“Ağ kölgə” - Yusif Alper Oyar Featured

“Dərgi içində dərgi” bölməsində Türkiyədə çıxan “Gənc ürəklər” dərgisindən sizlərə Humay Yılmazın çevirimində Yusif Alper Oyarın “Ağ kölgə” hekayəsini təqdim edəcəyik. Mavi köynəkli uşağın sirli-sehirli əhvalatı, düşünürük ki, sizi maraqlandıracaq.

 

 

                                 

İki-üç yaşlarında şirin bir qızcığaz külək olmadığı üçün gül şəkilli fırlanğıcını barmaqları ilə hərəkətə gətirirdi. Üzünə qonan sevinc ifadəsi bir saniyə çəkirdi, fırlanğıc fırlanıb dayanan kimi sevinci təkrar yaşamaq üçün onu yenidən hərləyirdi. Günəşin batmasına az qalsa da, qızın yaşadığı yaşıl şəhərdə Egeyin iyul istisi yandırıb-yaxırdı və fırlanğıcı hərəkətə gətirəcək külək o yana qalsın, nəfəs almağa hava çatmırdı.

Hər kəsin günün sonundakı ortaq təlaşlarından olan dondurma üsyanı başlayırdı. Kilo ilə evə almaq, yoxsa vaflili dondurma seçimləri müxtəlif insanları müxtəlif cür mübahisələrə sövq edir, sonda kompromisə gəlməyə çalışırdılar. Qızcığaz vaflili dondurmanı seçmişdi artıq. Uşaqlarını gəzdirməyə çıxara şəhər əhalisi mümkün qədər açıq havada qalmağa çalışırdı. Gənc bir oğlan öz aləmində idi, yəqin ki, evlənib ata olunca anlayacaqdı yan-yörəsindəkiləri, darıxırdı, saçlarının dağılıb-dağılmamağını bilmək üçün əlini tərli saçlarına çəkdi, həyatına yeni yol açacaq vidanın astanasında hiss edirdi özünü. Şirin qızcığaz oturacaqdan enib ördək yerişilə addımlamağa başlayanda gənc oğlan bir daha saatına, sonra göyə baxdı. Günəşin parlaq işığını gözlərinə toplamaq istəyirdi elə bil. Həyat – uzağı uzaq bilməklə gözəldir.

Avtobusun burnu avtovağzala girincə oğlan həmişəki kimi həyəcanlandı. Tez evə gedib yatmaq istəyirdi. Evə çatıb filmlərdə gördüyü yatağa atılma səhnəsini ifa edərək, tərs şəkildə yatağına sərildi. On-on beş dəqiqə sonra özünə gəlib telefonunu cərəyana keçirdi və günlərlə yatmamış kimi dərin yuxuya getdi. Yol yorğunu idi, ona görə yuxuya getməyi asan oldu. Yuxuda nə gördüyü sizin üçün maraqlıdırsa, bu sirri açmağa heç niyyətimiz yoxdur. Adətən, o da yuxuda gördüklərini xatırlamırdı. Xatırlayanda da qarşısındakının “xeyir olsun” ifadəsini eşidəndən sonra danışmağa başlayırdı. Oğlan yuxuların tilsiminə inanırdı.

Səhər yuxunun təsirindən uzaqlaşmamış yuxusunu yozmağa çalışırdı. Uzun-uzadı cümlələr qurmağa həvəsli deyildi, bir çığırtı ilə ifadə etmək istəyirdi, amma bunun bədbəxtlik gətirə biləcəyindən qorxurdu. Nigaranlığı on-on beş dəqiqə çəkirdi. Həyat qayğıları başını qarışdırır, yuxunun dərinliyinə getməyi unutdururdu.

         Bir gün oğlan sübh namazından bir saat əvvəl qışqıraraq yuxudan hövlnak oyandı. Yuxusunu bütün incəliyilə xatırlayırdı. Yuxusunda gördüyü yer tanış məkana bənzəyirdi, amma burada heç qarşılaşmadığı bir şeylə qarşılaşmışdı: ağ kölgə... Elə bir kölgə ki, özünü izləmir, oğlanın getdiyi hər yerdə onu qayğıkeşliklə, bir az da qəmgin qarşılayırdı. İlk dəfə qədim binaların arasında dolaşarkən məscidin qarşısında görmüşdü ağ kölgəni. Kölgənin hüzurunda bir rahatlıq hiss etmiş, ağ kölgəni təcəssüm etdirə bilmədiyi  halda həyatına uyğun bir hekayə sezmişdi.

Yuxuda məkanlar tez-tez dəyişirdi, həsir döşəkçənin üzərində oturduğu halda, az sonra dar küçədə nəfəssiz qaldığını hiss etdi, qarışıq kaman səsi əbəs yerə hüznünü dağıtmağa cəhd edirdi. Ağ kölgə qəmginliyini buraxıb şəfqətlə oğlana yanaşdı, oğlan quş civiltiləri arasında ceyranın məsum baxışları ilə qarşılaşdı. Ağ kölgə sonuncu dəfə bürcün başından oğlanla danışmağa başladı. Oğlan qala bürcünə çıxa bilmədiyi üçün kölgə narazılıqla onu bir gölün sahilinə çağırdı. Gölün qoxusu oğlanın burnuna xoş gəldi, gözünə oymalı taxta çəpər görünməyə başlayanda yuxudan oyandı. Gün boyu həyatına bənzəyən yuxunu fikirləşdi. Hiss etdi ki, bu yuxu hələm-hələm yadından çıxmayacaq, amma artıq çığırtıların bədbəxtlik gətirə biləcəyindən qorxmurdu.

Üzündən zəhrimar yağan bir nənə və mavi köynəkli uşaq məzarlıqda dolaşıq addımlarla irəliləyirdi. Qəbiristanın çıxışında gənc oğlan uşağın baxışlarıyla toqquşdu. Nənə dəcəllik edən uşağı söyüb başına bir qapaz ilişdirdi. Oğlan bayaqdan onlara baxırdı, yaşlı qadının uşaqla rəftarı ürəyini ağrıtdı, müdaxilə etmək istədi, lakin yanındakı yoldaşı mane oldu.

İki saat sonra ikindi namazı qılmaq üçün məscidə gedəndə yenə də mavi köynəkli uşağa rast gəldi. Bu dəfə qaramat sifətli nənəsi yanında yox idi və uşaq bu fürsəti layiqincə dəyərləndirməyə çalışaraq, məscidin bu başından o başına qaçırdı. Qəribədir ki, uşaq qaçdığı halda oğlan onun gözlərini görə bilirdi. Oğlan hələ heyrətdə ikən məscidi bəzəyən çinilərin naxışlarının rəngarəng alovlarla məscidin içərisinə axdığını gördü. Hafizin "Duxan" surəsinin iyirmi üçüncü ayəsindən sonra qiraətin müşayiətilə rəngli alovlar bütövləşir, məscidin içərisinə televizorlarda göstərilildiyi kimi tüstü ilə dolmurdu, əksinə ortalığa aydınlıq çökürdü.

Oğlan hafizin qiraətini sona qədər dinlədi. Anidən döş qəfəsində kəskin ağrı başladı. Başını döndərə bilmir və bundan təlaşlanırdı. Ağ kölgəni məscidin qapısının ağzında görə biləcəyinə ümid edib çıxışa sarı qaçdı. Qapını açar-açmaz eşitdiyi “xoş gəldin” kəlməsindən sonra başı dönməyə başladı və ürəklənib:”Xoş gördük”, – dedi.

 

“Ədəbiyyat və incəsənət”

(09.03.2023)

                                                         

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.