bakı, 2005), "Yaş həddinə görə" ("Günəş", Bakı, 2006), "Piyadaların döyüşü" ("Yaddaş Media", Bakı, 2010),"Tikintisi yarımçıq qalmış evlər" ("E.L."Nəşriyyat və Poliqrafiya Şirkətinin mətbəəsi, Bakı, 2014), "Mənim müharibəm" ("Qanun" nəşriyyatı, Bakı, 2017),"Mənim müharibəm" (Naşir: Xudafərin,Tehran, 2018), "Geriyə yol varmı", ("Qanun" nəşriyyatı, Bakı, 2018), "Моя война" (Ганун, Баку, 2020) adlı bədii-publisistik kitablarının müəllifidir.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(28.03.2023)