Sabah Azərbaycanın çox dəyərli bir ziyalısının doğum günüdür, yubileyidir. Abbas Fəttah oğlu Zamanovun.
Mübaliğəsiz demək olar, elm tariximizdə iz qoyan ən görkəmli alimlərimizdəndir bu şəxs. O, 1911-ci il oktyabr ayının 10-da Naxçıvanın Şərur rayonunun Maxta kəndində anadan olub. Valideyin himayəsindən məhrum halda çox acı bir tale yaşayıb. 1921-1927-ci illərdə Naxçıvan və Bakı şəhərlərində uşaq evlərində yaşayıb. Bakı Pedaqoji Texnikumunu bitirdikdən sonra 1929-1937-ci illərdə rəhbər komsomol işçisi kimi çalışıb, sonra “Gənc işçi” və “Ədəbiyyat” qəzetində məsul katib işləyib, Azərnəşrin Bədii ədəbiyyat şöbəsinin müdiri olub. Ali təhsil almağı yaddan çıxarmayıb, 1939-cu ildə Azərbaycan Pedaqoji İnstitutunun Dil-ədəbiyyat fakültəsini qiyabi bitirib, institutda müəllim saxlanılıb. 1940-1941-ci illərdə M.F.Axundov adına Opera və Balet Teatrının direktoru olub, İkinci Dünya müharibəsi illərində ordu sıralarında xidmət edib. Tərxis olunduqdan sonra 1948-1960-cı illərdə BDU-nun filologiya fakültəsində baş müəllim, 1960-68- ci illərdə Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun elmi əməkdaşı, 1968-1971-ci illərdə Azərbaycan EA Nizami adına Ədəbiyyat Muzeyinin direktoru, 1971-1979-cu illərdə isə ADUnun Azərbaycan ədəbiyyatı kafedrasının müdiri vəzifələrində çalışıb. A.Zamanov C.Məmmədquluzadənin, M.Ə.Sabirin, Ə.Haqverdiyevin, N.Nərimanovun, S.S.Axundovun, S.Hüseynin, H.Nəzərlinin, S.Ə.Şirvaninin, S.M.Qənizadənin və Q.Zakirin əsərlərini rus və Azərbaycan dillərində tərtib və nəşr etdirib. 1967-ci ildə “M.Ə.Sabir və müasirləri” mövzusunda dissertasiya müdafiə edib, birbaşa filologiya elmləri doktoru alimlik dərəcəsinə layiq görülüb. 1971-ci ildə isə professor elmi rütbəsini qazanıb.
1983-cü ildə Abbas Zamanov Azərbaycan EA-nın müxbir üzvü seçilib, 1980-ci ildə Azərbaycanın “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb, I dərəcəli “Vətən müharibəsi” ordeni, “Döyüş xidmətlərinə görə” medalı və bir sıra digər medallarla təltif edilib. 1993-cü il aprelin ayının 1-də Bakı şəhərində vəfat edib, Fəxri Xiyabanda dəfn olunub. 2011-ci il oktyabr ayının 5-də onun100 illik yubileyi təntənə ilə qeyd edilib. Ruhu şad olsun.