“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün növbədə nəsrdir, Maya İmranın “Şəhid eşqi” hekayəsini təqdim edirik.
Axşam saat 20:47...
Telefonumun mesaj zəngi bu dəfə qulağıma daha həyəcanlı gəlir:
“Uşaqlar, hazır olun. Bir neçə saata işə çağıra bilərik sizi. 50 şəhidimiz var.
Dəfnlər çəkilməlidir...”
Bir televiziya işçisi üçün cəbhədən gələn qara xəbər budur..
Ardınca mövzuya uyğun cavab mesajları yazılmağa başlayır:
– Aydındır...
– Baş üstə.
– Hazırıq.
Beş dəqiqə keçməmiş növbəti mesaj:
“Şəhid balamız Səbuhi Əhmədov sabah 09:30-da II Fəxri xiyabanda dəfn
olunacaq. Şəhidimizin bizdən başqa heç kimi yoxdur. Sabah onu son mənzilə
hamılıqla yola salaq, ilk dəfə yetimliyini hiss etməsin...”
***
Səhər hava tutqundu. Taksi sürücüsü əhvalsız, radio səmirsiz, gözə görünən hər
şey kədərli görkəm alıb.
Səbəb hər kəsə aydındır, amma heç kimin deyəcək sözü yoxdur. Sanki hər kəs
hönkürüb, haray qoparmaq üçün bir kəlməyə bənddir. Amma bu kəlməni deməyə
kimsənin “cürəti” çatmır. Şirkətin əsas dəhlizindəki böyük monitor “Şəhidlər ölməz, Vətən bölünməz” şüarını yayımlayır. Amma 2020-nin 44 günündən sonra sanki “Şəhidlərin ölməzliyi” belə onların yoxluğuna təsəlli ola bilmək gücünü itirmişdi.
Zənnimcə, o sehirli güc 44 günə güc-bəla ilə yetmişdi. Daha gənckən torpağa qarışan igidlərin yoxluğuna təsəlli ola biləcək söz, fikir yox idi. Ona görə görüb, oxuduğum bu fikir kədərimi zərrə qədər də azaltmadı.
***
– Hələ cənazə gətirilməyib axı. Bir saat əvvəldən niyə gedək?
– Tez getməyin ziyanı yoxdur. İzdihamda hərəkət etmək çətin olacaq.
Əvvəlcədən kameraya uyğun yer seçə bilək.
***
Bizi II Fəxri xiyabanın hündürboy, 30-35 yaşında mühafizəçisi qarşılayır.
– Xanım, hələ içəriyə girməyə icazə verilmir. Ziyarətçilər üçün qapılar yarım
saat sonra açılacaq. Zəhmət olmasa, səbirli olaq, gözləyək.
Gecədən bəri gördükləri, yaşadıqları alicənablığına xələl yetirməmişdi.
Kədərdən qaralmış kimi idi. Barmaqları arasında tüstüləyən siqaretin külü də xeyli
yığılmış, deyəsən, tüstüsünü ciyərinə çəkməyi də unutmuşdu. Dağınıq, kədərli, amma işindən dolayı deyəcəklərini, davranışını yerində edəcək qədər şüurlu idi. Sanki gün başlayandan Səbuhi Əhmədovun yad olan bacı-qardaşları ona yaxınlaşıb dəfn üçün xiyabana girməyə icazə istədikcə o, mənsub olduğu xalqın birliyindən güclənir, icazə vermədiyinə görə utanır, “Yox”u belə dərin təşəkkür hissinə qarışmış halda söyləyirdi.
Biz bu günlərdə kədərdən birləşən, güclənən xalq olduq. Biz elə bil bu günlərdə
öyrəndik tanımadıqlarımızla doğmalaşmağı, qucaqlaşmağı. Kədər doğmalaşdırırmış, pis gün yaxınlaşdırırmış..
...Və budur. Qapılar açılır, Səbuhinin tanımadığı doğmaları onu ilk və son dəfə
görmək üçün sıralanırlar. Zaman heç vaxt bu qədər ağır irəliməmişdi, saniyələr belə uzun çəkməmişdi. Ötən hər dəqiqə ürəyimin yağını çəkib aparırdı özü ilə. Qəhər zəli kimi boğazıma çökmüş, gözlərimdən axacaq hər damla yaşa qənim kəsilmişdi. İnsan ağlamadan, səssizcə fəryad edə bilərmi?! Bax onu yaşayırdım şəksiz-şübhəsiz!
