Adətən çox tanınmışlardan müsahibələr alınır və oxucu da buna adət edib. Amma “Ədəbiyyat və incəsənət” portalının “Tanıdaq” rubrikası tanınmağa layiq olanları üzə çıxarıb təqdim edir. Əməkdaşımız Habil Yaşar bu dəfə pedaqoq, şair Sabir Alim ilə söhbətləşir.
1. Öncə özünüz haqqda məlumat verərdiniz.
Əsədov Sabir Alim oğlu, ədəbi təxəllüsüm Sabir Alim. 1980-ci il 18 sentyabrda Neftçala rayonunun Dördlər kəndində anadan olmuşam. 1997-ci ildə qonşu Astanlı kənd orta məktəbinin 11-ci sinfini, 2002-cu ildə isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini bitirmişəm. 2011-ci ildə Azərbaycan Müəllimlər İnstitutunun filologiya fakültəsinin magistraturasını, 2021-ci ildə isə Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Doktoranturasını bitirmişəm. "Müasir Cənubi Azərbaycan Poeziyasında Milli- Mənəvi Dəyərlərin Bədii İnikası (1979- 2019) mövzusunda fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işim bitmək üzrədir. Elmi əsərlərim Azərbaycanda və xaricdə çap olunub. 2002-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüyəm. 2005-ci ildə " İlin ən yaxşı şeiri" nominasiyası üzrə təltif olunmuşam. 2008-ci ildə Prezident təqaüdünə layiq görülmüşəm. 3 şeir kitabının müəllifiyəm.
2. İlham mənbəyiniz nədir?
Bu gün üçün ilham mənbəyim 44 günlük Vətən müharibəsində vətən övladlarının göstərdiyi şücaətlər və qəhrəmanlıqlar, Ali Baş Komandanın verdiyi qərarlar və dünya miqyasında uğurlu siyasət, tarixi və siyasi qələbəmizdən soğan məmnunluq hissidir.
3. Xəyal dünyanızın bu qədər genişlənməsinə səbəb olan hadisələr hansılardır?
44 günlük Vətən müharibəsində qazandığımiz qələbə, ölkəmizdəki quruculuq və yenidənqurma işləri, gələcəyə inam hissi və s.
4. Əsərlərinizi ən çox harada yazmağı sevirsiniz?
Əsərlərimi , əsasən, evdə yazmağı xoşlayıram.
5. Yazmaq sizin üçün nə deməkdir?
Yazmaq, hər bir yaradıcı insan üçün,
məncə, yaşamaq, nəfəs almaq, yenidən doğulmaq kimi bir hissdir. Bəzən mənə elə gəlir ki, yazdıqlarımiz da bizim övladlarımız kimidir. Odur ki, çalışıram keyfiyyətli və səviyyəli bir əsər yazım. Bir də, yazdığımı tərbiyə edə bilim.
6. Yazıçı üçün zaman nə deməkdir?
Yazıçı üçün zaman suyun axını, keçənin geri dönməyəcəyi, düşüncənin alt qatdır. Zaman keçir, əsər qalır. Zaman keçici, söz qalıcıdır. Amma elə söz yazmalı, elə əsər yaratmalısan ki, zamanı qabaqlaya bilsin.
7. Ümumiyyətlə hansı janrda kitablar oxuyursunuz və niyə bu janra üstünlük verirsiniz?
Ən çox roman, dram oxumağı sevirəm. Bir də yaxşı yazılan əsərlərin janr fərqi önəmli deyil.
8. İlk dəfə nə vaxt “yazıçı olacağam” demisiniz?
Bir az inandırıcı gəlməyəcək. Onda heç məktəbə getmirdim. Hərfləri tanımırdım. İlk şeirim "Dağlar" şeiri olub. Bir dəftərə dağ şəkilləri çəkmişdim. Elə bilirdim şeir belə olur. Sonradan hərfləri öyrəndim. Yazdıqlarımı bibimə oxuyardım. Sonra Azərbaycan dili və ədəbiyyat müəllimim Raqif Həsənova oxuyardım. İndi dünyasını dəyişib. Allah rəhmət etsin.
9. Sizcə, kitab oxumaq vərdişini qazanmaq üçün nə etmək lazımdır?
Mütaliə hər kəs üçün vacibdir. İstər söz adamı ol, istərsə olma. Mütaliə edək vacibdir.
10. Yeni bir kitab yazmaq planınız varmı?
Şuşa haqqında kitab yazmaq istəyirəm. Həm də, bayaq dediyim kimi, 44 günlük müharibə və qələbəmizi canlandırmaq üçün çalışmaliyam. Amma bu, çox məsuliyyətli bir işdir. Düşünurəm ki, bacara bilərəm.
11. Yazıçı olmaq istəyən gənclərə hansı məsləhətləriniz var?
İstər yaşlı nəsil, istər cavan nəsil, mən düşünürəm ki, hamımızın daim məsləhətə ehtiyacımız var. Atalar sözü var: Məsləhətli don gen olar. Çox mütaliə etmək, tarixi hadisələri dərindən izləmək lazımdır. Bir də, klassiklərimizdən bəhrələnmək lazımdır.
“Ədəbiyyat və incəsənət”
(17.03.2023)