“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün növbədə Özü-özüylə söhbət və şeir vaxtıdır, Elxan Yurdoğlu ilə tanışlıqdır.
Elxan YURDOĞLU
Özüylə söhbəti...
Yaş artıqca başqalaşırsan. Özün olmaqdan çıxırsan, bir az ailən, bir az dostların, bir az cəmiyyət, bir az işindəki adam olmağa başlayırsan.
Yaş artıqca özünü inandırmağa çalışırsan ki, gəncsən, “ruhun gəncdir” kimi ənənəvi fikirlərlə özün özünü aldadırsan və nə qəribədir ki, elə uşaq kimi də bu sözlərə özünü inandırırsan. İnsanların yaşlandıqca uşaqlaşmağa başladıqlarını hamımız eşitmişik. Görəsən, özümü aldadıb buna uşaq kimi inanmağımı qocalmağa başlamağın ilk addımları saymaq olarmı?!
Məsələn, ömrün ortasına çatmaq, yəni ömrün sıfırdan başlayıb sıfıra qayıdan parabolasının ən yuxarı nöqtəsində dayanıb düşünmək kimi də qəbul etmək olarmı bu düşüncələri? Eeeey, şair, az bilmirsən, ömrün 42-ci yaşında parabolanın ortasında olmaq... Hmmm, təxminən 84 il. Allah qismət eləsə, niyə də olmasın )))
Başqalaşmaqdan danışdım axı, nə qədər özüm olmaqdan çıxsam da, yazılarımda həmişə bir güzgü effekti görmüşəm. Yazılarımda özümdən çıxa bilməmişəm. Yazılarımda özümdən çıxmamışam. Bu həm də o deməkdir ki, Allahın verdiyi istedaddan onun istəyincə istifadə etmişəm. Yazıda özümdən çıxmamışam. Hər iki mənada. Elə hər iki mənada yazıya sədaqət də budur.
Bəzən özümə verdiyim sualların qarşısında dərin-dərin düşünməli, uzun-uzun fikirləşməli olmuşam. Cavabında özümü qane etməyən suallar olmayıb. Özümə hansı sualı vermişəmsə, bunun arxasında vicdanın tələbkarlığını, sevginin kövrəkliyini, atalığın nigaranlığını, vəzifəmin məsuliyyətini hiss eləmişəm. Çiynimə aldığım yüklərin mənəvi ağırlığına ürəyin necə dözümlülük nümayiş etdirdiyinə heyran olmuşam. Suallarımın cavabında ağıldan çox ürəyin hökmranlığı özümə qarşı haqsızlığa gətirib çıxarsa da, başqalarına qarşı haqsızlığımın olmamasına görə təskinlik tapıb özümə oyuncaq sevinclər də düzəltməyi bacarmışam.
Çoxlarına görə, həyat doluyam, ətrafdakılar üçün bir çox mənada stimul qaynağıyam. Gənclərin daim üz tutduqları dostuyam. Hamıya zaman ayıra bilirmişəm. Daha nələr, nələr... Görəsən, bunlara zaman ayıraraq özümdən nələrisə oğurlamıram ki?! Zamanı, işlərimi, yaradıcılığımı? Və yenə geriyə boylanıb ortaya qoyduqlarıma baxanda təəssüflənmirəm, təəccüblənirəm. Özümə qarşı oğurluğum olmayıb. Bundan sonrasında elə əvvəlki tempdən daha sürətlə işləməli, həyatı doya-doya, zövqlə yaşamağa davam etməli. Axı həm də parabolanın üstdən aşağı sürüşkən relyefinə keçid başlayıb. Bu relyefdə ömrü kələ-kötür düşüncələrdən qorumaq və hədəfə hamının tanıdığı o adam olaraq çatmaq ən böyük diləyimdir. Hamının şair deyə xitab etdiyi yaradıcı kimliyin haqqını da vermək şərti ilə.
21-12-2022,
Naxçıvan
...və şeirləri
SEVİB-SEVİLMƏDƏN YAŞAMAQ OLMUR
İndi bax tərtəmizdir telefonun yaddaşı,
Daha qalereyada səni axtarmıram da.
Şəkilsiz adamlar da yavaş-yavaş yadlaşır,
Yadlaşan adamlarla divar hördüm aramda.
