Mehdi Hüseyn niyə kabinetində öldü? Featured

 

“Ədəbiyyat və incəsənə” portalı ədəbiyyatşünas Etibar Əbilovun tanınmış Azərbaycan Sovet yazıçısı Mehdi Hüseyndən bəhs edən yazısını təqdim edir. 

 

Mehdi Hüseynin gündəliyini oxuyuram.

Məncə, onun gündəliyi çap olunmayıb. Və bu gündəlikdən olsun ki, çox az adamın xəbəri var. Mənim fikrimcə, onun gündəliyinin çap olunmasının indiki halda heç zamanı da deyil. 

Mehdi Hüseyn 1909-cu ildə anadan olub. Yazıçılar İttifaqının sədri vəzifəsində işləyib. Yazıçı kimi həm Azərbaycanda,həm də bütün sovetlər ittifaqında böyük nüfuz sahibi kimi tanınıb. SSRİ Ali Sovetinin deputatı seçilib, "Xalq Yazıçısı" adına layiq görülüb. Stalin mükafatı alıb. Sərt təbiətli adam kimi tanınıb... Bir misal çəkim. Yazıçılar İttifaqının rəhbəri olarkən, "Azərbaycan" jurnalında bir şairin zəif şeirləri çap olunur. Jurnal çap olunan günün səhərisi Mehdi Hüseyn jurnalın baş redakrorunu da, şeirlərin müəllifini də kabinetinə çağırır. Sərt səslə həmin zəif şeirlərin müəllifinə:

-Sənə kim ixtiyar verib ki, elə zəif şeirləri redaksiyaya təqdim edirsən?-deyir.

Sonra da redaktora (həmin şair də, redaktor da dünyalarını dəyişdikləri üçün adlarını yazmıram): -Bəs sənə kim ixtiyar verib ki, həmin zəif şeirləri çap edirsən?-deyir. 

Daha sonra da elə həmin hikkə ilə:

-Siz elə bilirsiniz, ədəbiyyatın sahibi yoxdur? - deyə soruşur. 

Məhz bu ədəbiyyat təəssübkeşliyi sonda onun faciəsinə cevrilir. 1965-ci ildə Yazıçılar İttifaqında iclas zamanı gərgin bir mübahisə zəminində Mehdi Hüseynin halı pisləşir, ürəyi dayanır. Elə kabinetındəcə vəfat edir.

Mehdi Hüseyn vəfat edərkən 55 yaşında idi.

...Mehdii Hüseyn təbii ki, yaşadıgı zamanın, daha dəqiqi sovet ideologiyaaının yazıcısı idi. Sosializmi tərənnum edən romanların müəllifi idi. İndi onun yazdığı, zamanında çox məşhur olan, oxunan əsərlərini  -"Səhər", "Qara daşlar", "Abşeron" romanlarını çap etmirlər. Bu əsərlər zamanın sınağından çıxmayan əsərlərdir. Amma eyni zamanda  Mehdi Hüsyn Sovet ideologiyasına yad olan əsərlər də yazmışdı. “Kin", "Fəryad", "Ürək" pevestləri, "Yeraltı çaylar dənizə axır" romanı, Türkiyə səfərindən bəhs edən  "Bir ay, bir gün" əsəri elə zənn edirəm ki, ədəbiyyat tariximizin  qiymətli örnəklərindəndir.

Mehdi Hüseyn həm də olduqca cəsarətli tənqidçi olub. Tənqidi əsərlərində demək olar ki, zərrə qədər də güzəştə getməyib. Necə deyərlər, düzü-düz, əyrini də əyri... Buna görə də coxlu düşmən qazanıb. Cəfər Cabbarlını, hətta Şekspiri tənqiq edib.

İndi də bu maraqlı yazıçı və İnsanın gündəliyini oxuyuram. Gündəliyindən məlum olur ki, o dövrün ədəbiyyatından narazıdır. Ədəbi tənqidin, bədii əsərlərin zəifliyindən, "hər kəsin qara-qurasını dahilik kimi saymasından" narazıdır. Adlar da çəkir. Akademik tənqidçilərin, məşhur şairlərin, yazıçıların.. Gündəliyinin 1943-cü il, 13 aprel qeydlərində məşhur rus tənqidçisi Belenskiyə xitabən “Ah,Belenski,sənin cəsarətindən kaş bircə faiz bizim yazıçılarda olaydı!..." yazır…

 

“Ədəbiyyat və incəsənət”

(16.03.2923)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.