“Mənim qızıl balığım” – Qırğızıstanın Xalq yazıçısı Mar Bayciyevin hekayəsi Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün növbədə Tərcümə saatıdır, Məlahət Qənbərova Xalq yazıçısı, Qırğızıstan Respublikası Kino Akademiyasının akademiki, Manas Ordeni kavaleri Mar Bayciyevin hekayəsini təqdim edir.

 

Mar Taşim oğlu Bayciyev 23.03.1935-ci ildə Qırğızıstan SSR-in Cəlilabad şəhərində müəllim və yazıçı ailəsində anadan olub. Qırğızıstan Dövlət Universitetinin filologiya fakültəsini, Moskva Ali ssenari və kinorejissorluq kurslarını bitirib. “Qırğızfilm” kinostudiyasında redaktor, Qırğızıstan Respublikası

Mədəniyyət Nazirliyində baş redaktor, “Literaturnaya qazeta”nın xüsusi müxbiri vəzifələrində çalışıb. Bayciyev qırğız və rus dillərində yazır. Onun hekayə və povestləri bir çox dillərə tərcümə olunub, respublika və mərkəzi jurnallarda, ayrıca kitab şəklində çap olunub, pyesləri keçmiş SSRİ-nin yüzdən çox teatrının repertuarına daxil edilib, həmçinin Polşa, Almaniya, Çexiya, Rumıniya, Avstriya, Macarıstan, Finlandiya, İsveçrə, Kanada və başqa ölkələrin teatrlarında səhnəyə qoyulub. Onun ssenariləri əsasında müxtəlif kinostudiyalarda çəkilmiş filmlər dünya kinofestivallarında ali diplomlara layiq görülüb, kütləvi tamaşaçı sevgisi qazanıb.

Mar Bayciyev 29 oktyabr 2021-ci ildə 86 yaşında Bişkek şəhərində vəfat edib.

 

 

Mar BAYCİYEV

MƏNİM QIZIL BALIĞIM

 

Atamı müharibəyə aparmadılar. Onun ətrafdakı insanlara nə xeyri, nə də ziyanı dəyirdi. Hərdənbir içərdi, ancaq şuluq salmazdı, sakit olardı, məni tumarlayardı, zarafatlaşardı, hamı ilə razılaşardı, hamını dinləyərdi. Ancaq anam atamın içkili halını qəbul eləməzdi, onu küçəyə qovardı, atam çox vaxt naharsız qalardı. Evimizdə olan söz-söhbətdən heç kimin xəbəri yox idi: qapımızın cəftəsi bağlı, həyətdə də it. Atam öz bədbəxtliyini, iztirablarını ancaq yeganə köhnə dostu, içki yoldaşı Mirzəbəylə bölüşərdi. Anam evdə olmayanda onlar bizim anbarda içki məclisi təşkil edər, oturardılar. Mirzəbəyin dediyi sözlər qulağıma çatırdı: – Yadında saxla, arvadından qorxan ər kişi deyil... O yalnız müqəvvadır. Əgər mən sənin yerində olsaydım... Eh! Süz, sənin qoçaqlığının sağlığına içək... Bəlkə, gələn dəfəki davada özünü kişi kimi apardın. – Və o gülməyə başlayanda, atam da istehza ilə bığaltı qımışırdı.

Mirzəbəyin öyüd-nəsihətlərinin bir faydası yox idi: anam evdə atamı lənətləyərək, mənə şillə-şapalaq vuraraq hökmranlıq etməyə davam edirdi. Mən indi başa düşürəm ki, anam həmişə gördüyüm kimi olmayıb, ağır müharibə illərinin ehtiyacı onu amansızlaşdırıb.

Ancaq mənimlə bir parta arxasında əyləşən balaca, arıq qızcığaz Zayranı görəndə bütün bunları unudurdum. Zayranın atası haradasa, Volqada döyüşürdü, anası gözlənilmədən taygöz satıcı Maamıta ərə gedib Qazaxıstana köçmüşdü. Zayra isə ögey atası ilə yaşamaqdan qəti surətdə imtina edərək nənəsi ilə qalmışdı.