Sən də qaldın divarın o üzündə, yaxşı yol,
Divarın ardındakı səslərdə itdi səsin.
Amma bir diləyim var, harda olsan, yaxşı ol,
Qayıtsan, bil ki, burda yoxdu o doğma kəsin.
Bilirsən, şair olan diqqətsizlikdən ölür,
Soyuqqanlı sevdiyim, dondum buz ürəyində.
Bizə vüsal ağlayır, bizə ayrılıq gülür,
Duyğularım can verdi duyğusuz ürəyində.
Nə yaxşı, səndən sonra qayğıma qalan oldu,
Bir içim sevgi səpdi sozalan ümidimə.
Tənhalığa qısılan könlümü alan oldu,
Nə çox məna yüklədi azalan ümidimə.
Çoxunun nəzərində ağılsızam, bilirəm,
Mən ki bir dəli şair, mən ki dopdolu adam.
Yenə dəlicəsinə sevirəm, sevilirəm,
Sevməsəm, sevilməsəm, necə yaşayacağam?!
BİR GÜN PAYIZ OLACAĞAM
Ulduzlara əl uzatsam, toxunarmı saçlarına?
Dodağıma yağış düşsə, islanarmı dodaqların?
Səhər-səhər rəssam günəş boyayanda üfüqləri
Mən də durub seyr eləsəm, qızararmı yanaqların?
Yarpaqları ovuclayıb misralara səpələsəm,
Şeirlərim ürəyinə yatarmı heç, nar çiçəyim?
Sərçələrə pıçıldasam sənlə dolu duaları,
Yaradanın dərgahına çatarmı heç, hər diləyim?
Əllərimi yana açıb qucaqlasam bu dünyanı,
Sevə-sevə bu dünyanın bir adı sən olarsanmı?
Bu yağışı, bu payızı, bu havanı doya-doya
Ciyərimə çəksəm əgər, varlığıma dolarsanmı?
Taleyinə qarlar yağan, qönçə gülüm, qısıl mənə,
Mən onsuz da şeirlərdə çırtıldayan bir ocağam.
Yağışları yarpaqlarda rəqs eləyən payızı sev,
Unutma ki, bir gün mən də dönüb payız olacağam.
KƏND MƏNZƏRƏLƏRİ
Hər dəfə bu kəndə gələndə sanki
Dönüb on üç yaşlı uşaq oluram.
Şəhərin bozumtul qarğaşasından,
Səsindən-küyündən uzaq oluram.
Təkcənə dolaşdım həyət-bacanı,
Gah alma dişlədim, gah əncir yedim.
Mənə ürkək baxan toyuq-cücəyə
Dən səpib bir neçə qımqıma dedim.
Arxın kənarında gilənarları
Budaq-budaq gəzib birini tapdım.
Elə bil 20 il bundan əvvəlki
Sevdiyim o qızın yerini tapdım.
Kirpi yuvasını boş gördüm bu gün,
Üzüm tənəyində sərçələr kefdə.
İndi qarğaların qoz mövsümüdü,
Səsləri kəsilməz 5-6 həftə.
Hər dəfə bu kəndə gələndə sanki
Dönüb on üç yaşlı uşaq oluram.
Şəhərin bozumtul qarğaşasından,
Səsindən-küyündən uzaq oluram.
ŞAİR, YAĞIŞ, QUŞ BALALARI
Yağış pəncərəmdə quş balasıdır,
Hələ alışmayıb qanad çırpmağa.
Açıram ovcumda atılıb-düşür
Sevincdən ürəyim dönür bir dağa.
Yağış dimdikləyir ovuclarımı,
Uşaqtək sevinib çölə qaçıram.
Quş balalarına uçmaq öyrədir,
Qoşulub onlara mən də uçuram.
Elə bil çoxdandır bir küncdə küsən
İçimdən uşaqlıq inadım çıxır.
Hər tində, döngədə xatirələrim
Tutur əllərimdən – qanadım çıxır.
Sərçələr sevincək uçur yanımca,
Qopur qanadımdan bir lələk qələm.
Göylərə xoşbəxtlik şeiri yazıram,
Enirəm aprelin üzündən öpəm.
APREL GƏLDİ, SEVGİLİ...
Aprel gəldi, sevgili...
