Oktyabrın 8-də Bakı Ekspo Mərkəzində Mədəniyyət Nazirliyi və Mili Kitabxana ilə birlikdə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə yeni nəşr etdirdikləri “Nizami Gəncəvi. Biblioqrafiya” kitabının və “Sözləri Nizaminindir” adlı CD disk albomunun təqdimatını keçirib.
AzərTAC xəbər verir ki, Milli Kitabxananın direktoru, professor Kərim Tahirov çıxış edərək VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılışı ilə bağlı iştirakçıları təbrik edib. O, açılış mərasimində nazir Anar Kərimovun çıxışına istinad edərək bildirib ki, neçə illərdir ölkəmizdə kitab sərgiləri keçirilir, artıq bu ənənə halını alıb. Builki sərginin ən önəmli cəhətlərindən biri Prezident İlham Əliyevin bu ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında müvafiq Sərəncamının icrası ilə əlaqədar Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər Planına uyğun olaraq, sərgi-yarmarkanın dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunmasıdır.
O bildirib ki, bəşər bədii fikrinin nadir hadisəsi olan Nizami yaradıcılığı səkkiz əsrdən artıqdır ki, dünya mədəniyyətinin və xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmişdir. Nizami Gəncəvi dünya poeziyasına bir-birindən dəyərli söz sənəti inciləri bəxş edib.
Direktor vurğulayıb ki, dövlətimizin başçısının müvafiq Sərəncamına və Mədəniyyət Nazirliyinin tədbirlər planına uyğun olaraq Milli Kitabxana “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından “Nizami Gəncəvi. Biblioqrafiya” kitabını və “Sözləri Nizaminindir” adlı CD disk albomunu hazırlayıb. O vurğulayıb ki, bu nəşrlər Nizami ilinə və böyük şairin tədqiqatçılarına Milli Kitabxananın bir töhfəsidir.
Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru Akif Marifli çıxış edərək bildirib ki, bu təqdimat mərasimi kitab sərgisinin əsas qayəsini təşkil edir. Belə ki, Nizami Gəncəviyə həsr olunan kitab sərgisində belə nəşrlərin olması xüsusi əhəmiyyət daşıyan amillərdəndir. O bildirib ki, “Nizami Gəncəvi. Biblioqrafiya” kitabı və “Sözləri Nizaminindir” adlı CD disk albomu Mədəniyyət Nazirliyinin dəstəyi ilə Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanıb. Bu kitab bütün tədqiqatçı alimlərə öz araşdırmalarında köməklik göstərəcək, onların stolüstü kitablarına çevriləcəkdir.
AMEA-nın Əlyazmalar İnstitutunun elmi katibi, dosent Əzizağa Nəcəfov çıxış edərək vurğulayıb ki, Milli Kitabxananın “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından tərtib etdiyi “Nizami Gəncəvi. Biblioqrafiya” kitabı bütün nizamişünaslara, tədqiqatçı alimlərə bir hədiyyədir.
Türkiyə Kitabxanalar və Yayımlar Baş İdarəsinin müdir müavini Taner Beyoğlu çıxış edərək bildirib ki, bu il Azərbaycanda Nizami Gəncəvinin anadan olmasının 880 illik münasibətilə “Nizami Gəncəvi İli”, Türkiyədə isə Yunus Əmrənin vəfatının 700 illiyi münasibətilə “Yunus Əmrə İli” elan olunub. Hər iki şair türk millətinin, türk dünyasının görkəmli şəxslərindəndir. XII əsrdə yaşamış Nizami, XIII əsrdə yaşamış Yunus Əmrə yaradıcılığında ortaq cəhətlər vardır. Belə ki, hər iki şairin yaradıcılığında tanrıya dərin məhəbbət, insan sevgisi, eləcə də kamil insan mövzusu mühüm əhəmiyyət kəsb edir.
Tədbirin davamında Milli Kitabxananın dəvəti ilə gələn Rusiya, Bolqarıstan, Özbəkistan, Qırğızıstan, Gürcüstan kitabxanalarının rəhbərləri çıxış ediblər. Bolqarıstan Milli Kitabxanasının direktoru Krasmira Aleksandrovna direktor Kərim Tahirova öz nəşrlərinin elektron formasını hədiyyə edib.