İnsanlara sağlıqlarında qiymət vermək lazımdır

Xalq şairi Cabir Novruzun 90 illik yubileyidir

 

Bir dəfə - söhbət 2000-ci ildən gedir - Xızı rayonunun Giləzi qəsəbəsində yaşayan Əli Məmmədov adlı bir şəxs “168 saat” qəzetinin redaksiyasına köhnə əlyazmaları təqdim etdi, məlum oldu ki, bunlar mərhum xalq şairi Cabir Novruzun yarımçıq qalmış ilk nəsr əsəridir. Bəlli oldu ki, gözəl şairlərin müəllifi həm də gözəl nəsr yazırmış. O vaxt bu nəsr əsəri çap da olundu. Xatirələr bizi niyə çəkdi? 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, ötən gün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Cabir Novruzun anadan olmasından 90 il ötdü.

Xızı rayonunun Upa kəndində dünyaya göz açan Cabir Novruz orta məktəbi bitirdikdən sonra Sabir adına Pedaqoji Texnikumda təhsil alıb və 1952-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub. Bir il sonra Azərbaycan Yazıçılar İttifaqının (AYİ) tövsiyəsi ilə təhsilini davam etdirmək üçün Moskvaya, Maksim Qorki adına Ədəbiyyat İnstitutuna göndərilib və 1957-ci ildə oranı bitirərək Vətənə dönüb.

“Bakı” axşam qəzetinin ədəbiyyat şöbəsində ədəbi işçi kimi əmək fəaliyyətinə başlayan Cabir Novruz müxtəlif vaxtlarda “Azərbaycan” ədəbi-bədii jurnalının, “Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktoru vəzifələrində çalışıb və AYİ-nin idarə heyətinin katibi olub.

C.Novruzun müxtəlif illərdə çap olunmuş “İnsan məhəbbəti”, “İllərin ömrü”, “Bizim əsr”, “Adi həqiqətlər”, “Həyat, sən nə qəribəsən”, “Taleyin töhfələri”, “Bir dünyam var”, “İnsan himnləri”, “Ömür keçir karvan kimi”, “Ulu dünya, heyifsən”, “Vətən əbədi qopuqdur”, “Özünü qoru, xalqım”, “İnsanı tanımaq olmur” və digər şeirlər və poemalar kitabları ədəbiyyatsevərlər tərəfindən böyük məhəbbətlə qarşılanıb.

Şairin poeziyası XX əsr Azərbaycan ədəbiyyatının parlaq səhifələrindən birini təşkil edir. Onun əsərlərində milli irsimizin zəngin ənənələri müasir ədəbi cərəyanların tələbləri ilə üzvi şəkildə birləşir. Ədəbiyyat aləminə gəldiyi ilk illərdən şair yüksək bəşəri-mənəvi dəyərləri tərənnüm edən şeirləri ilə oxucuların dərin məhəbbətini qazanıb. Onun qələmindən çıxan lirik poeziya nümunələri və epik lövhəli əsərlər bədii səviyyəsi, mövzu rəngarəngliyi ilə seçilir. Şairin yüksək mənəviyyata səsləyən yaradıcılığı və vətəndaş ruhunun hakim olduğu poeziyası öz dilinin bədii gözəlliyi və rəvanlığı ilə səciyyələnir.

Bir baxın. İllər ötəcək, amma Cabir Novruzun sağlığında qiymətini ala bilməyənlərin, haqqı tapdananların, min bir ləkə vurularaq zindanlar küncündə işığa həsrət qalanların haqqını qaytarmaq üçün “Sağlığında qiymət verin insanlara” harayı ilə minlərin-milyonların qəlbində ümid, inam tonqalı qalanmaqda davam edəcək. 

Cabir Novruz öz yolu, öz sözü, öz ədəbi taleyi olan şairdir. 

Onin poeziyası ilk öncə sadəliyi və emosionallığı ilə diqqəti cəlb edir. Elə buna görədir ki, şeirlərinə çoxlu mahnılar yazılıb. Şairin sözlərinə bəstələnmiş çoxsaylı mahnılar musiqisevərlər tərəfindən həmişə böyük rəğbət və sevinclə qarşılanıb.

Əsərləri dünyanın müxtəlif xalqlarının dillərinə tərcümə edilərək nəşr olunub. Onun bədii tərcümələri sayəsində isə Azərbaycan oxucusu dünya poeziyasının bir sıra qiymətli nümunələri ilə tanış olmaq imkanı qazanıb.

Cabir Novruzun ictimai fəaliyyəti də zəngin olub. O, həyatının bütün mərhələlərində, xüsusilə birinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı kimi ölkəmizdə gedən ictimai-siyasi proseslərin fəal iştirakçısı olub, xalqımızın həyatında baş verən taleyüklü hadisələrə düzgün qiymət verilməsində əsl vətəndaşlıq mövqeyi nümayiş etdirib.

Şairin ədəbi və ictimai fəaliyyəti yüksək qiymətləndirilib. O, xalq şairi, “Əməkdar incəsənət xadimi” fəxri adlarına, dövlət mükafatına, orden və medallara layiq görülüb.

Duyan qəlb, düşünən ürək, sadəliklə səmimiyyət arasındakı məsafəni böyük insanlıqla fəth edən Cabir Novruz 2002-ci il dekabrın 12-də ömrünün 70-ci ilində dünyaya əlvida dedi. 

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(13.03.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.