“Ədəbiyyat və incəsənət” portalı şair Yusif Nəğməkarın hikmət bankomatından növbəti seçmələri təqdim edir
*Atılan addımın uğursuzluğu atılacaq addımın uğur təlimidir.
*Qürurlu insan məğrur dağa bənzər; sinəsində uyuyan daşlar məkanından qopanda dağdan yuxarı yox, yalnız üzü aşağıya yuvarlanıb, dərələrdə it-bata düşər...
*Sınaqlar olmasaydı, sınıqlar çox olardı...
*İşıq gələn yerə barmaq tıxayan qaranlığı lənətləməsin...
*Qadın gücü ilə deyil, zərifliyi ilə güclüdür.
*Hamı BİRƏ bağlıdır, BİRƏ də bərə bağlıdır...
*İtirdiklərinin alovunda əriməyən itirmədiklərinin sevincini yaşaya bilməz...
*Əsl peşimanlıq peşimanlığına peşiman olmaqdır...
*Kəmfürsətə minnətdar ol ki, hər ...kəmində sənə cəm fürsətin kəmini "bağışlayar"...
*Kinindən bar gözləyən ürək əkinə yararsız yer kimidir...
*Ən əzablı, üzücü, uzun yol qəlbən yaxın olmadığınla yaxınlığındır.
*Söz bir dəfə deyilir, qalanı təkrardır.
*Sənin təkcə dediyini yox, nə deyəcəyini də hiss edən adamın qarşısında susmağın da ona daha aydın və daha tutarlı sözündür.
*Sevgisiz adamdan başqa heç kəs bədbəxt deyil...
*Qınaq gələn yerə qonaq gəlməz...
*Bütün sözlər "hə" və "yox"un ətrafında dolanan peyklərdir.
*Sürüşkən yerdən düz yox, sivişib keçməlisən.
*Səndən qaçanın qabağına çıxmaq da, arxasınca qaçmaq da absurddur.
*Əsəbi deyilən söz 50% hikkənin, 50% də anlaqsızlığın təzahürüdür...
*Həyatda insanı heç bir qüvvə xatirələr qədər öz ilkinliyinə qaytara bilməz...
“Ədəbiyyat və incəsənət”
(16.03.2023)