“Gizlənək adamların pisliklərindən...” – Xosrov Natilin şeirləri Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün növbədə Şeir vaxtıdır, Xosrov Natilin şeirləri ilə tanışlıqdır.

 

 

ŞEİR VAXTI

 

Xosrov NATİL

 

Ayaqüstü şeirlər

 

 

***

Ağ cuna hörmüşdü  at şabalıdı,

Üstünə yağmışdı qar dənə-dənə. 

Qızartı çökmüşdü yanaqlarına,

Qurdağız çiçəklər açmışdı süsən.

 

Allahın nəzəri üstümüzdəydi,

Göyüm ulduz-ulduz, Ayım tamaşam. 

Bəyaz  gecəsində pay bölgüsündə

Musiqi düşmüşdü bizə bu axşam.

 

Bəyaz günəş kimi doğdu bu gecə,

Ağ əllər, ayaqlar və bəyaz bədən.

İşıqlar soyundu tül paltarını,

Rəqqas pərvanələr çıxdı səhnədən.

 

Şərab şüşəsində qaldı soyuqluq,

Badələr istidən tər tökdü gecə.

Əlim kündə-kündə yandı qurtardı,

Amma ayaqlarım dondu bu gecə.   

 

Dolu tökülürdü hovuza dən-dən,

Sonra damla-damla çisək yağışı.

Yanımda kölgələr su pərisiydi,

Göylər ulduz-ulduz təbil çalırdı. 

 

Pərdələr yelləndi xəfif küləkdən,

Bizə arxasını çevirdi gecə.

Yenə pərvanələr, yenə işıqlar,

Yenə üzüüstə düşdü kölgələr.

 

Yenə də səhərin gözü açıldı,

Bir röya, bir nağıl bitdi bu gecə. 

Yalançı bir adnan, bir ağ yalannan

Bir sevgi yaşandı, bitdi beləcə...

 

***  

Burda Abşeronun Səttar tablosu,

Burda lalələrin ləçəyi xaldı.

Burda qərənfilin bircə adı var, 

Burda axşam, səhər 20 Yanvardı .

 

Nə yazı yaz olur, nə payız payız,

Eləcə qış gəlir əncir dəyməmiş.

Eləcə yay olur çimərliyində,

Adamlar eləcə qaralır gündə.

 

Adamlar oxşardı, damlar oxşardı,

İç-içə otaqlar qonşuda itir.

Ümid  adasında – ölü torpaqda,

Cənazə şəklində ağaclar bitir.

 

Burda duyğuların hissin məzarı,

Nə saçaq sünbülü, nə dəni vardı.

Stepan Razinin qaçaq papağı,

Zirənin, Gorganın mədəni vardı.

 

Uzanır borular sahilə qədər,

Yenə adam-adam sular çəkilir.

Qazını azaldır neft quyuları,

Dənizin dibindən qan iyi gəlir.

 

Küçələr, səkilər bezib əlindən,

Sahibsiz inəklər – naxırı itib.

Elə get deyirsən, gəlir üstünə,

Burda pişiklərin axırı itib.

 

Kimə yaxın düşsən, qara yaxacaq,

Kimə ölü desən, diriləcəkdi.

Kimə diri desən, ölüvay kimi

Gözləri gözünə dikiləcəkdi.

 

Torba tikəcəklər, söz qoşacaqlar,

Sözünü yüz kərə böyüdəcəklər.

Burda baş saxlamaq asan da deyil,

Səni  dirigözlü “öldürəcəklər”.

 

Sən sevə biməzsən Ayı, Günəşi,

Dənizdən gün çıxır, Ayın göy adı.

Gözəl xanımların, dul qadınların,   

Hamının  üstündə qızlıq soyadı.

 

Uşağı, böyüyü gözünü tökər.

Səhəri, axşamı mobilləşibdi.

Burda “sev” kəlməsi ceyran belində,

Cinsəl gecələri adiləşibdi.

 

***  

Kəpənək olaq,

Bir gün də olsa, uçaq “Emerald” otelinin  mərtəbələrində,

Gizlənək adamların pisliklərindən,

Liftdən başlasın sevgi nəğməmizin nəqəratı da.

“Səni sevirəm” – deyib qucaqlayım belini,

Unudum xatirələrin sənə qüssə gətirən keçmişini.

Qoy həmişə sabah olsun, Günəş olsun,

Kədərlənmə, yaşıl gözlüm.

Sən kədərli olanda Tanrım qüssəli olur.

Alnına tökülən sarı saçların,

Köynəyində çiçək rəsmi

Sinəmə çəkilən dağdı.

Al geyinən mələyim,

Qız ayaqlım,

Sərv boylum,

Birdənəm. 

 

***

Qoluma girmişdi mamont ağacı,

Başımda dumanlar at oynadırdı.

Günəşin altında ulduz papağım,

Bir də ay kölgəli yapıncım vardı.

                 

Ayağım altında dərələr, dağlar,

Ayağım altında dəvələr, fillər,

Bircə baxışımla, bir qımırımla

Yazığa dönmüşdü nəhəng tifillər.

                   

Yerdən boylanırdı papaqsız ordu,

Torpaqsız adamlar tor atırdılar.

Göydən bənövşəni, göydən laləni, 

Elə fişəng-fişəng qoparırdılar.

     

Uçaqlar uçurdu məndən aşağı,

Uçağan ilanlar çox aşağıydı.

Quşlar dənləyirdi göy muncuqları,

Əlimdən mələklər qan ağlayırdı.

                 

Yenə göy qurşağı yenə yeddi göz,

Yenə lələk, lələk,  yenə ağ vərəq.

Dünyaya cənnətin ətri gəlirdi,

Qanadı çıxmışdı ipəkqurdunun. 

 

 “Ədəbiyyat və incəsənət”

(03.03. 2023)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.