Bakı Ekspo Mərkəzində VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında Nobel mükafatçısı, dünyaca məşhur Qabriel Qarsia Markesə həsr olunan tədbir keçirilib.
AzərTAC xəbər verir ki, Kolumbiyanın ölkəmizdəki səfiri Luis Antonio Dimate Kardenas çıxış edərək iki ölkə arasında mədəni əlaqələrin inkişafı baxımdan kitab sərgisinin əhəmiyyətindən söz açıb.
Səfir qeyd edib ki, sərgidə Kolumbiya da fəal iştirak edir. Burada dünyaca məşhur Qabriel Qarsia Markesin əsərləri, həmçinin Kolumbiya haqqında, turizmi, mətbəxi və s. haqqında olan kitablar sərgilənir.
Sonra Əməkdar artist Ağalar Bayramov Qabriel Qarsiya Markes haqqında məlumat verib. Bildirilib ki, 1927-ci il martın 6-da Arakatakada anadan olan kolumbiyalı yazıçı XX əsrin ən çox oxunan yazıçılarından biri, Latın Amerikası ədəbiyyatının ən orijinal nümayəndəsi kimi tanınır.
Bədii yaradıcılığa jurnalistikadan gəlmiş, ədəbiyyatda “magik realizm”in təmsilçisi hesab olunan Markes müxtəlif dillərə tərcümə olunmuş və dünya oxucusunun rəğbətini qazanmış çox sayda dəyərli nəsr nümunələrinin müəllifidir.
1961-ci ildə çap olunmuş ilk povesti uğurlu olmuş, altı ildən sonra isə Markes “Yüz ilin tənhalığı” romanını tamamlayıb. Yazıçı bu əsəri doqquz dəfə yenidən işləyib.
Yazıçı öz romanı haqqında deyirdi: “Mən “Yüz ilin tənhalığı” romanını yazarkən ən nikbin xəyallarımda belə ağlıma gətirməzdim ki, bir vaxt həmin əsəri milyon nüsxə tirajla çap etdirəcəyəm”.
“Nyu-York Tayms” qəzeti bu romanı bütün bəşəriyyətin oxumalı olduğu əsərlər sırasında “Varlıq kitabı”ndan sonra ikinci kitab adlandırıb. “Mistik realizm” janrının əsasını qoymuş Markes 1982-ci ildə ədəbiyyat üzrə Nobel mükafatı alıb.