Əlimdəki mikrofon gözümdə təyinatını itirmişdi, bura “iş səbəbilə” gəldiyimə görə
utanırdım hətta. Burda olmaq vicdan, şəhid sevgisi, onun ölümünə üzülmək, bu acını özündən olanlarla bölüşmək məqsədi daşımalıdır yalnız! Bəlkə, buna görə qapıdan birlikdə girdiyimiz operatorun harada olduğundan xəbərsiz idim.
Nə də olsa, bura niyə gəldiyimizi unutmadığına inandırdım özümü. Bizim
burda gördüklərimizi burda ola bilməyən daha neçə insana məhz biz çəkib göstərməli
idik.
***
“SOS Uşaq Kəndləri Azərbaycan” adından əklil gəldi. Uşaqlığını,
yeniyetməliyini yaşadığı bu “ev”dən Səbuhiyə son hədiyyə idi. Bəlkə də, həm də ilk.
Bilmirəm, elə uşaqlığı, o “ev”in divarlarına sığdırdığı kədəri, kimsəsizliyi də bundan daha “dəyərli” hədiyyə görmüşdümü?! Ruhuna zərrə qədər xoş gələ bilmişikmi Səbuhinin?! Qədərindən küskünlüyünü heç azalda bilmişikmi?! Bəlkə də, tanımadan küsmüşdür hər birimizdən. Bəlkə, istəyi, bizdən gözlədiyi başqa olub illərlə. Lap o gözü yolda qalan vaxtlarda. Müəlliminin dediyi kimi, “gözü pəncərəyə boylandığı illərdə” arzulamışdı bizi, bəlkə də. Birimizi, beşimizi heç olmasa. Bu qədər göz yaşı da yox, bəlkə, təbəssüm istəyibmiş o vaxtlarda. Daha asan olanı. Bu qədər sevgi də yox, lap kiçik bir toxunuş, sığal. Amma o zamanlarda! Ehtiyacı olanda!.. Bizim onu tanımadığımız vaxtlarda arzulaşmışdı bizi, bəlkə də! İndi – onun o sığalsız, o gülüşsüz, o sevgisiz böyüyüb, bərkiyib torpağa döndüyü zamanda istəyirmi yüzlərlə gözdən axan yaşı?! İstəyirmi onun saçına dəyməyib, indi torpağını qucaqlayan əlləri?!
***
– Çəkilin, qoyun mən anası kimi ağlayım onu! Qoyun mən onun anası olum bu
gün! – SOS-da ona analıq etmiş sarısaç, ortayaşlı qadın izdihamın içindən çətinliklə keçərək, özünü torpağa vurdu. “Gözəl balam” deyib fəryad edirdi qadın. Bayaqdan qərənfilə bürünmüş, nəm məzarın küncünə bükülmüş gənci qucaqlayıb, “Səbuhisiz nə edəcəksən sən?” deyə haray qoparırdı.
– Bax indi yetim qaldın sən! Sən bu günə qədər yetim deyildin, ay Sənan!
Mənasını itirmiş, donuq gözlər qərənfilə dikilmişdi. Heç bir məna kəsb
etmədən. Kim bilir, nələri xatırlayır, nələr düşünürdü?! Kim bilir, qardaşsızlığın,
yetimliyin dərinliyində necə çabalayırdı! Kürəyinə dəyən “möhkəm ol” yumruqları
yetimliyinin quyusuna atılan daş kimi silkələyirdi onu. Möhkəm dayanmışdı – soyuq, hərəkətsiz, hissiyyatsız, daxili qırıq-sökük olsa da, qamətini düz dayanmağa məcbur edərək. Bu gün anasını, atasını itirmişdi o həm də. Anasını istəyəndə qucaqladığı kürəyi, atasını istəyəndə tutduğu qardaş biləyini, kimsəsizliyinə yeganə həmdəm olan, doğma bildiyi yeganə adı bu gün torpağa verirdi... Torpaq üçün.
Səbuhi təbəssüm dolu baxışını əsirgəmirdi insanlardan. Hər kəs ağlayır, o isə
şəkildən gülümsəyirdi. Bəlkə, bir yaşından həsrətini çəkdiyi anasının gülüşü
qarşılamışdı onu oralarda. Qucaqlamış, doyunca sarılmışlar bir-birinə cənnətdə.
Anasının dizində yuxuya getmiş, sığalıyla yorğunluğunu unutmuşdu illərin. Hər kəs onsuzluğa ağlayır, o isə anası ilə görüşdüyünə uşaqtək sevinirdi orda. Bəlkə də...
