“Simic.” – Zaur Ərmuğanın hekayəsi Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün növbədə Nəsr vaxtıdır, Zaur Ərmuğanın “Simic” hekayəsi ilə tanışlıqdır.

 

 

NƏSR

 

 

Zaur ƏRMUĞAN

 

 

SİMİC

 

 

Zaur Ərmuğan 1979-cu ildə Neftçala rayonunun Həsənabad qəsəbəsində anadan olub. Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 2006-cı ildən dövrü mətbuatda çap olunur. Bir sıra qəzet və jurnallarda, almanax, antologiya və məcmuələrdə, internet saytlarında, elektron dərgilərdə, ədəbi portallarda şeir, hekayə və bir çox publisistik yazıları ilə çıxışlar edir. "Günəş ömrü istəyirəm" adlı şeirlər kitabının müəllifidir. Dünya Gənc Türk Yazarlar Birliyinin Fəxri fərmanı ilə təltif olunub. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

 

 

      Bizim tərəflərdə Çopur Mürvəti tanımayan yoxdur. Mən də onu tanıyırdım. Tanıyırdım bir kənd adamı kimi, tanıyırdım bir ağsaqqal kimi. Tanıyırdım elə Çopur kimi. Daha onun bu qədər simic olduğunu ağlıma belə gətirə bilməzdim. Çoxdanın söhbətidir. Danışım, qulaq asın: "Onda uşaq idim. Olardım haradasa doqquz-on yaşlarında. Bağımızda tut ağacı yox idi. Məhəlləmizdə isə ən yaxşı tut Çopur Mürvətin həyətində olardı. Baş barmaq yoğunluğunda qapqara tut deyirəm sənə, dadı bal. Bir gün bizə qonaq gələn bibim oğlu ilə istədik ki, çıxaq məhəlləyə. Elə də etdik. Bir az gəzib-dolandıq, yadımıza tut düşdü. Bibioğlum məndən bir-iki yaş kiçik olardı. Onlar şəhərdə yaşadığı üçün hər il yayda kəndə qonaq gələrdilər. Bəlkə, bir aya kimi qohum-əqrəba evində qonaq qalardılar. Bir həftə bizdə, üç-dörd gün əmimgildə, bir başqasında beş gün, o birisində də nə qədər lazımdırsa, qalıb ayı başa vurardılar. İndi isə bibim oğlunu tuta qonaq etmək istəyirdim. Bunun üçün qürrələnirdim də. Deyəndə ki Mürvət dayıgilin  bağına gedirik, bibioğlu çox sevindi. Həyətə girəndə Çopuru evin qabağındakı köhnə işıq dirəyinə qoyulmuş nərdivanın yuxarı pillələri üzərində gördük. Əllərinə əlcək geyinmişdi, uzun bir məftili kəlbətinlə elektrik naqilinə bərkidirdi. Bizi görcək əlini işdən ayırdı, şişkin gözləri ilə məni də, bibim oğlunu da təpədən-dırnağa süzməyə başladı. Sonra çənəsini qaldırıb bir gözünü əydi, qaşları tərpəndi, yəni ki, nə lazımdır? Salamlaşıb, utana-utana gəlişimizin məqsədini söylədik. Pul kimi qızarmışdım:

          – Tut yemək olar?

          Kişi o dəqiqə ciddiləşdi.

          – Tut? Nə tut?

          Lap çaşıb qaldıq. Bir-birimizə baxıb, sonra ikimiz də eyni anda kişiyə sarı boylandıq. Özümdə güc tapıb dedim:

           – Yetişib e...

          Çopurun sifəti indi başqa cür dəyişdi. Çopurların sayı üzündə artdı elə bil. Sifətini turşutdu. Qəribə nəzərlərlə üzünü bir tut ağacına, bir də bizə tutdu. Başını bir böyrü üstə döndərib dedi:

          – Yox, ay bala, tut hələ yetişməyib. Yetişəndə xəbər göndərərəm. Aşağıdan baxanda elə görünür, nərdivandan mən baxıram,  heç ağacda tut-zad görmürəm. Sizi günün şüası aldadır, bala, gözünüzün qabağı qaranlıq çalır, ona görə yerdən baxanda tut qara görünür.

