“Ədəbiyyat və incəsənət” portalının “Qəzəl saatı” rubrikasında Sumqayıtda yaşayıb-yaradan şair Lilpar Cəmşidqızının daha 4 qəzəlini təqdim edəcəyik.
Bivəfayə yalvardım, yol gələndə hicranım.
Bir vərəqdə səhv olmuş, yar əlində ünvanım.
Dərd əlində can verdim, gözlərimdə bir həsrət,
Gülməyibdi rüxsarım, qəm çəkəndə cananım,
Yar vurubdu köksümdən, hər atanda müjganın,
Oxlayanda sinəmdən, yarələndi bir canım.
Xanə tikdim, Allahım, pəncərəmdə gül bitsin,
Nalə etsə bülbüllər, qürrələnməz eyvanım.
Ömrü aldım illərdən, dən səpəndə tellərdən,
Mənzilimdə yatmışdım, yol gedəndə karvanım.
Yar dolandı bəxtimdən, gəldi keçdi qəlbimdən,
Gözlərimdə nur olmuş, mən görəndə Sultanım,
Bir qələmdi bir dəftər, əllərində Lilparın,
Bir gəzəlxan ömründən pay veribdi Rəhmanım.
***
Sevinməz bu könlüm, o hicran gələrsə,
Günüm qarə olmaz, bu bəxtim gülərsə.
Yanan könlümün görmədin yox əlacı?
Susar dərdi qəlbimdə, bir gün ölərsə.
Deyirlər ki, insaf da olmaz gözəldə,
Verərsənmi bir canı, canan dilərsə?
Bəşərdir əziyyət çəkən tək cahanda,
Xudadən gələr sehri bir gün bilərsə.
Mənim xəstə könlüm, bir axşam da gözlə,\
Çoxalmaz bu həsrət, o yarım bölərsə.
Çağırsam, səsim tez çatarmış o yarə,
Tökülməz gözümdən axan yaş, silərsə.
Bu Lilpar nə görmüşdü, ondan da yazdı,
Yazar çox qəzəllər, bir az dincələrsə.
***
Həsrətin yaman öldürür məni,
Vermisən nədən böylə qüssəni?
Köynəyin solub, köhnəlib, gözəl,
Yar gəlib görər, açma düyməni.
Oynayan bulud Göydə çarpışar,
Örpəyin salar zirvənin çəni.
Qartalın gözün bağlamaz duman,
Qıy çəkər gələr, görsə zirvəni.
Bülbülün qəmin xar bilərsə gər,
Tez gəlib sarar nazlı qönçəni.
Gün doğan zaman parlayar Günəş,
Çöldə rəqs edər sünbülün dəni.
Gül- çiçək təkin ömrü tez solar,
Lilparın əgər varsa düşməni.
***
Neyçün, ey dil, bu həsrətdən ölürsən?
Yol çəkəndən səmər yoxdur bilirsən.
İstəmişdin gözümdən yaş tökülsün,
Ölməmişdən məzarımdan gəlirsən.
Çıxmayırsan yuvandan sən haçandır,
Gözləməkdən yoruldun, dincəlirsən?
Vurnuxursan, yerimdən tərpənəndə,
Sol tərəfdən yanır köksüm, dəlirsən.
Ayrılıqdan haçan çəksəm kədər-qəm,
Ağladırsan, fələk, gendən gülürsən.
Mən nə etdim, sənin dərdin nədir de?
Mənli mənsiz nə vermişdin bölürsən.
Sözlərindən xeyir görmür bu Lilpar,
Gözlərindən daşır qəmlər, silirsən?
“Ədəbiyyat və incəsənət”
(28.03.2023)