Azərbaycan Yazıçılar Birliyində Rusiyalı yazıçılarla görüş keçirilib

Ölkəmizə Rusiya mədəniyyət xadimlərinin gəlişi son günlər xeyli intensivləşib. Musiqiçilər, teatr xadimləri və rəssamların ardınca, indi də ədəbiyyat xadimləri təşrif buyurublar. 

Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Bakıya təşrif buyurmuş Sankt-Peterburq yazıçıları ilə görüş keçirilib. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, görüş Sankt-Peterburq xarici əlaqələr komitəsinin təşkilatçılığı, Rusiyanın Azərbaycandakı səfirliyinin, Bakıdakı Rus evinin və Azərbaycan Dillər Universitetinin “Rusiyaşünaslıq Mərkəzi”nin dəstəyi ilə reallaşan “Maslenitsa bayramını Sankt-Peterburqla birlikdə qeyd edirik” layihəsi çərçivəsində təşkil olunub. 

Görüşdə Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev, Azərbaycanın Xalq yazıçısı Çingiz Abdullayev, AYB-nin beynəlxalq əlaqələr üzrə katibi, şair, tərcüməçi Səlim Babullaoğlu, Sankt-Peterburqun xarici əlaqələr komitəsi sədrinin birinci müavini Sergey Markov çıxış ediblər. 

Peterburqlu yazıçı və şairlər Yevgeni Lukin ilə Vladimir Şemşuçenko qonaqlara öz yaradıcılıqları barədə söhbət açıb, planlarını bölüşüb, əsərlərindən parçalar səsləndiriblər.

Xatırladaq ki, slavyan xalqlarının qədim bayramlarından olan “Maslenitsa” ənənəvi olaraq ölkəmizdə hər il keçirilir. Rusların Pasxadan təxminən ay yarım öncə qeyd etdikləri “Maslenitsa” bayramı qışın yola salınması, yazın gəlişi ilə bağlıdır. Tonqalların qalanması, qışın (köhnəliyin) rəmzi olan “Maslenitsa” müqəvvasının yandırılması bizim Novruz öncəsi qeyd etdiyimiz ilaxır çərşənbələri xatırladır.

 

“Ədəbiyyat və incəsənət”

(06.03.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.