Mən hər gün süd almağa getməliydim. Anam məni hara göndərsə də, ayaqlarım məni mütləq bizim küçənin lap axırında yerləşən Zayranın evinə tərəf aparırdı. Aalkan nənə inəyi sağana kimi mən Zayra ilə müxtəlif mövzularda söhbət edirdim. Mən geriyə, evimizə xoşbəxt biri kimi qayıdırdım... Axşamlar isə, bütün evlərdə torpaq peçləri yandırılan zaman, istənilən tapşırıqdan boyun qaçırmağa çalışırdım: Zayranı gözləyirdim. O, bir dəfə kibritin tapılmayan vaxtında, qonşu evlərin yanından ötüb kibrit üçün bizə gəlmişdi. Cəmi bircə dəfə gəlmişdi, ancaq mən onu hər zaman gözləyirdim.

Zayra məndən kiçik idi: mən yeddinci sinifdə oxuyanda, o, altıncı sinifdə idi. Hər iki sinfə eyni otaqda bir müəllimə dərs keçirdi. Deyəsən, belə tədris üsulunu “cırtdan” adlandırırdılar. Yuxarı siniflər ayrı-ayrı oxuyurdular. Mən və Zayra orta məktəbi bitirdikdən sonra pedaqoji instituta daxil olmağı arzulayırdıq. Ancaq mən hər zaman düşünürdüm ki, səkkizinci sinifdən sonra biz yalnız tənəffüslərdə görüşə bilərik. Zaman keçdikcə ikinci il də yeddinci sinifdə qalmaq qərarına gəldim.

Heç kim, əlbəttə, o cümlədən də Zayra, qış tətilindən sonra dərsə gecikməyimi, bəzən heç getməməyimi, ev tapşırıqlarını yerinə yetirməməyimi, yoxlama işlərində kobud səhvlər buraxmağımı başa düşmürdü. Müəllimə hər dəfə mənə iki yazanda heyrətlənirdi. Məni direktorun yanına çağırdılar. O, məni düz yola qaytarmağa cəhd edirdi, valideynlərimə şikayət etdi, dəfələrlə kötək yedim. Heç nə kömək etmədi – mən inadla öz yolumla gedirdim və nəhayət, istəyimə çatdım – məni ikinci ilə saxladılar.

Yay gəldi...

Bizim aulumuz çox mənzərəli yerdə yerləşir. Torpağı münbit, məhsuldar, bərəkətlidir, yeganə çatışmazlıq suyun olmamasıdır. Aulun bir başqa tərəfindən böyük arx keçir, ancaq yayda, əkinləri sulayıb qurtarmamış quruyur. Əlbəttə, indi Su Elektrik Stansiyası tikiblər, kanal da çəkiblər, ancaq əvvəllər su problem idi. Qışda qar suyu içirdilər, o biri fəsillərdə də vedrələrlə çaya getməli olurdular. Daş cığırla iki-üç kilometr getmək çox çətin idi. Ona görə də evdə vedrələrin cingiltisini eşidən kimi əkilirdim. Anam isə təəccüblənirdi:

– Əcəb işdir, bu qara şeytan hara yoxa çıxdı? Bir dəqiqə bundan əvvəl burada veyillənirdi. Lənətə gəlmiş, elə bil suyun dibinə getdi!

Əgər məni qəfildən tutsaydılar, bacardığım kimi aradan çıxırdım: belimdən və ayağımın burxulmağından şikayət edirdim, qarnımı tuturdum... atam işə qarışana kimi. Bəzən də tamamilə başqa cür olurdu. Zayranın vedrələri iki böyük yumru fincana bənzəyirdi. O, vedrələrlə yolda görünən kimi mən yel kimi çaparaq evə gedirdim.

– Ana, su gətirim?

– Nə? Gün hansı tərəfdən çıxıb?

– Ana, qoy gedim su gətirim.... Axı su artıqlıq eləməyəcək.

– Dünən səni qayışla döyə-döyə güclə çaya göndərmişəm, bu gün xeyir ola?

Deyəsən, sənin dərmanın qayışdır. Hələ ki suyumuz var, axşam gətirərsən.

Mən deyilənləri qulaqardına vururam. Bir göz qırpımında suyu qazanlara boşaldıb, vedrələri götürürəm. Anam çaşqın vəziyyətda ardımca baxır. Ayaqyalın, yerdən toz qaldıraraq Zayranın ardınca qaçıram.

– Zayra, sən hara gedirsən? – getdiyi yeri bilsəm də, soruşuram.

– Su gətirməyə. Bəs sən?

– Mən də... anam paltar yuyur. Gəl birlikdə gedək, yaxşı?

– Yaxşı.

