Xalq yazıçısı Rüstəm İbrahimbəyovun xatirəsi anılıb
Beynəlxalq Muğam Mərkəzində görkəmli ssenarist, kinorejissor, Xalq yazıçısı Rüstəm İbrahimbəyovun vəfatının ildönümünə həsr olunmuş anım gecəsi təşkil edilib.
“Unutmağa haqqımız yox” leytmotivli tədbirdə tanınmış elm və mədəniyyət xadimləri, Rüstəm İbrahimbəyov sənətinin pərəstişkarları iştirak ediblər.
Xalq yazıçıları Anar, Çingiz Abdullayev, Rusiya Rəssamlıq Akademiyasının akademiki, heykəltaraş Aydın Zeynalov Rüstəm İbrahimbəyovun mədəniyyətin inkişafına böyük töhfəsini qeyd edərək səmimi xatirələrini bölüşüblər. Qeyd edilib ki, R.İbrahimbəyov müasir Azərbaycan ədəbiyyatının və kinematoqrafiyasının görkəmli nümayəndələrindən biridir. Çoxşaxəli fəaliyyəti ilə ölkəmizdən kənarda da şöhrət qazanan kinorejissor səmərəli fəaliyyəti ilə bədii-estetik fikrin zənginləşməsində mühüm rol oynayaraq, yarım əsrdən artıq müddətdə ədəbi-mədəni mühitin inkişafına töhfələr verib. Onun əsərləri əsasında 40-dan çox bədii və televiziya filmi çəkilib. Çoxşaxəli və mənalı obrazlarla zəngin, mühüm ictimai reallıqlardan bəhs edən bu əsərlər xüsusi dəst-xətti ilə seçilən ustadın oxucuya, tamaşaçıya böyük rəğbətini qazandırıb.
Mərkəzin foyesində qonaqlara kino xadiminin dostlarının və həmkarlarının xatirələrinin yer aldığı, müxtəlif illərə aid çoxsaylı nəşrlərdən və müsahibələrindən ibarət “Rüstəm İbrahimbəyov” adlı kitab hədiyyə edilib.
Sonra qonaqlara ədəbi-musiqili hissə təqdim olunub. Gecədə Rüstəm İbrahimbəyovun rejissoru olduğu filmlərdən kadrlar, həyat və yaradıcılığının unudulmaz anlarını əks etdirən fotolar nümayiş olunub.
“Ədəbiyyat və incəsənət”
(14.03.2023)