2 mart tarixində Sumqayıt Regional Mədəniyyət İdarəsinin Gənclər Kitabxanasının və Sumqayıt Gənclər Evinin birgə təşkilatçılığı ilə “3 mart Ümumdünya yazıçı günü” ilə əlaqədar yazıçı-jurnalist, Avrasiya Millətlər Assambleyası Ədəbiyyat Şurasının həmsədri, Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü, Beynəlxalq Yazıçılar Gildiyasının, PEN Klubun üzvü, Əməkdar jurnalist Varis Yolçuyevlə görüş keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, öncə tədbirin aparıcısı, Gənclər kitabxanasının müdiri Leyla Mahmudova bu günün yaranma tarixindən danışaraq qeyd edib ki, bu bayram 1921-ci ildən PEN klub tərəfindən qeyd olunmağa başlayıb. Eyniadlı təşkilat – PEN klub bizim ölkəmizdə də yaradılıb. Üzvləri də kifayət qədər tanınmış adamlardır. Onlardan birinin də PEN İnternational (Böyük Britaniya) təsisatının üzvü, Nyu-York Dünya Yazıçılar Konqresinin iştirakçısı Varis olduğunu vurğulayaraq Leyla Mahmudova yazıçının həyat və yaradıcılığı haqqında danışıb, Varisin kitablarının əks olunduğu “3 Mart Umumdünya yazıçılar günü” adlı sərgi haqqında məlumat verib.
Tədbir yazıçının ədəbiyyat barədə, Azərbaycan ədəbiyyatının dünya ədəbiyyatındakı mövqeyi barədə çıxışıyla, gənc ədiblərə, ümumən görüşə qatılmış çoxsaylı gənclərə tövsiyə və məsləhətləri ilə davam edib. Yazıçı uğura gedən yol, bu yolda hədəfləri vura bilmək qətiyyəti barədə də danışıb, gənclərlə fikir mübadiləsi aparıb.
Sonra yazıçı tədbir iştirakçılarının ünvanladığı sualları cavablandırıb.
Daha sonra Mərkəzi Kitabxanalar Sisteminin direktoru Natəvan Axundzadə çıxış edərək Varisə tədbirdə iştirakına görə təşəkkür edib, ona yaradıcılıq uğurları, hər zaman geniş oxucu kütləsi arzulayıb.
Tədbirin sonunda Varis ən məzmunlu sualıyla fərqlənən oxuculara imzalı kitablarını hədiyyə edib.
“Ədəbiyyat və incəsənət”
(03.03.2023)