Çaya tərəf gedirik. Burada çığırtılar, bağırtılar, şən qəhqəhələr ətrafa yayılır: Bizim həmyaşıdlarımız Djerqalanda çimirdilər. Zayranı da ora çağırdım, ancaq o gülümsəyərək başını yırğaladı:

– Yox...

– Bu qızlar çox qəribədirlər! Əvvəllər, ibtidai sinifdə oxuyanda mən Zayra ilə birlikdə çimirdim, hətta oyun da oynayırdıq. İndi o çox dəyişilib. Nə oyun oynamaq, başqalarının yanında mənimlə heç kəlmə də kəsmir. Görəsən, utanır?

Həm də təkcə məndən və mənim yoldaşlarımdan deyil, deyəsən, elə hamıdan utanır. Başa düşə bilmirəm... Mən heyifslənirəm, çimmək heç də pis olmazdı. Biz dağın döşünə qalxan zaman, uzanan tikanlar bizi uşaqlardan gizlədəndə Zayra üç dənə sədəf rəngli böyük düyməsi olan yaşıl, məxmər jiletini çıxardıb çiyin ağacının altına qoyardı. Onun qısa, qara saçları tökülən çiyinləri balaca idi.

– Yoruldun, hə?

– Yox, yox... mən elə-belə... – O gülümsəməyə çalışır.

Mən onun hər iki vedrəsini götürürəm.

– Ver özüm aparım, görən olar, – Zayra narahat olur. Mən tabe oluram. Qızın vedrələrini daşıdığımı kiminsə görməsini mən də istəmirəm. Yoldan keçənlər uzaqlaşan kimi mən yenidən onun çiyin ağacını götürürəm. Zayra həmişə bir az qabaqda gedir, dik yoxuşlarda incə, qarabuğdayı əlini mənə tərəf uzadır. Ancaq o, bir neçə addımdan sonra barmaqlarını dartır. Mən Zayranın kiçik qızıl balıqlar kimi titrəyən, əsən kiçicik sırğalarına tamaşa edirdim. Sadə, rəngbərəng şüşələrdən olan sırğalar mənə qiymətli görünürdü. Mən onun boynunun ardındakı yumşaq saçlarına toxunmaq istərdim.

Payız gəldi. Zəmilərdə biçin bu günlərdə qurtarıb. Bu gün səhərdən havanın çox isti keçməsinə baxmayaraq, çayın ətrafı boşdur. Mən Zayra ilə birlikdə

Djerqalanda yubandım; suya xırda daşları atdıq, sahilə tərəf üzən balıqları tutmağa çalışdıq. Gözlənilmədən üfüqün kənarı işıldadı, şəfəq saçdı – elə bil səmanı odlu-alovlu qamçı ilə şallaqladılar. Biz hər ikimiz diksindik – bu ilin axırıncı tufanı bizi qəfildən haqladı.

– Aha, qorxdun? – mən gülməyə başladım, ancaq sonrakı gurultu az qala mənim də qulağımı batırdı. Bənizi qaçan Zayra başını yırğalayıb üstümə atıldı.

– Mən hələ belə göy gurultusu eşitməmişəm...

– Eybi yoxdur, – mən lovğa-lovğa, inamla dedim – sən belələrini hələ çox görəcəksən...

O! Əgər mən həmin dəqiqə bilsəydim ki, Zayra bundan sonra heç vaxt nə səmada bükülən odlu ilanları, nə boz-qara buludlar arasındakı böyük boşluqda günəşin görünməsini, nə böyük parıldayan qığılcımların köpüklənən Djerqalanda işıqlanacağını, nə də payızın qızılı rənginə boyanan dağətəyi yerlərin büllur kimi9 silsilə ilə uzanan, nəhəng, gurultulu səmaya hiss olunmayacaq dərəcədə qovuşan

İssık Gölə tərəf sürüşəcəyini görməyəcək. Bəli, əgər mən bilsəydim...

Biz altında mağara olan böyük qayaya tərəf qaçdıq. Kolxozçuların qum götürdükləri kahada yağışdan gizlənmək olardı. Dəvənin göz yaşları kimi ağır damcılar artıq cığırda toz qaldırırdılar. Cığır isə canlı ilan kimi buruluraq getdikcə uzanırdı. Leysan yağdı, şimşək çaxdı və fırlanan su axınlarında qırılan ildırım çox qorxunc, ürpədici göründü. Dolu vedrələr bizə mane olurdu, Zayra ilə mən təpədən-dırnağadək islandıq. Mən mağaraya girən kimi köynəyimi çıxardıb sıxdım.

