“Qisas” – Aydın Tağıyevin hekayəsi Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün növbədə Nəsr vaxtıdır, Aydın Tağıyevin hekayələri ilə tanışlıqdır. Bu gün ilk – “Qisas” hekayəsi dərc ediləcək.

Amma öncə kiçik bir müqəddimə də olacaq.

 

 

Bir yazar kimi, yazdığını mətbuatda görən bir müəllif sevincini mənə ilk dəfə bəxş edənlərdən biri də məhz “Ulduz” jurnalı olub. 1975-ci ilin 2-ci sayında Şabranın (keçmiş Dəvəçinin) ucqar bir dağ kəndində, Pirəbədildə müəllim işlərkən “İlk hekayələr” guşəsindəki “Buz heykəllər əriyir...”  hekayəmin sevincini hələ də yaşayıram, hərçənd ki, ötən müddət ərzində az qala 50-yə yaxın kitabım çıxıb. İlk hekayəm “Ulduz”da çap olunarkən jurnala redaktorluq edən, “Can nənə, bir nağıl de” şeirinin müəllifi (bu şeir o vaxt mən məktəbli ikən ədəbiyyat müntəxabatlarına salınmışdı, indi varmı, bilmirəm...) Əhməd Cəmilin, sonralar dərgiyə baş redaktorluq edən, jurnalın qapısını – səhifələrini yazdıqlarıma müntəzəm xətir-hörmətlə açan Yusif Səmədoğ­lunun, ali məktəbdə müəllimim olmuş Abbas Abdullanın, unudulmaz, əziz dostum Ələkbər Salahzadənin “Ulduz”un – haqq dünyasına qovuşmuş mərhum baş redaktor­larının ruhları şad olsun.

 

Hörmətlə Aydın Tağıyev. 70 yaşının tamamı günündə yazılıb.

 

 

QİSAS

 

Kənd uzun müddət idi ki, düş­mən mühasirəsində idi. Qocanı-qarını, qızı-gəlini, oğul-uşağı naxə­ləf qonşunun qəfil hücumundan qoruyub xilas etmək üçün əli silah tutanlar yalvar-yaxar onları kənd­dən çıxarmağa razı salmış, özləri isə torpaqlarının keşiyində dayan­mışdılar.

Ancaq nə vaxtdan bəri səngərdə duran, düşmənə qan udduran bir igid oğul nə qədər dil töküb yalvar-yaxar etmişdisə də, tərs atasını evini tərk etməyə məcbur edə bil­məmişdi, anası da kişinin yanında qalmışdı...

Yer-göy od tutub yanırdı. Qu­laqları nə qədər ağır eşitsə də, qoca ilə qarı artıq yaxından gələn top-tüfəng səsini aydınca eşidirdilər. Qarı təlaşa düşsə də, kişinin heç tükü də tərpənmirdi. Amma toran­laşan gözləri qapıda qalmışdı. Elə bil keçmiş vaxtlarda olduğu kimi qapının yenə də aramla döyülə­cəyini, yerindən qalx­mamışdan əv­vəl isti bir səslə “hər kimsən, bu­yur, buyur” – deyib son­ra da ehtiramla özünün də qonaq qabağına gedəcəyini gözləyirdi. Təpiklənən qapı zərblə açıldı.

– Ha-ha-ha... Bərkdən qəhqəhə çəkən bir saqqallı şəstlə əlindəkini – güllə ilə düz ortasından deşilib al qana boyanmış bir köynəyi qoca ilə qarının qarşısına atdı.

– Axır ki, hayıfımızı yerdə qoy­ma­dığımız oğlunuzun köynəyidir, – dedi – Yuyun qanını, sərib quru­dun... Asın gözünüzün qabağın­dan... ha-ha-ha... Dığa uğunub get­di.

Qarı yerindəcə quruyub qaldı, oğlunun qanlı köynəyinə baxa-ba­xa dizləri büküldü, yerə çökdü. Birdən-birə daş heykələ dönən qocasa elə bil ayılıb özünə gəldi. Üzünü dığaya tutub cingiltili bir səslə:

– Yox, qanı qanla yuyarlar, deyə yaralı aslan kimi nərildədi. Dizlərinə taqət, qollarına güc hardan gəldi, heç özü də bilmədi. Birdən qəfil yerindən sıçrayıb divardan asılmış qoşalüləni sinəsinə sıxdı. Dolu tüfəng nə vaxtdan bəri idi ki, ayaq üstdə idi. Bu qəfil hücumdan özünü itirmiş dığanın gözləri bərələ qal­mışdı. Tüfəng guruldadı.

 

“Ədəbiyyat və incəsənət”

(09.03.2023)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.