Sevgi kimi gəldi.
Yasəmənlər açacaq,
Gilənarlar çiçəkləyəcək...
Uçacaq kəpənəklər,
Qızlar daha da gözəlləşəcək...
Gözüm görməyəcək heç nəyi, heç kimi,
Sadəcə, sənə şeir yazacağam, sevgili...
Aprel gəldi, sevgili...
Sən gəldin elə bil...
Nə xoş qoxular doldu içimə,
Nə gözəl gülümsədi günəş,
Nə gözəl oxuyur sərçələr,
Yaşıl-yaşıl yarpaqlayır göycələr.
Amma nə vecimə, kim nə düşünür, nə bilir,
Sadəcə, sənə şeir yazacağam, sevgili...
Aprel gəldi, sevgili...
Bir bahar da gəncləşər ölüm,
Bir boy da böyüyər ömür.
Üstümdən
Üç yüz altmış beş gün keçər,
Yanımdan şeirə vurğun qadınlar
Alnımdakı qırışlar kimi düzgün keçər.
Torlanan gözlərimdən yayınarlar deyə,
Məyus keçər, üzgün keçər,
Baxışları süzgün keçər.
Tutular şeirimin ərköyün dili,
Sadəcə, sənə şeir yazacağam, sevgili...
Aprel gəldi,
Sən də gəl, sevgili.
Aprel gedəndə gedərsən,
Özünlə apararsan sevgimi.
MƏN ÖLƏNDƏ AĞLAMA
Sən bir dəfə ağlamısan mənimçün,
Ona görə mən öləndə ağlama.
Yaşayanda yanıma çox gəlmisən,
Qəbrim üstə, bax, gələndə ağlama.
Mən bilirəm, sən ağlaya bilmirsən,
Ona görə mən öləndə ağlama.
Bəlkə, uzaq bir yerlərdə olassan,
Tez biləndə, gec biləndə ağlama.
Ağlayarsan deyə, ölə bilmirəm,
Ona görə mən öləndə ağlama.
Yoxluğuma sevinən də olacaq,
Sevinənlər hər güləndə ağlama.
Şeirlərim məni qoymaz ölməyə,
Ona görə mən öləndə ağlama.
Ağlasan da, “dost” çağırıb ağı de,
“Canım” deyib yar dilində ağlama.
BİRİYÇÜN DARIXMAQ
O gedib, hər yerdə şəkili qalıb,
Şair daşa dönüb – heykəli qalıb.
Gözlərim uzağa dikili qalıb
biriyçün,
Havada əlinin “sağ ol” yeriyçün.
Görəsən, nə edir, indi hardadır?
Onu düşünmək də gilənar dadır.
Xatirələr belə intizardadır
biriyçün,
Yaşanan keçmişin nağıl yeriyçün.
Bir də baxacaqsan, yoxdu bu adam,
Bir də görəcəksən, özgəyəm, yadam.
Heç vaxt bugünkütək darıxmamışam
biriyçün,
Səsində adımın sığal yeriyçün.
ŞEİR ŞÖLƏSİ
Bu qız başdan-başa yasəməndi ki,
Baxışında naxış-naxış ləçək var.
Gözəlliyi ətir saçır ətrafa,
Zənn edirsən, dörd yanında çiçək var.
Görəndə sevincə qərq olur dünyam,
Nə oslun ki, dərddi şair şələsi.
Baş qoyub ruhuna bir az uyuyam,
Yuxuma nur səpə şeir şöləsi.
Bir az ürkəkliyi, utancaqlığı
Duz tökə şeirimin yara yerinə.
Sən də zövq alasan bu şirin ağrı
Göynəyərək işlədikcə dərinə.
Məsum gülüşləri kəpənək kimi
Qönçə dodağının üstündə gəzir.
Təzə azadlığa çıxan qəlbimi,
Tanrım, bir mələyin eləyib əsir.
Dərdindən ölərdim, amma sevərək
Yaşamaq var ikən, kimdi öləsi!?
İndi həm ürəyim, həm də gözlərim
Sevgidən qamaşır, şeir şöləsi.
SƏNƏ BİR MƏKTUB YAZDIM
Sənə bir məktub yazdım,
Tələsmirəm göndərəm,
Hələ zərfə qoymuram.
