“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün növbədə memur ədəbiyyatdır, Qərib Mehdinin “daxili monoloq” adlandırdığı memuarıdır.
NOSTALJİ
İŞIQDAN İŞIĞA
(daxili monoloq)
2022. İlin axırı yaxınlaşdıqca ədəbi bayramların sayı artır. Qarşıdan “Ulduz”
jurnalının 55, “Azərbaycan”ın isə 100 illik yubileyi gəlir. Hələlik daha bir böyük
bayramın – Azərbaycan yazıçılarının XIII qurultayının iştirakçısıyıq. Bu təntənə
oktyabrın 26-da baş tutdu. Fasilə zamanı təsadüf arzuladığım zərurəti
gerçəkləşdirdi – “Ulduz” jurnalının baş redaktorunun müavini, gözəl nasir, söz
istehsal edən qələminin vurğunu olduğum Təranə Vahidlə görüşdüm. İlk olaraq
əməkdaşı olduğu jurnalın nəşrə başlamasının 55 illiyi münasibətilə onu və onun
şəxsində başda baş redaktor Qulu Ağsəs olmaqla (dürüstlüyünə görə mən onu
“Sözünü tutan redaktor” adlandırıram) bütün yaradıcı heyəti təbrik etdim. Xanım
qız da xoş sözlərə əvəz olaraq təşəkkürünü bildirdi. Fürsət düşmüşkən, Təranənin
hekayələrini səciyyələndirməyə çalışdım. Sonra… Növbəti sözüm müsahibimi
təəccübləndirdi:
– Mən “Ulduz” jurnalının ilk sayında “İşıq” hekayəmlə yer almışam.
Bilmirəm, ilk sayda təmsil olunan müəlliflərdən həyatda kimlər var, kimlər yox.
Şükur edirəm Tanrıma ki, mən hələlik canlı şahid kimi ayaqdayam.
Təranə xanımın təəccübü həm də sevincə büründü:
– Nə gözəl!.. Eşitdiyim bu sözlərdən çox xoşhal oldum. Deməli, ilk təmsilçi
ayaq üstədir. Sizin təəssüratınız maraqlı olardı. Yazsaydınız, məmnuniyyətlə dərc
edərdik.
– Olar… Ancaq necə? Hansı formada?
Təranə kömək əlini uzatdı:
– Janrın dəxli yoxdur. Heç bu 55 illik vaxt kəsimi ərzində içinizdə, hərdən
özünüzlə danışırsınızmı? Adam özü ilə danışanda daha səmimi olur.
– Bəli, vaxtaşırı maraqlı hadisələrlə dolu o illəri nəzərimdən keçirirəm.
– Elə məlumu seçin, iç danışıqlarınızı daxili monoloq kimi yazın. Məncə, bu
seçim daha maraqlı olar.
Gənc yazıçının tövsiyəsi ürəyimdən xəbər verdi. Təklifi qəbul etdim və
daxili monoloqa başladım.
Hadisələr dünyasını dəyişəndə xatirəyə çevrilir. Ey Qərib Mehdi, qayıdaq,
qayıdaq 55 il əvvələ. O vaxta ki, sən “İşıq” adlı bir hekayə yazıb “Ədəbiyyat və
incəsənət” qəzetinə – nəsr şöbəsinin müdiri, görkəmli yazıçımız Sabir Əhmədliyə
göndərmişdin. Sən demə, həmin vaxt respublika ədəbi mühitində gənc istedadların
tribunası sayılacaq “Ulduz” adlı bir dərginin ilk nömrəsinin nəşrinə hazırlıq
görülürmüş. Fərqlərin sözü olduğu kimi, oxşarlıqların da əks istiqamətdə deyəcəyi
olur. Ad seçimi məqsədi hədəfləyir. Ulduz planet olmaqla bərabər, işıq mənasını
da (keçiləcək yolu işıqlandırmaq) özündə ehtiva edir.