***
Molla aramla surələri oxuyur, şəhidlərə Allahdan rəhmət, həyatda olanlara səbir
diləyir. Bu zaman kəsiyində qışqırıq, fəryad səsləri səngiyir, ürəklər, gözlər toxtaqlıq tapır. Gedişat sona çatmaq üzrədir. Molla işini yekunlaşdırır, bu yaraya yaxından- uzaqdan bağlılığı olmayan insanlar özünü öhdəsinə düşəni etmiş hesab edərək II Fəxri xiyabanı tərk edirdilər...
Günortadan keçmişdi... Torpaq üçün can verib torpağa qarışan igidlərin
sıralanan məzarları, gedişləri ilə yetim qoyduqları, bu dərdi bir ömür qaldıra
bilməyəcək, yoxluqlarını sonsuzadək unuda bilməyəcək sayılı insan qalmışdı yerlə
göy arasında – zamanın durduğu, həyatın dayandığı bu yerdə. II Fəxri xiyaban daha bir qonağının gəlişi ilə qürurlanır. Hələ də məzarın küncündən ayağa qalxa bilməyən kimsəsiz qardaş isə gözünü torpağa dönən qardaşından ayıra bilmirdi. Bəlkə də, ayağa qalxsa, yanına gedəcək kimsəsinin olmamasına görə. Bəlkə də, uzun-uzun düşünməsinin səbəbi həm də budur. Ayağa qalxıb hara getsin, kimə getsin?!
Kimsəsizliyin içində azmışdı qardaş...
***
Seyrəlir izdiham... Günəş bugünlük sağollaşır, həyat daha bir səhifəsini
vərəqləmək üzrədir. Daha bir gün keçmişə çevrilməyə hazırlaşır. Yarımçıq
hekayələrin, torpağa dönən arzuların təsirindən çıxmaq, yəqin ki, çox sabahlar tələb edəcək... Bir də gizli olub, gizli ölən eşqin vidasını unutmağı bacarmayacam.
Gedərkən tez-tez geri çevrilib Sənanı izləyirəm. Səbəbini bilmirəm – bəlkə,
nigaranam deyə, bəlkə, sadəcə, qardaşı ilə son dialoqunu görmək, dinləmək istəyirəm.
Sənan üzünü nəm torpağa söykəyib hönkürtü ilə ağlamağa başlayır. Saatlardır
göstərdiyi təmkin, səssizlik bədəlini ödəyir. Yumruqlarını torpağa çırparaq, üzü
səmaya qışqırır, göylər eşitməsə də. Bəlkə də, bu məzarlar da bezmişdi fəryad,
qışqırıq səsindən. Amma göylər hər zaman xəbərsizdir bu səs-küydən. Bəlkə, bu səs- küy göyün qulağına çatsaydı, səma da həmişəlik qaranlıq olardı.
Sənan qardaşı ilə uzun, hüznlü söhbətindən sonra üst-başını təmizləyib,
gözlərini silib, kimsəsizliyin, əbədi qaranlığının ilk gününə addımlayır ağır-ağır...
***
Səbuhi yenə təbəssümlə ətrafına boylanır. Bəlkə, hələ də gözlədiyi, görmək
istədiyi kimsə var.
Addımlarımı yavaşladıb, diqqətimi qara geyimli xanıma cəmləyirəm.
Ala-qaranlıq məzarlığın yeni sakininə – gül-çiçəyə bürünmüş, qərənfil qoxulu,
yaş torpaqlı məzara bir qız yaxınlaşır. Başında qara yaylıq, əlində qalın dəftərçə, iki qərənfil və təpədən-dırnağa sevgidən ibarət...
Pıçıltısını eşitməyə çalışmıram, son görüşlərinə mane olmaq istəmirəm. Sadəcə,
əbədi eşqi – şəhid eşqini izləmək, şəhidin eşqinə əbədiyyətdən olan etirafını eşitmək istəyimə qarşı gələ bilmirəm.
“Görüş” saatdan artıq çəkir... Hörükləri yaylığının altından çıxan xanım ara-sıra
onu alnına doğru çəkir, sanki xoşbəxtlik havasında uçuşmağa alışmış saçlarını bu
gündən qara yaylığa alışdırmağa çalışırdı. Sonra torpağı ovuclayıb, bir dəftərlik quyu düzəltdi. Gətirdiyi gündəliyi öpərək Səbuhiyə bağışladı. Ovuclayıb təpəcik düzəldiyi torpağı dəftərin üstünə səpməyə başladı. Torpağa qoydu, Səbuhi ilə bərabər əbədiyyətə qovuşdurdu sevgisini. Bu gün dəfn etdi Səbuhili günlərini, ilk sevgisini...
Səmada nazik ay görünür, uzaqdan azan səsi eşidilirdi..
“Ədəbiyyat və incəsənət”
(27.02. 2023)