Məktubun hər sətrində
Sənin gülüşlərin var –
Oxumaqdan doymuram.
Sənə bir məktub yazdım,
Hər sirrim içindədi –
Oxumaqçün darıxma.
Bir sevda gizlətmişəm,
Hər gün zərfi sığalla,
Mən ölməyincə baxma.
Sənə bir məktub yazdım,
Min məktuba əvəzdi...
Min romana, min şeirə.
Soruşma bu dövrdə
Məktub da hardan çıxdı,
Nə oldu birdən-birə!?
Sənə bir məktub yazdım,
Nədən korluq çəkdimsə,
Səndən umub yazmışam.
Hər cümlədə dolmuşam,
Sıxmışam gözlərimi –
Bərk-bərk yumub yazmışam.
Sənə bir məktub yazdım,
Bir ildi hər gün bir az
Hərf-hərf yazmışam.
Xəttim pisdi, amma ki,
Sənə yazıram deyə,
Elə zərif yazmışam.
Sənə bir məktub yazdım,
Ünvanın yox... Boş qalsın
Zərfin üstündə: Hara...
Bəlkə, uzaqlardasan?
Bəlkə, elə üstünə
Yazım ki: "Uzaqlara".
Sənə bir məktub yazdım,
Bir qərar da vermişəm –
Göndərəcəm hər yana.
Yəqin ki, biri mütləq,
Bir şəkildə çatacaq
Sən yaşayan ünvana.
Sənə bir məktub yazdım,
Çatmasa da, sevənlər
Bir-birinə oxuyar.
Amma səhər yuxudan
Duran kimi bu şeiri
Birinci sən oxu, yar...
Sənə bir məktub yazdım,
Tələsmirəm göndərəm,
Hələ zərfə qoymuram.
Məktubun hər sətrində,
Sənin gülüşlərin var –
Oxumaqdan doymuram.
QAPI BİLİB BAŞDAŞINI DÖYÜRƏM
Qardaşım, dostum şair İlqar Qulusoyun ölümündən 5 il keçir... Başdaşıyla dərdləşirəm...
Qapı bilib başdaşını döyürəm,
Aç qapını, dərdləşməyə gəlmişəm!
Sinən daşdı, mənə cavab vermirsən?
Bilmirsən ki, bura nəyə gəlmişəm?!
Bu nə böyük düzdü, məkan seçmisən!?
Yalan olsun qara mərmər bu düzdə.
Başdaşına söykəmişəm başımı,
Yerlər ağlar, göylər inlər bu düzdə.
Beş günlük dünyada beş ildi yoxsan,
Hərdən təkliyimi güldürən adam...
Döydüyüm qapını aç, mən də gəlim,
Məni diri-diri öldürən adam.
Ölümü əyləncə seçən şairim,
Ölüm zarafatı qanmadı axı!
Bizə bir od qoyub çıxıb getmisən,
Biz yandıq, dərdimiz yanmadı axı!
Gah keçib bir küncə yazdıqlarını –
Şeir kitabını vərəqləyirəm.
Gah da xəyal uçur xatirələrə –
Ömür kitabını vərəqləyirəm.
Darıxıram, aç qapını, danışaq,
Bu nə qərib, nə qəribə daxmadı?!
Yadındadı, mənə şeir yazmışdın –
Qızıl sözün qulağımda sırğadı.
Qapı bilib başdaşını döyürəm,
İlqar, səsin gəlsin, səsimə səs ver.
Adı İlqar olan vəfasız olmaz,
Sənsiz yaşamağa mənə həvəs ver.
Ürəyin daşdımı, cavab vermirsən?!
İndi bəs neyləyim, mən başı daşlı?!
Diksindim, çiynimə bir əl toxundu,
– Kimlə danışırsan, o ki başdaşı?!
– Dostumdu, gəlmişəm ziyarətinə,
Söhbət eləyirik olub keçəndən.
...Gedir, arxasınca baxıram mən də,
Görəsən, başını bulayır nədən?!
Eeeeeh, ay adam, hardan biləsən,
Dağ sözüm yıxılıb, sözüm dağlanıb.
Səhərdən bir mərmər qapı döyürəm,
Hər yanı açıqdı, amma bağlanıb...
“Ədəbiyyat və incəsənət”
(15.03.2023)