Ey sadəlövh, romantik Qərib, qayğısına inandığın adamdan – Sabir
müəllimdən səs-səda çıxmaması səni üzürdü. Fikirləşirdin ki, yəqin, şöbə müdiri
hekayəni bəyənməyib. Yazının bətnində bir az avtoqraflıq (öz taleyin) vardı,
fikirlərin toqquşması nəticəsində dağılmış bir ailənin qarşılaşdığı ağrı-acıları təsvir
etmişdin. Çox istəyirdin ki, hekayən çap oluna, qarşı tərəf onu oxuya, bəlkə, insafa
gələ, yenidən qovuşmaya yol açıla. Axı ortada həm də iki tərəfi körpü kimi
birləşdirən, heç bir günahın daşıyıcısı olmayan uşaq taleyi dururdu.
Axırda bir maneə kimi qarşını kəsən səbri kənara itələyib Sabir müəllimə
zəng elədin, utana-utana gecikmənin və ya bəyənilməmənin səbəbini soruşdun.
Sabir Əhmədlidən dirçəliş ruhlu cavab aldın. O bildirdi: “Bu günlərdə gəncliyin
“Ulduz” adlı jurnalı nəşrə başlayacaq. İlk nömrəyə seçmə yazılar axtarırlar. Bu
barədə mənə də müraciət ediblər. Mən sənin “İşıq” hekayəni – çox bəyəndiyim
üçün – “Ulduz”a ötürməyi məsləhət bildim. İzlə, yeni dərginin ilk sayında “İşığ”ını
oxuyarsan. Elə “Ulduz” da işıq deməkdir”.
Gözlədin, bir azdan “Ulduz”un ilk mübarək sayı təbərrük kimi əldən-ələ gəzməyə başladı. Beləliklə, yazıçılıq taleyində “İşıq”dan işığa acılı-şirinli, enişli-yoxuşlu yol başladın.
“Ulduz”dan yol alan “İşıq” sonra çox məkanlara ayaq açdı. Sonra hekayə
əməkdar artist Lütfi Məmmədbəyovun rejissorluğu ilə səhnələşdirilib televiziya
ekranlarına çıxdı. Nümayişdən sonra “Ulduz”dan başlanan təsir cəmiyyətə də
sirayət etdi. Qərib Mehdi, sən bu uğurun sayəsində neçə-neçə dağılmış ailənin
yenidən qovuşmasının şahidi oldun.
“Ulduz” jurnalının ədəbi cameəyə təqdim etdiyi “İşıq” hekayəsi
mütəxəssislərin də diqqətini cəlb elədi. Xalq şairi Sabir Rüstəmxanlının “İşıq
həsrəti” resenziyası indiyədək yadından çıxmır. Bax bir jurnalın oxucu öhdəsinə
buraxdığı hekayənin cəmiyyətə təsiri budur.
“Ulduz” jurnalı öz səhifələrində müxtəlif ədəbi janrlara, müxtəlif fikirlərə
qapı açdığı kimi, tənqidə də yer verirdi. Hətta tənqid qərəzli, qeyri-real olanda da
çapa qadağa – veto qoyulmurdu. O şərtlə ki, hərə öz fikrinin məsuliyyətini
daşısın...
Sən nələri görməmisən, ey qoca Qərib?! Təbii təriflərin də, haqsız
tənqidlərin də çox şahidi olubsan. “Oxladı sinəmdən bir maral məni” Şifahi xalq
ədəbiyyatına söykənmiş bu gözəl misra Səməd Vurğun xəzinəsindəndir. Bununla
işin yoxdur. Bilirsən ki, sadəcə, maral sözü səni maraqlandırır. Klassik yazıçımız
Ə.Haqverdiyevin də “Marallarım” adlı mənfi məfkurəli tipləri var. 1973-cü ildə
“Gənclik” nəşriyyatı “Rast” povestini kitab halında oxucuların ixtiyarına verdi.
Ədəbi ictimaiyyət tərəfindən povestin maraqla qarşılandı. Bununla yanaşı,
Əbdürrəhim bəyin marallarından iki nəfər – filosof Şahnəzər Hüseynov və
ədəbiyyatşünas Aydın Hüseynzadə əvvəlcə kommunist məfkurəsinə xidmət edən “Azərbaycan kommunisti” dərgisində, sonra “Ulduz” jurnalında sənin mitilini
yaxşıca çırpdılar – daşını daş üstündə qoymadılar. Bəhanələri (bəlkə də, inancları)
o oldu ki, sən bu əsərinlə parlaq sovet həqiqətlərinə kölgə salıbsan. Bir müəllif
olaraq şərhçilərin yox, şərçilərin fikirləri ilə barışmadın. Bilsəydin ki bu yazılar bu
gün sənin üçün qızıl qiymətində olacaq, mütləq həmin mətnləri arxivinə alardın.
