Söhbət Rəsul Həmzətovdan gedir
Müslüm Maqomayevin “Durnalar” mahnısı var, musiqisi Yan Frenkelindir. On illərdir ki, şəhidlər barədə ən duyğusal mahnı hesab edilir. Mahnı ruhları durnalara dönən Böyük Vətən Müharibəsi şəhidləri barədədir. Həmin o mahnının sözlərini Sovet poeziyasının Konstantin Simonovla, Səməd Vurğunla birgə zirvəsini təşkil edən Dağıstan şairi Rəsul Həmzətov yazıb. Onu tarixə salan isə “Mənim Dağıstanım” əsəri ilə balaca vətənini bütün dünyaya tanıtması və sevdirməsi olub. “Ədəbiyyat və incəsənət” bu görkəmli şairi boş yerə xatırlamadı.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu il Dağıstanın Xalq şairi, nasir, tərcüməçi, publisist, ictimai xadim Rəsul Həmzətovun anadan olmasının 100 illiyi qeyd edilir. Təbii ki, Dağıstanda və Dağıstana sahib çıxmış Rusiyada. Bu gün şimal qonşumuzda “Rəsul Həmzətov İli”nin rəsmi açılışı olacaq. Və şairin yubileyi ilə bağlı tədbirlər çərçivəsində festivallar, konsertlər, sərgilər, səhnələşdirilmiş tamaşalar, elmi konfranslar və ədəbiyyat gecələri keçirilməsi nəzərdə tutulur.
2023-2025-ci illər üçün əməkdaşlığın əsas istiqamətlərinin inkişafına dair Tədbirlər Planına əsasən, Azərbaycanda da yubiley tədbirləri keçiriləcək. Bu da boşuna deyil. Rəsul Həmzətov Rusiya-Azərbaycan mədəni əlaqələrinin inkişafında böyük rol oynayıb. O yazırdı: “Mənim xalqımı Azərbaycanla bağlayan tellər çoxdur – tarix, mədəniyyət, ənənələr və məişət. Biz hamımız bir kökdən qaynaqlanmışıq. Hələ gənclik illərində mən Azərbaycana sevgi hissləri ilə dolu şeirlər yazmışam”.
Həmzətov Azərbaycana bir sıra şeirlər həsr edib. Azərbaycanın görkəmli şair və yazıçıları Nəbi Xəzri, Mirzə İbrahimov, Süleyman Rüstəm, Tofiq Bayram, İlyas Əfəndiyev və Səməd Vurğun Rəsul Həmzətovla dost olublar.
Rəsul Həmzətov poeziyası bütöv bir mədəni dövr təşkil edir. Onun onlarca kitabı dünyanın müxtəlif dillərində nəşr edilib. Böyük humanist olan bu şair öz yaradıcılığında həyata, dünyaya, insanlara sevgi hisslərini təbliğ edir, naqisliklərə qarşı barışmaz mövqe tuturdu.
Rəsul Həmzətov ədəbiyyat sahəsində görkəmli nailiyyətlərinə görə, bir sıra fəxri adlara və mükafatlara layiq görülüb. O, Dağıstanın Xalq şairi, Sosialist Əməyi Qəhrəmanı, Lenin Mükafatı laureatı, SSRİ və RFSR Dövlət Mükafatları laureatı olub.
Rəsul Həmzətovdan söz düşmüşkən, onun böyük Səməd Vurğunla bağlı bir əhvalatını da xatırlatmağın yeridir. Bir gün Səməd Vurğun Dağıstana dostu Rəsul Həmzətov ilə görüşməyə gedir. Məclis əsnasında S.Vurğunun xətrinə dəyirlər və şair dostundan incik halda geri qayıdır. Uzun müddət dostundan xəbər ala bilməyən R.Həmzətov onun incidiyini anlayır. Daha sonra şairdən üzr istəmək qərarına gəlir və bu məqsədlə Bakıya yollanır. Lakin təəssüf ki, onunla görüşə bilmir. Çünki Səməd Vurğun artıq ölüm yatağında idi. 1956-cı il mayın 27-də Səməd Vurğun vəfat edir. Bu küsülülük, əbədi ayrılıq Rəsul Həmzətovun qəlbində dərin iz qoyur və həmin iz bu gün hamımızın sevərək dinlədiyi “Əziz dost” mahnısının sözlərinə çevrilir. Qeyd edək ki, “Əziz dost” şeirinin tərcüməsi Tofiq Bayrama, mahnının musiqisi Qulu Əsgərova məxsusdur.
Əziz dostum məndən küsüb, incidi,
Ayrılıb yad kimi çıxdı evimdən.
Gəldiyi yolları ot basıb indi
O gedib qalmışam həsrətində mən.
Çaldığım o sazı gətirin mənə,
Görün ki, çalmaqda necə mahirəm.
Əlim dəyən kimi bircə telinə
Simlər haray çəkib qırılır o dəm.
Necə nəğmə qoşum necə dillənim,
Dost gedib özümə gələ bilmirəm.
Elə bil əllərim yox olub mənim,
Gözümün yaşını silə bilmirəm...
“Ədəbiyyat və incəsənət”
(01.03.2023)