– Zayra, soyuqlayarsan, paltarını qurula. – Ancaq Zayra qəribə təbəssümlə gülümsəyərək səssizcə divara söykəndi.

– Soyuqdur, xəstələnərsən, – mən təkid elədim.

– Eybi yoxdur, – o yenə də gülümsəyərək alt dodağını dişlədi.

Onun yaş, azca buruq saçları boynuna, alnına dağılmışdı, göy güllü nazik paltarı bədəninə yapışaraq zərif bədən quruluşunu nəzərə çarpdırırdı. Zayra ağır nəfəs alırdı, mən özümdən asılı olmayaraq onun sinəsinin necə qalxmağına diqqət yetirdim... Elə həmin andaca mən hər şeyi başa düşdüm. Möcüzə baş vermişdi: mənim qarşımda yetkin bir qız dayanmışdı... Bu qız, bu yaxınlaracan bizimlə, oğlanlarla oynayan Zayra idi.

Mənə elə gəldi ki, uşaqlığımız elə bu dəqiqə bitdi, bu dəqiqədən etibarən nə isə fərqli bir şey başladı, təzə, həyəcanlı, qeyri-adi... Məni təəccüblü, eyni zamanda anlaşılmaz sevinc hissi bürüdü. Axmaq kimi dayanıb ona baxırdım. O zaman niyə sevinirdim? Bəlkə də, Zayranın böyüdüyünə, bəlkə də, mənim özümü artıq balaca oğlan deyil, müstəqil gənc kimi hiss edə biləcəyimə görə. Bilmirəm...

Görünür, mənim baxışlarımda nə isə Zayranı utandırırdı, o qızarıb utancaqlıqla əlləri ilə sinəsini örtürdü.

– Evə gedək... – o dedi.

Mən onun nazik çiyinlərinə özümün yaş köynəyimi salıb mağaranın irişində olan vedrələrə çəpəki nəzər saldım. Onların içinə divardan qəhvəyi rəngli maye gil tökülürdü və yavaş-yavaş səhər dumanı kimi şəffaf suda əriyirdi.

– Bura bax, – başım ilə vedrələrə işarə elədim.

– Gəl vedrələri boşaldaq...

– Necə yəni boşaldaq? Axı evdə su gözləyirlər. Onda bizim Djerqalanda nə işimiz var idi?

– Su lazım deyil, – o yavaşcadan dedi və çevrilib başını əyərək mağaranın divarından xırda daşları qopartmağa başladı. Onun kiçik sırğaları qızıl balıqlar kimi titrəməyə başladı. Mənim yadıma düşdü ki, bu gün bizdə də ehtiyac olduğundan çox su var. Mənə elə gəldi ki, Zayra ürəyimin döyüntülərini hiss edir.

O, birdən üzünü mənə tərəf çevirib anlaşılmaz bir tərzdə baxaraq çıxışa tərəf yaxınlaşdı və ovcunda yerləşən daşları yağışın altına qoydu.

– Bura bax! – Yağış damcıları xırda daşların üzərinə yağaraq onların üzərindəki palçığı yuyub təmizləyirdi: tap, tap, tap...

– Zayra, sən üşüyürsən? – xırıltılı səslə soruşdum.

– Xeyr, – bütün bədəninin titrəməsinə baxmayaraq, o cavab verdi.

Bizim baxışlarımız toqquşdu.

– Zayra...

– Turusbəy...

– Onun yaş saçları mənim yanaqlarıma toxundu. Elə bil ki, məni iri qanadların üzərində sürətlə əsrarəngiz nağıllar aləminə götürüb apardılar, ətrafda isə ildırım sevinclə rəqs edir və şimşək artıq göy gurultusu deyil, ancaq yerin və göyün bütün sirlərini bilən boz saqqallıların xorudur.

Leysan şırıltı ilə torpağa tökülürdü. Qəhvəyi axınlar yamaclar boyu axırdı.

Mağaranın qarşısında böyük gölməçə əmələ gəlmişdi. Biz dayanıb suyun üzərində əmələ gələn və elə həmin andaca yox olan qabarcıqlara tamaşa edirdik.

– Ehey! – haradansa yuxarıdan səs eşidildi və yağışın şırıltısında itdi.

Zayra öz əllərini ehtiyatla çıxartdı:

– Bizi axtarırlar...