Əlbəttə, bu haqsızlıq səni yaraladı. Sonrakı yeni uğurlar köhnə yaranı sağaltdı.
Ey Qərib Mehdi, sənin qüsurların çoxdur. Bunların başında isə gündəlik
yazmamağın durur. Əgər yazmış olsaydın, keçmişdə baş verən hər bir hadisəni
yerli-yataqlı – tarixli qələmə alardın. Rəhmətlik Cabir Novruzun “Ulduz”da
redaktor, Məmməd Arazın məsul katib olduğu vaxtlarda “Əlifba kitabı” povestini
redaksiyaya təqdim etmişdin. Yazı haqqında müxtəlif fikirlər vardı. Hiss edirdin ki,
bu gedişlə povestini çap etməyəcəklər. Son sözü Məmməd Araz dedi: “Qərib, mən
Krıma dincəlməyə gedirəm. Sənin əlyazmalarını özümlə götürəcəyəm. Oxuyub son
sözümü deyərəm”. Təxminən, 7-8 gündən sonra Krımda dincələn Məmməd
Arazdan məktub aldın. Həyəcanla açıb oxudun. Sevincin sinənə sığmadı. Böyük və
xeyirxah şair povestini bəyənmişdi. Özü də necə!.. Çox keçmədən “Ulduz” sənin
povestini oxuculara çatdırdı.
"Əlifba kitabı" məktəb həyatından, pedaqoji aləmdən bəhs edirdi. Sən də
azacıq aşın duzu deyildin. Gərək gördüyünü, müşahidə etdiyini yazaydın?..
Yazdın, işlədiyin məktəbin direktorunun obrazını anti-pedaqoji əməllərlə məşğul
olan mənfi tip kimi qabartdın. Əsəri mütaliə edən direktor dərhal özünü tanıdı və
müxtəlif bəhanələrlə səni gözümçıxdıya saldı. Əslində, onun tərəfindən
cəzalanmağın bir müəllif olaraq sənin əsl mükafatın idi. Bu basqıya görə sən ona
minnətdar olmalıydın.
O vaxtlar vaxtaşırı yaradıcı gənclərin müşavirələrini təşkil edirdilər. Belə bir
müşavirənin biri də Zuğulbada – səfalı dəniz kənarında baş tutmuşdu. Gənc yazar
kimi sən də həmin müşavirənin iştirakçısıydın. Birdən nə baş verdi? Baş verən
hadisə o idi ki, Sumqayıtdan tanımadığın bir nəfər səni axtarırdı. Məəttəl
qalmışdın. Axı sənin Sumqayıtda tanıdığın bir kimsənə yox idi. Hansı səbəbdən
sən tanımadığın adam tərəfindən təkidlə axtarılırdın? Nəhayət, vasitəçilərin
köməyilə tapışdınız. Sən soruşdun: “Məni aramsız axtarmaqda xeyir ola?” O
cavab verdi: “Sizinlə – müəlliflə görüşməkdə məqsədim var. Mənə dedilər ki,
aradığım adam – siz buradasınız. Qəbul etdiyim qərarla sizi tanış etmək istəyirdim.
Şükür ki, tapışdıq. Mən Sumqayıtda məktəb direktoruyam. “Ulduz” jurnalının
növbəti sayında sizin “Əlifba kitabı” povestinizi maraqla oxudum. Bu əsər təlim-
tərbiyə işimizin həllini gözləyən vacib problemlərindən bəhs edir. İstədim ki,
burada qaldırılan məsələləri bütün pedaqoji kollektiv oxusun. Mütləq faydası
olacaq. Ona görə dərs hissə müdirinə tapşırıq verdim: “Ulduz”un dərc etdiyi “Əlifba kitabı”nı oxumayan müəllimi sinfə buraxmayın”.
