“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə layihəsi olan “Şənbə qonağı”nda İntiqam Yaşar bu dəfə Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi, şair Xəyal Rza ilə söhbətləşir.
-Salam Xəyal bəy, bir şairin mətbuatla çalışması, bir qurumun mətbuat görəvlisi olmasının görünən və görünməyən tərəfləri, çətinliyi və ya zövqü...
- Bir çox məsələlər qeyd oluna bilər və uzun-uzadı danışmaq olar bu mövzuyla bağlı. Amma qısa və lakonik onu demək olar ki, işin çoxluğu, sənin ətrafındakılara, eyni zamanda peşənə, tutduğun vəzifəyə ayırdığın vaxt və s. şairliyin ilə düz mütənasib təşkil eləmir. Misal üçün, dostlar həmişə mənə dostcasına irad bildirirlər ki, sən öz yaradıcılıq məsələlərinlə ciddi şəkildə məşğul olmursan və təbliğ etmirsən yaradıcılığını. Haqlıdırlar, dediyim kimi, söhbət tək mətbuat xidmətindəki vəzifəmdən, yəni bu müəssisədəki işimdən getmir, həm də təşkilatçılıq məsələsi var, müxtəlif layihələrin həyata keçirilməsi var, onlara ayrılan vaxt və enerji məsələsi var. Buna görə də oz yaradıcılığıma az vaxt ayırıram. Düşünmürəm də ki, ciddi şəkildə məşğul olsam böyük nailiyyətlər əldə edəcəyəm, qoy öz axarıyla getsin.
- Pandemiyadan əvvəl AYB Mətbuat xidməti olaraq bir neçə maraqlı və ciddi layihələriniz oldu. Cəmiyyətdə kitabçılığa nə kimi təsir etdi o layihələr?
- Pandemiyadan əvvəl də, demək olar ki, pandemiya vaxtında da kitablar çap elədik. Ümumiyyətlə mən Azərbaycan Yazıçılar Birliyində əməkdaşlığa başlayan kimi həyata keçirdiyim bir neçə layihə var ki, onlardan da mənim üçün ən dəyərlisi “aybKitab” layihəsidir və bu layihə çərçivəsində 200-ə yaxın kitab çap etmişik. Keçən il cənab Prezidentin yaradıcı təşkilatlara ayırdığı maliyyə dəstəyindən Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyi “aybKitab” layihəsi üçün müəyyən vəsait ayırdı, bu vəsaitlə 50-dən çox kitab çap etdik. Bir çox imzaları çap eləmişik indiyə qədər. Bunların arasında gənc, orta nəsil, yaşlı nəsil yazarları var və demək olar ki, layihə hədəfinə çatıb. Yəni bu layihədə çap olunmaq istəyən, arzulayan kifayət qədər insanlar var və biz də gücümüz çatdığı qədər dəyərli əsərləri çap edirik.
-“Şairlər günü” layihəniz çox təmtəraqlı, maraqlı layihələrdən biri, bəlkə də birincisi oldu. Bundan sonra da layihə davam edəcəkmi?
-Əlbəttə, edəcək. Yalnız iki il keçirə bilmədik bu tədbiri. Bu da pandemiya səbəbindən oldu. Ötən il və bu il biz tədbirləri onlayn şəkildə keçirdik. Onlayn tədbir canlı tədbirin yerini vermir. Tədbirlər ənənəvi formatında gözəldir. Bilirdiniz ki, biz həmin layihə çərçivəsində müxtəlif ölkələrdən qələm dostlarımızı dəvət edirdik, onlarla Müşfiqin rəmzi məzarına - Xəzər dənizinə gülsəpmə mərasimi həyata keçirirdik. Bu da onların çox diqqətini çəkirdi və yazılarında da bunu qeyd edirdilər. Həm də eyni zamanda “Şairlər günü”nün əhatəsini genişləndirmişdik, biz artıq ardıcıl 15 gün tədbir edirdik. Mayın 29-dan tədbirlərə start verilirdi və iyunun 13-də yekunlaşırdı. Tədbirlər ayrı-ayrı rayonlarımızda, ayrı-ayrı şairlərimizin xatirəsinə həsr olunurdu və biz layihəni getdikcə böyütmək istəyirdik. Eyni zamanda bu layihə artıq bir neçə ildir ki, həm də Türk Dünyasından olan şairlərimizin də xatirəsinə həsr olunur. Başqa ideyalar da var idi ki, bu tədbirlərə əlavə olunacaqdı. Məqsəd bu layihəni bütün rayonlara ötürmək idi və 5 iyun tarixi, yəni “Şairlər günü”nün eyni gündə bütün ölkədə keçirilməsi idi. Əslində “Şairlər günü” 5 iyun tarixindədir, amma biz dediyimiz kimi, mayın 29-dan iyunun 13-nə qədər tədbirlər keçirirdik. Bütün rayonlarda bu ənənə formalaşandan sonra yekun nə olacaqdı?! Eyni tarixdə bütün bölgələrdə, Azərbaycanın bütün rayonlarında tədbirlər keçiriləcəkdi və mərkəz Bakı olacaqdı. Digər bölgələrdə keçirilən tədbirlərə isə bağlantılar olacaqdı. Düşünürəm ki, gec deyil, dünya düzəlsin, dünyanı saran, sarsıdan bəladan qurtulaq, ondan sonra, inşallah ideyalarımızı həyata keçirəcəyik. Bu il olmadı, gələn il “Şairlər günü” ümid edirəm ki, ənənəvi şəkildə keçiriləcək.
