“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, hər il olduğu kimi bu il də mart ayının 21-i saat 11-də Xalq şairi Səməd Vurğunun anadan olması və Poeziya Günü münasibətilə "Qazax" Xeyriyyə İctimai Birliyi və Səməd Vurğunun Ev Muzeyinin birgə təşkilatçılığı ilə Fəxri Xiyabanda Səməd Vurğunun məzarı ziyarət olundu.
Eyni zamanda 22 martda anadan olmuş Xalq yazıçısı İsmayil Şıxlının, 23 martda anadan olmuş Xalq yazıçısı Mehdi Hüseynin, Xalq yazıçısı Yusif Səmədoğlunun, Xalq şairi Vaqif Səmədoğlunun, Xalq yazıçısı İsa Muğannanın, Azərbaycan SSR Xalq Artisti və SSRİ xalq artisti, xoreoqraf, professor, Leyla Vəkilovanın, ictimai-siyasi xadim Mövsüm Poladovun məzarları da ziyarət olundu.
Məzarlara tər gül dəstələri qoyuldu, çıxışlar, xatirələr söyləndi.
Mart ayının 21-i Qazax Rayon İcra Hakimiyyətinin, Azərbaycan YaIçılar Birliyinin Qazax Zona filialının və "Qazax" Xeyriyyə İctimai Birliyinin birgə təşkilatçılığı ilə Səməd Vurğunun anadan olmasının 117-ci ili əlaqədar olaraq Qazax rayonunun Yuxarı Salahlı kəndində yerləşən Səməd Vurğunun Poeziya Evində anım tədbiri keçirildi.
Novruz bayramı ilə əlaqədar olaraq "Qazax" Xeyriyyə İctimai Birliyinin Bakıda yaşayan üzvləri doğmalarını ziyarət etmək üçün Qazax və Ağstafa rayonlarına getdikləri üçün Yuxarı Salahlı kəndində Səməd Vurğunun Poeziya Evində təşkil olunan anım tədbirində fəal iştirak etdilər.
Əklil və tər qərənfillər "Qazax" Xeyriyyə İctimai Birliyi tərəfindən hazırlanmışdı.
Ruhu şad olsun dahi şairin!
“Ədəbiyyat və incəsənət”
(27.03.2023)