          Bir söz demədik. Mən təəccüblə üzümü yana tutub bibioğluya baxanda gördüm ki, o da mənim kimi  mat-məəttəl qalıb. Pərt oldum. İkimiz də suyu süzülə-süzülə qapıdan çölə çıxdıq. Həyətimizə girəndə evin yan tərəfindəki kölgəlikdə köhnə kilimin üstündə bardaş qurub yun didən anamın qəfil sualı elə bil mənə od vurdu:

          – Tut yeyə bildiniz, bala?

          Tuta gedəcəyimizi bibioğlum demişdi anama, özümüzə yox, arvada lap yazığım gəldi. Dedim:

          – Hə, yedik! Qarnımıza sancı düşənəcən!

          Evin o biri tərəfinə keçəndə anamın arxamızca dediyi sözləri axırıncı kəlməsinə kimi eşitdim:

          – Bıy! Ay bala, elə yeməzlər axı! Qarınağrısına düşəndə yaxşı olacaq?

          Biz bir-birimizə baxıb gülüşdük. Elə bilirəm, üstündən neçə vaxt keçməsinə baxmayaraq, bu əhvalat bibim oğlunun da yadından çıxmaz." Qoy bunu da deyim: "Bir dəfə yenə uşaqlarla birlikdə Çopur Mürvətin bağındaydıq: üst-üstə qalaqlanmış odunları daşımaqda ona kömək edirdik. Dedik, əlimizə bulaşmayacaq ki, gedək, kişiyə kömək edək, yaşlı adamdır. Ürəyindən oldu. İşimizi qurtarıb geri dönürdük ki, Çopur əlini aşağıya əyilmiş budaqlara atıb qara şanıdan bir gilə dərdi, dilinin üstünə qoydu. Ağzımız sulandı. Salxımlar elə şirələnmişdi ki, üzüm talvarındakı arı pətəklərini gözlərimizlə gördük. Kişinin giləni ağzına aparmağıyla üz-gözünü turşutmağı bir oldu. Bir gözünü bic-bic qıyıb o birisini elə bərəltdi. Sonra dərindən udqunub dedi:

          – Turşdu ee...

          Axı biz ondan üzüm istəmirdik.

          İndi taleyin işinə bax. Sən demə, gün gələcəkmiş, Çopur Mürvətin evi, o həyət-baca mənə qismət olacaqmış. Çopur öləndən sonra kənddə qalmaq istəməyən oğlu Bədəl evi satışa qoymuşdu. Mənə də ev lazım idi, təzə evlənmişdim, odur ki, gərək ev tapaydım. Qabaqlar kənddə oğul-uşaq çox olardı ailələrdə. Bizdə də məndən başqa, səkkiz uşaq vardı: üç bacım, beş qardaşım. Evin böyük övladı mən idim, balaca birmərtəbəli evimiz vardı, böyründə də aşxana. Bizim tərəflərdə adətdir, aşxananın üzü gərək evə sarı düşsün. Bura elə yerdir ki, bişir-düşür burda, yır-yığış elə burda, bir də axşam düşəndə yatmağa qalx evə. Bacı-qardaşlarımdan boyu uzanan da var idi, əl-ayaq altında qalıb dolaşan da. Dedim, daha evlənmişəm, indi ki mənim də ailəm var,  gərək başıma bir çarə qılam. Nə edim, nə etməyim? Onda gördüm ki, Çopurun oğlu ev satır. Pul əldə edib, aldım evi. İndi burda yaşayıram. Çox şeyləri dəyişmişəm, evə, həyət-bacaya yeni görkəm vermişəm. Uşaq vaxtı bax bu qapının ağzından keçəndə Çopur Mürvətin insafdan, mürvətdən əsər-əlaməti olmayan simicliyi gəlib durardı gözlərimin qabağında. Acığım gələrdi bu qapıdan. Ürəyimdə deyərdim: "Simic qapısı!" Bu yeri alandan sonra elə birinci qapını təzələdim. Bu qapının da simicliyi Çopurla bir getdi.

 

“Ədəbiyyat və incəsənət”

(06.03.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.