- Xəyal bəy, İLESAM-ın - Türkiyə Elm və Ədəbiyyat Əsərləri Sahiblərinin Məslək Birliyinin də Azərbaycan təmsilçisisiniz. O qurumun Azərbaycan ədəbiyyatına, kitabçılığına dair nə kimi layihələri gözlənilir? Bildiyim qədəri ilə bu günlərdə xeyli kitab hədiyyə olundu kitabxanalarımıza qurum tərəfindən.
-İLESAM-la 2015-ci ildən əməkdaşlıq edirəm. Təkcə Azərbaycan təmsilcisi deyiləm, Azərbaycan təmsilciliyi ilə yanaşı, artıq 2 ildən çoxdur ki, həm də, beynəlxalq əlaqələr məsələsinə baxıram. Bir çox layihələr həyata keçirmişik, onlardan ən önəmlisi Elçin Arifoğlunun ssenarisi və rejissorluğuyla ərsəyə gələn “Kağız qəbir” adlı Xocalıya həsr olunmuş film idi, hansı ki biz onu Qubada çəkdik. Tammetrajlı bədii filmdir. Xocalı soyqırımının 25 illiyinə həsr olunmuşdur və hər il bu film müxtəlif ölkələrdə, eyni zamanda ölkəmizdə müxtəlif məkanlarda nümayiş olunur. “ilesamKitab” layihəsi də var. Bu layihə çərçivəsində bir çox kitablar çap olunub. Azərbaycanda hər il Mətbuat Gününü İLESAM olaraq qeyd edirik. Bu il də keçirdik o tədbiri. Tədbir məhdud çərçivədə olsa da, ənənəvi qaydada baş tutdu. Qeyd etdiyiniz layihənin özü də “Türk dünyasına kitab hədiyyəsi” adlanır. Biz artıq bununla bağlı İLESAM başqanı Mehmet Nuru Barmaqsız ilə Qazaxıstanda olmuşuq, Qazaxıstana 10 min kitab hədiyyə etmişik. Qırğızıstanda olmuşuq, onlara da 10 min kitab hədiyyə etmişik. Bu yaxınlarda 10 min kitab Kosovaya göndərildi. Təxminən 20 min kitab Özbəkistan üçün nəzərdə tutulub. Bununla yanaşı Makedoniyaya 10 min kitab göndərildi. Azərbaycana isə ilk olaraq 15000 kitab hədiyyə etmişdik, əslində 10 min kitab yenidən nəzərdə tutulmuşdu. Amma Qarabağ işğaldan azad olunandan sonra İLESAM rəhbərliyinə belə bir təklif verdim ki, bu kitablar Qarabağa hədiyyə olunsun. Onlar da bu təklifi müsbət qarşıladılar. Biz Mədəniyyət Nazirliyi ilə danışdıq, Milli kitabxanayla danışdıq. Mədəniyyət nazirinin, Azərbaycan Yazıçılar Birliyinin sədrinin və digər önəmli şəxslərin iştirakı ilə 10 min kitab Qarabağ kitabxanalarına hədiyyə olundu. İnşallah, o kitabxanalar yenidən bərpa olunanda, tikiləndə onların kitab bazasına bir xeyrimiz dəymiş olacaq. Bütün layihələrimizdə İLESAM hər zaman yanımızdadır.