Sən əsərinin reaksiyasından çox məmnun oldun. Əlbəttə, ilk növbədə bunun üçün “Ulduz” jurnalının yaradıcı kollektivinə minnətdarlıq hissi duydun. Və müsahibinə cavabın yarızarafat, yarıgerçək oldu: “Həmin göstəriş azca fərqlə mən işlədiyim məktəbdə də verilib. Sizdə əsəri oxumayanı, bizdə isə yazanı sinfə buraxmırlar”. Cavabının əvvəli gülüş, sonu düşündürücü təəssüf hissi doğurdu.
Ədəbi aləmdə fərqlənən istedadlı gəncləri ruhlandırmaq üçün “Ulduz”
jurnalı müxtəlif janrlara müraciət edirdi – hətta yoldaşlıq şarjlarına da. 20-ci illərin
sonundakı sayların birinə yeni görkəm verildi. Belə ki, bu sayda gənc şair Şəmşad
Rza və gənc yazıçı Qərib Mehdi, yəni sən iki sənət növünün – rəsmin və bədii
mətnin qovşağında təcəssüm olundunuz. Rəssam Ədalət sənin qələmini nizəyə
oxşatmışdı. Şair Hikmət Ziya sənin haqqında fikrini iki misrada belə
tamamlamışdı:
Qəribəm! Mənanı arama adda,
Qərib ki deyiləm ədəbiyyatda.
“Ulduz” jurnalı sənin yaradıcılığını oxuculara tanıtdırmaq işini sonralar da davam
etdirirdi. Bu dəfə onun mart (2014) sayında gənc tədqiqatçı Elmar Vüqarlının
“Yeni povestlərində Qərib Mehdinin zühuru” adlı maraq doğuran təhlili yazısı dərc
edilmişdi. Məqaləni redaksiya heyətinə və müəllifə minnətdarlıq hissilə oxudun.
Sən getdikcə yaşa dolurdun. “Ulduz” isə gənc istedadlara öz ədəbi xidmət
missiyasını davam etdirirdi. Hər bir yazar sözün, vaxtın məqamını bilməli, Mikayıl
Müşfiqin “Adamın üzündə həya gərəkdir” tövsiyəsini unutmamalıdır. Uzun
fasilələrlə geri çəkilir, yerini ədəbiyyata yeni qədəm qoyanlara verirdin. “Ulduz”un
qapısı sənin üzünə açıq olsa da, həya məsələsini unutmursan, yubiley məqamları
istisna olmaqla.
Bəli, 85 illik yubileyində çoxsaylı təbriklər aldın – Xalq yazıçısı,
Azərbaycan Yazıçılar Birliyinin sədri Anardan tutmuş, Azərbaycan Jurnalistlər
Birliyinin sədri Elçin Şıxlıya qədər. Bu təbriklərin hamısına “Canı Vətən
diləyirsə” kitabının ayrıca bir bölməsində yer ayırdın. “Ulduz”un özəl təbrikini
də unutmadın. Yeri gəlmişkən, sən o yığcam təbriki daxili monoloquna daxil
etməsən, insafsız olarsan.
“ULDUZ” JURNALININ ÖZƏL TƏBRİKİ
Qulu Ağsəsin baş redaktoru olduğu “Ulduz” jurnalı 6-cı sayında Qərib
Mehdinin “Gülgünün rəngli muncuqları” povestini oxuculara təqdim etmişdir. Söz
əvəzinə iş!.. Özəl təbrikdir, sağ olsunlar.
Daxili monoloqun sona yetməkdədir. Deyiləcək yekun sözün varsa, buyur.
Buyururam. İki 55 yan-yana durur. Sənin qələminin, “Ulduz”un isə doğum yaşı
55-dir. Bir azdan ölüm sənin qələmini istefaya göndərəcək. “Ulduz” isə işıqlı
gəncləri öz qoynuna ala-ala Azərbaycan ədəbiyyatına xidmətdə sonsuza qədər
yoluna davam edəcəkdir. Hələlik 55 yaşına mübarək deyirəm, “Ulduz” jurnalı!
Yolun həmişə işıqlı olsun”.
“Ədəbiyyat və incəsənət”
(28.02. 2023)