SilkWay Beynəlxalq Ədəbiyyat Festivalının Azərbaycan turunun 32 finalçısının əsərlərindən ibarət Antologiya bu il “Azərkitab” Yayınlarında nəşr olunacaq. Festivalın rəsmi media dəstəkçisi olan “Ədəbiyyat və incəsənət” portalı antologiyaya daxil ediləcək əsərlərlə oxucularını tanış edir.
Ümid Nəccari
Ümid Nəccari 1989-cu il aprelin 15-də Təbriz şəhərində anadan olub. İlk təhsilini Təbriz şəhərində alıb. 2009-2013-cü illərdə İslam Azad Universitetinin Təbriz filialında Elektronika fakültəsində oxuyub. 2016-2020-ci illərdə isə Bakı Avrasiya Universitetinin Filologiya fakültəsində “Azərbaycan dili və ədəbiyyatı” ixtisası üzrə təhsil alıb.
Dövri mətbuatda tez-tez lirik şeirləri ilə görünür. 2022-ci ildə Avropanın məşhur Beynəlxalq IWA Bogdani Ədəbiyyat Birliyinin aktiv üzvü seçilib. Azərbaycan Yazıçılar Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvüdür.
Bermud üçbucağı
Üzünü soyuq səngərə qoyan yaralı əsgərəm bu axşam.
Mərmilərim sözdən...
Gözlərinin üzünü gözlərimə qoy!
Hamımız bir az yaralıyıq bu müharibədə.
Hamımız bir az sürgünük qürbət məmləkətimizdə...
Gözlərinin üzünü gözlərimə qoy!
Gözlərin Bermud üçbucağı
Gedənlər qayıtmır bir daha...
Soruşsalar deyərsən:
Qayıtmadı o şair!
Qar
Darıxdığım gecələrdə,
Tanrının əzbər bildiyi bir mahnıdır səsin
Yağır qar kimi bu şəhərə.
Eləcə səssiz...
Eləcə ağappaq...
Tragik poeziya
Məndən bir tikə uzaqlarda,
Qalıb yağış altında
Məndən gedənlərin biletlərində
"dönüş" yazılmır,
Külək ağacların kabusudur
soyuq gecələrdə.
Pəncərələrin röyasında üşüyür
bir qadının barmaq izləri.
Əlləri çinar yarpağına bənzər bir məhbus,
səsi işıq rəngindən olan birisi,
azadlıq naminə
bəlkə yazdı bu şeiri kamerasının divarına.
Bəlkə göyərçinin sinəsində doğdu bu yazı
Günəş yerinə.
Müharibədə o qızcığazın güllə yerinə
bəlkə ürəyinə sıxdılar bu şeiri...
"Bəlkə"lər ağrıdan bir quşdur arzular səmasında,
Uçur... Uçur... Puç olur.
Əllərimin keçmişi Yunan Tanrılarıdır
Unudulub,
basdırılıb tarix qəbiristanlığında
Gözlərim...
Gözlərim gömüldü sənin ucqar gözəlliyində.
Məni basdır tənhalığımla payızın rənglərinə.
Payızdır...
Yarpaqlar seçki bülletenidir,
Ağaclar səs verir ölümə.
Hərflərin məzarlığı
Öpdüm gecənin qaranlığını...
Keçdim səhərin günəş səhifəsinə.
Əlimdə yarpaqların yaşıllığı,
Əlimdə bahar fəsli...
Baxa-baxa kor dünyada gözlərimi axtarıram.
Kişilərin ayaqlarında ağrı,
Başında yaylıq əsir qadınların,
yaylıq,
əsir ölkənin bayrağı kimi
əsir...
Başımdakı şeirə uzanan əllər
Sabahın alatoran ətəyindən yapışır
Başımdakı şeirə uzanan əllər qandal içində
Qan-tər içində...
Nə vaxtdır güzgülər göstərmir şairləri,
Şairlər hərflərin məzarlığında yatır.
Burada qadınların saatı ilə qürub edir günəş,
Burada qaranlıqdan əsir külək...
“Ədəbiyyat və incəsənət”
(24.02.2023)