-Bu günlərdə sədrliyinizlə yeni bir yaradıcı qurum qeydiyyata alındı. Bu qurumun fəaliyyəti nələrdən ibarət olacaq?
-Beynəlxalq Türk Müəllifləri adlanır. Bütün mənə aid olan layihələrin hamısı və yeni layihələr məhz bu təşkilatın qanadının altında birləşəcək, bu təşkilatın adı ilə həyata keçiriləcək. Əsas məqsəd, qarşıya qoyulmuş vəzifə müəllif hüquqlarının qorunmasıdır. Bu sahədə Azərbaycanda kifayət qədər boşluqlar var, bilirsiniz ki, dövlət qurumları işləyirlər çalışırlar, amma düşünürəm ki, ayrı-ayrı ictimai birliklərin də bu sahədə fəaliyyəti təqdir olunmalıdır. Həm də dünyanın müxtəlif ölkələrində yaşayan türk millətindən olan, türk kökənli insanların, xüsusilə də əsər sahiblərinin bir təşkilat altında birləşməsindən gedir söhbət. Bunların arasında rəssamından, şairindən, yazıçısından, heykəltaraşından tutmuş elm adamına qədər bütün yaradıcı insanlar bir təşkilat altında birləşəcək və mən əminəm ki, ən geci növbəti ilin əvvəlindən etibarən Beynəlxalq Türk Müəllifləri təşkilatının fəaliyyəti kifayət qədər nəzərə çarpacaq.
- Şeirlə yoldaşlıq bir şair ömrünü həyatla hansı məsafədə yaxın, hansı məsafədə uzaq edir?
- Dəyərli yazıçımız Seyran Səxavət deyir ki, şeir insanı həyatla heç vaxt yaxın məsafədə saxlamır, yaxın məsafədə saxlayırsa o şeir deyil.
- Xəyal bəy, bir zamanlar bir şeiriniz çox məşhur olmuşdu. "Sil gözünün yaşını" şeirinizi nəzərdə tuturam. O şeirin məşhurlaşmağında audio versiyasının rolu çox olmuşdu, yoxsa hansısa başqa amil rol oynayırdı?
- O mənim gənclik, yeniyetmə dövrümün şeiridir. 17-18 yaşımda yazmışdım. 19 yaşımda da səsləndirilmişdi. Qeyd etdiyiniz kimi, o şeirin məşhurlaşmağında audio versiyasının rolu böyük olmuşdu. Həm də həmin vaxt o zəngimselə salınmışdı və bir az da o təkan vermişdi populyarlaşmasına. Həm də şeirin bir az qəmgin və romantik notlarla yazılması da bəlkə əhəmiyyət kəsb edib. Ona görə gənclər həmin şeiri sevmişdilər. Sevgidən, ayrılıqdan olduğu üçün, hər kəs o şeirdə özünü tapa bildiyi üçün məşhurlaşmışdı. Amma o ərəfələrdə təkcə o şeir deyildi məşhurlaşan. Həmin audio versiyada 17 şeirim yer almışdı və o şeirlərin içində bir neçəsi məşhurlaşanlar sırasındaydı. O zamanlar internet indiki səviyyədə deyildi, amma gənclər bir-birlərinə şeirləri daha çox blutuz vasitəsi ilə ötürürdülər.
-Şuşada Vaqif Poeziya Günlərində “Evsız qapı” şeirini oxudunuz. Maraqlı şeir idi. O günlər barədə, oradakı hisslər barədə istərdim danışasınız.
-Mən qarabağlıyam və mənim elim-obam da 30 il işğal altında olub. Bu dözümsüzlüyə dözmək məcburiyyətində qalmışam. Bu ağrıya, bu acıya, bu həsrətə dözmək məcburiyyətində qalmışam və 44 günlük müharibə dövründə mənim hönkür-hönkür ağladığım, təsirləndiyim məqam Ali Baş Komandanın Şuşanın işğaldan azad edilməsini efirdən səsləndirməsi zamanı olub. Şuşa bax bu hissləri yaradan bir sehirdir. Şuşaya təkcə bir məkan kimi, şəhər kimi yanaşmaq düzgün deyil. Şuşada qəribə möcüzəvi bir sehir var. Mən hələ işğaldan azad olunmuş doğulub boya-başa çatdığım öz elimə getməmişəm, gedib çata bilməmişəm. Amma Şuşa üçün burnumun ucu göynəyirdi, Şuşaya getmək üçün çırpınırdım. Və qismət oldu, getdik, gördük. Allah arzusunda olanlara da nəsib etsin, çünki bilirəm ki, bir çoxları Şuşanı görmək üçün alışıb-yanırlar. Şeir məsələsinə gəlincə, yəni Şuşanın mənim üçün əhəmiyyətini bayaq qeyd etdim və orda şeir deməsəydim də Şuşa üçün istənilən çağırışa uça-uça gedərdim. Şeir demək də qismət oldusa nə gözəl. Bu mənim üçün unudulmaz tarixdir, mən də öz şeirimi - “Evsiz qapı” şeirimi səsləndirdim. Bəli: gözəl hisslər idi, unudulmaz hisslər idi. Şükür bu günümüzə, Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Şuşanın bizdə olması tarixi qələbədir.