Mən səmadan yerə endim. Zayra vedrələrə tərəf qaçıb onları çevirdi və biz əl-ələ tutub yuxarıya qaçdıq. Ayaqlarımız gilə yapışırdı, bulanıq sular yuxarıdan üzüaşağı axırdı. Biz dağda əyri köndələn yağışın arasından bir neçə atlını gördük.

– Tərbiyəsiz şeytanlar! – onlardan biri hirslə bizi söyməyə başladı. – Biz hamımız sizin ikinizin də çayda batdığını düşünürdük! Tez olun, evə gedin!

Biz aulacan qaçdıq, sonra hərə öz evinə tərəf yüyürdü. Evdə məni qulaqburması gözləyirdi. Ancaq heç nə mənim vecimə deyildi. Mənim fikrim Djerqalandakı soyuq mağaranın yanında dolaşırdı. Yox, bu gecə yuxuya getmək mümkün olmayacaq! Mən dan yeri ağaranda atamın velvet gödəkcəsini üstümə atıb qaranlıqda qapını əlimlə axtarıb tapdım. Göy üzünə parlaq ulduzlar səpilmişdi.

Mən üzümü səmaya tutub dayandım. Ulduzlar biri-birinin ardınca sönməyə başladılar. Ancaq Çolpan, axşamkı yağışda yuyulub təmizlənmiş səhərin ulduzu getdikcə daha da parlaq, sevincli görünürdü. O, elə bil mənə bic-bic, həyəcanla gülümsəyirdi. Eynən Zayra kimi. Mənim Zayram kimi.

Hər tərəfi əsrarəngiz bir sükut bürümüşdü. Sübh tezdən hava təmiz, yüngül idi. Havadan torpağın, əkin yerlərindən yovşan ətirli çöl güllərinin ətri gəlirdi.

Yadıma gəlmir, deyəsən, o vaxt mən dünyanın hər yerində belə bir sakit, aydın səmanın olmadığını, haralardasa müharibə olduğunu, mərmilərin guruldadığını, güllələrin atıldığını, insanların öldüklərini, şikəst olduqlarını başa düşmürdüm anlamırdım. Yadıma gəlmir, ancaq mənim ürəyim yaşamaq, arzulamaq, özünü dərk eləməyin xoşbəxtliyi, günəş çıxan kimi aulun kənarındakı daxmaya gedəndə sevgilimin mənalı, mehriban gözlərilə, cingiltili gülüşü ilə məni qarşılayacaq anın xöşbəxtliyi ilə doludur... Həyat gözəldir! Bax odur, mənim ulduzum, mənim taleyim – o, çox yaxındadır, əlini uzatsan, ona çatarsan... Mən ancaq indi hiss etdim ki, həyətdəki itimiz özünün yaş, isti dili ilə ovcumun içini yalayır.

– Çıx get! – əllərimi gödəkcəyə silib itə təpik vurmaq istədim, sonra birdən başını sığallayıb, köpəyin gözlərinə baxdım. İt gülümsədi.

– Sən niyə erkəndən durub gəzirsən? Yəqin ki, kolxoz əriyindən həddindən artıq çox yemisən, ona görə də qaçırsan – anamın arxamca deyindiyini eşitdim.

Anam həmişə tezdən durardı. Mən səhərin belə tez açılmağını təsəvvür eləmirdim.

– İşin-gücün yoxdur, avara, çirkli itlə oynayırsan, bağla onu!

Sabah paltar yuyacağam, mənə çoxlu su gətirməlisən! Atı yəhərlə, atan bazara gedəcək! – O, evə qayıdıb bir gün əvvəl Mirzəbəylə içib yerində fırlanan, yük maşını kimi xoruldayan ərini oyatmağa çalışdı.

Mən yəhəri çıxartdım, bizim arıq, sümükləri çıxan yabını yoxlayana kimi

Mirzəbəy də gəlib çıxdı.

– Salaməleyküm, igid. Sənin zəhmli atan oyandı? Bu gün bazar günüdür, tələsmək lazımdır, əgər geciksək, – arvadı ona qulaqburması verəcək... ha, ha, ha...

– Mirzəbəy xırıltılı səslə danışıb evə girdi.

– Başa düşdün? – anam dönə-dönə soruşdu. – Bir qutu çay, bir kilo duz və sabun alarsan. Ən əsası – sabun. İki aydır ki, paltar yumuram. Bax ha, qazandığını içkiyə vermə, özün bilirsən, satmağa başqa heç nəyimiz yoxdur...

