Elə yazaq ki, yüz il sonra arxivə gömülməyək

Süleyman Rüstəmin 117 illiyinə 117 söz

 

Çoxları onu Sovet şairi, kommunist şair sayır, poeziyasını ideoloji vasitə adlandırır. Onun SSRİ kosmonavtikasının 60-cı illərin başlanğıcındakı ən böyük uğuruna - kosmik fəzaya Layka adlı itin göndərilməsinə şeir həsr etməsinə, əlbəttə ki, birmənalı yanaşmaq olmaz. Bununla belə, ədəbiyyat tarixindən kimisə silmək yolverilməzdir. O cümlədən də Azərbaycan Sovet poeziyasının ən ünlü simalarından biri olan Süleyman Rüstəmi. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bazar günü Xalq şairi Süleyman Rüstəmin anadan olmasının 117-ci ildönümü tamam oldu. Onun ömür yolu maraqlıdır. Gəlin nəzər yetirək. 

O, 1906-cı il martın 12-də Bakıda dəmirçi ailəsində dünyaya göz açıb. Ailələri dedikcə imkansız olub. Kasıb həyat tərzi, çətin uşaqlıq keçirməsinə baxmayaraq, ədəbiyyata, poeziyaya böyük maraq göstərən Süleynman Rüstəm ilk şeirlərində fəhlə və kəndli əməyini, torpağı və zəhməti tərənnüm edib . Onun həyatının 65 ildən çox müddətini əhatə edən yaradıcılığı yüzlərlə şeir, poema, dram əsərlərindən ibarətdir. 1923-cü ildən 1989-cu ilədək xalqın həyatında baş verən ictimai-siyasi hadisələrdən tutmuş, xalqın mənəvi durumunadək bu poeziyada hər şey öz əksini tapıb. Ancaq kommunist ideologiyasının vəsfini bir qırağa qoysaq (“Ələmdən nəşəyə” kitabı bu sayaq şeirlərə əsl nümunədir) və Süleyman Rüstəm yaradıcılığında ən qiymətli cəhətləri qabartsaq, birinci sırada cənub mövzusu dayanar. 

 

CƏNUB MÖVZUSU

Şair cənub mövzusunda müntəzəm yazmaqla Azərbaycan poeziyasına əsl poetik çələng gətirib. O, İranda yaşayan soydaşlarımızın ağır həyat tərzini görüb və könlündən keçənləri kağızlara köçürüb. “Təbrizim” adlı şeiri şairin bu səpkili şeirlərindən ən təsiredicisidir. Bundan başqa, şair “Könlümə Təbriz düşdü”, “İşıq”, “Yenə Araz qırağında”, “Yaralarım”, “Görsəm” kimi şeirlərində vətən həsrəti çəkən, əzablı, cəfalı günlər keçirən soydaşlarımızdan danışır.

 

DRAMATURGİYASI

Ədəbi fəaliyyətə "Çimnaz xanım yuxudadır" birpərdəli komediyası ilə başlayan Süleyman Rüstəmin “Qaçaq Nəbi” məzmun dramı, “Durna” komediyası dramaturgiyamızın incilərindəndir.

 

VƏTƏNİN VƏSFİ

Azərbaycanın elə bir guşəsi yoxdur ki, Süleyman Rüstəm ora şeir qoşmasın. Xəzər dənizi haqqında ən çox şeir yazan da məhz Süleyman Rüstəm olub. "Xəzər və durnalar", "Xəzər nəyə bənzəyir", "Xəzərdə gecə", "Xəzərdə", "Xəzərin səhəri", "Xəzərim olsun" və başqa şeirlərdə öz xəyalının qanadlarını Xəzərin dalğaları ilə qovuşduran şair bu mavi gözəli tərənnüm etməkdən doymayıb. “Azərbaycana gəlsin” şeiri isə vətənpərvərlik poetikasının zirvəsidir. 

 

ZƏNGİN LİRİKA

Şairin xüsusən İkinci Dünya müharibəsi barədə gözəl şeirlər yaratması da diqqətçəkəndir. Süleyman Rüstəm bu mövzuda bir-birindən maraqlı və mükəmməl əsərlər yaradıb: "Ana ürəyi", "Durnalar", "Ana və poçtalyon", "Gün o gün olsun ki" kimi kitabları məhz o dövrdə çapdan çıxıb.

 

Onun xalq, vətən qarşısındakı xidmətləri layiqincə qiymətləndirilib. Əsərləri müxtəlif xarici dillərə tərcümə olunub. Bu gün də onun poeziyası diqqətdən kənarda qalmır. Onun 117-ci ildönümünə 117 söz söylədik.

Bu qədər. Amma hər halda, dahi Nizami Gəncəvi min ilə yaxın bir dövrdə bütün ideologiyalardan və siyasi hakimiyyətlərdən yüksəkdə durmağı bacarırsa, demək, mövsümi şeirlər yazmamaq da mümkündür. 

 

“Ədəbiyyat və incəsənət”

(13.03.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.