-Xəyal bəy, AYB-nin qurultayı nə vaxta gözlənilir? Şuşada olması barədə Anar müəllim ölkə başçısından razılıq aldı.
- Biz hazırlığa əslində 2019-cu ilin ortalarından başlamışıq və 2020-ci ildə təşkil etmək istəyirdik qurultayı. Sonra məlum səbəblər, pandemiya, ölkədəki qaydalar qurultayın keçirilməsinə əngəl yaratdı. Və bu il də sizin də qeyd etdiyiniz kimi Şuşada Vaqif Poeziya Günlərində hörmətli Anar müəllim cənab Prezidentə bu təklifini bildirdi, Prezident də bu təklifi müsbət qarşıladı. Əslində, oktyabr, noyabr ayı düşünmüşdük, amma, məsələ burasındadır ki, hal-hazırda da pandemiya qadağaları davam edir və bir də orada məkan məsələsi var. Şuşada açıq havada keçirə bilmərik bu tədbiri. Çünki oktyabr, noyabr ayları Şuşada hava şəraiti ona imkan verməz. Ona görə də bu qənaətə gəlindi ki, gələn il yay aylarına, iyun-iyul aylarına hazırlıq getsin. Hazırlıq işlərimiz davam etdirilir, məruzələr hazırlanır. Dəvət edəcəyimiz qonaqlar, ölkələr müəyyənləşdirilir və s. İnşallah, növbəti il iyun, iyul aylarında düşünürəm ki, qurultayımız müqəddəs Şuşa şəhərində təşkil olunacaq.
- Bu günlərdə Serbiyada səfərdə idiniz. Səfər təəssüratlarınız, oradakı ədəbi mühit barədə fikirləriniz.
- Bir həftəlik səfər idi. Serbiyadan iki ədəbiyyat festivalına dəvət almışdım. Getdim, iştirak edib qayıtdım. İlk dəfə səfər etdiyim ölkəydi. Ona görə də mənim üçün əvəzedilməz hisslər yaratmışdı, çünki mən görmədiyim bir ölkəyə hətta 3 gün müddətinə gedib qayıtsam da özümü bir il istirahət etmiş kimi hiss edirəm. Təəssüratlarımla bağlı iki səhifəlik yazı yazdım “Ədəbiyyat qəzeti”ndə. Bu günlərdə çap olundu. Müxtəlif ölkələrdən 40-dan çox şair, qələm dostlarımız dəvət olunmuşdular. Onların bir çoxları ilə yaxşı münasibətlərimiz alındı. İnşallah, əməkdaşlığımız davamlı olacaq. Ayrı-ayrı şəhərlərdə - beş şəhərdə məktəblərdə, kitabxanalarda açıq havada olmaqla 10-a yaxın tədbir təşkil olunmuşdu. Bu kimi tədbirlərdə iştirak ədəbi əlaqələrin inkişafında mühüm rol oynayır. Çünki orda mənim tanış olduğum bir çox qələm adamları var ki, mən onları bizim tədbirlərə dəvət etməyi düşünürəm. Hətta Türkiyədə oktyabr ayında bir ədəbiyyat festivalı olacaq, mənim təşəbbüsümlə tədbirdə tanış olduğum ispan şairini oraya dəvət ediblər. Ona görə də bax o əlaqələr, qeyd etdiyim kimi, vacib və əhəmiyyətlidir. Mehriban insanları var, yaşıllıqlar arasında gözəl bir ölkədir Serbiya, insanlarının şeirə, poeziyaya olan məhəbbətini gördük. İnşallah növbəti il Serbiyaya başqa dostlarla yenidən səfərimiz olacaq.
-Təşəkkür edirəm söhbət üçün.
- Sağ olun, uğurlar!