– Narahat olma, mən onunla gedirəm, – Mirzəbəy onu sakitləşdirdi.

– Elə iş də orasındadır ki, sən onunla gedirsən, – anam dodaqaltı mızıldandı.

O illərdə çay, sabun, qənd, duz və kerosin çətin tapılırdı və qiymətləri də

baha idi. Çay əvəzinə qaralanadək qızardılan yerkökünü dəmləyirdilər, erosinin yerinə hər an lampanı partlada bilən hansısa bir qarışığı yandırırdılar,  apqara paltar sabununun bir tikəsi otuz dənə toyuq yumurtası qiymətinə idi.

Səhər çayından sonra atam keçinin qıvrım dərisini, bir azda xırda-mırda götürüb, Mirzəbəylə birlikdə şəhərə yollandı. Anam onların arxasınca deyinirdi.

Mən anamla birlikdə təzəkləri yapmağa başladım, axşamdan isladılan peyini vedrələrdə gətirirdim, anam isə yaşıl-qəhvəyi yumruları yumrulayıb divara yapırdı.

Mən bu xoşagəlməz işi tez bitirib Zayranın yaşadığı yerə – kəndin kənarına qaçmaq istəyirdim. Ancaq zirək, diribaş olan anam elə bil ki, mənim acığıma ağır-ağır işləyirdi, gah yaylığını düzəldirdi, gah da dəqiqəbaşı aşağı düşüb işləməyə mane olan paltarının qollarını çirmələməyimi məndən xahiş edirdi. Mən itaətkarcasına anamın paltarının qollarını çirmələyirdim, ya da dişlərimi sıxaraq dolu vedrələr ilə dayanıb gözləyirdim.

Aradabir Zayranın evinə tərəf nəzər yetirirdim, ancaq küçə bomboş idi. Birdən küçənin lap axırında beli donqarlaşmış qozbel bir qarı göründü. Əl ağacına söykənərək yeriyən Zayranın nənəsi idi. Mən həmin dəqiqə onu tanıdım. O, arada dayanıb günəşə nəzər yetirərək, hündürdən hürə-hürə onu müşayiət edən itləri əl ağacı ilə qovaraq yavaş-yavaş yeriyirdi.

– Allah köməyiniz olsun, qızım, – o yanımıza çatanda salamlaşdı. – Sənin ərin evdədir?

– Xeyr, nə olub ki?

– Mənim nəvəm dünən leysan yağışa düşüb, – Qoca qırışmış dodaqlarını çeynəyirdi. – Bütün gecəni öskürüb... indi də qızdırmadan yanır. – Aalkan yaşaran gözlərini və arıq saralan yanaqlarını paltarının qolları ilə sildi.

– Yaxşı, ana, şəhərdən gələn kimi baş çəkər, – deyib anam laqeydliklə işinə davam etdi.

Mən qorxdum. Zayra xəstələnib. Elə bu saniyə onu görüb, kefini xəbər almaq lazımdır. Bəlkə, onun xəstəliyi ciddidir? Atam ona necə kömək edə bilər, baxmayaraq ki, aulda hamı ona hörmət edir, ara həkimi kimi tanıyırlar. Mən xəstə insanların mütləq qaydada mənim atamın məsləhətlərini yerinə yetirdiklərinin şahidi olmuşam: su içməyi əmr edir – su içirlər, deyirsə, yağ iç – yağ içirlər. Hamı ona inanırdı. Elə mən özüm də ona inanıram, müqəddəs su ilə dişlərimi müalicə eləyib.

Hava qaralana qədər küçəyə çıxa bilmədim: anam səbirsizliklə atamın dönüşünü gözləyərkən əsəbiləşirdi və hirsini mənə tökürdü. Ancaq axşam yeməyindən əvvəl imkan tapıb aradan çıxdım. Lakin Zayranın evi qaranlıq və sakit idi. Mən onun pəncərəsinin altında bir xeyli dayandım, əlim öz-özünə qalxdı – taqqıldatmaq üçün, ancaq mən özümü ələ aldım. Əvvəlki vaxt olsaydı, taqqıldadardım, burada nə var ki? Hətta dünən yox, srağagün də taqqıldadardım, amma bu gün bacarmadım. Mən onu görmədən geri qayıtdım.

Sahahısı gün daha da gərgin oldu. Atam gəlmədiyi üçün anam hirslənib özündən çıxmışdı. Mən bir neçə dəfə Zayragilin evinə yaxınlaşdım, hətta onun zəif səsini də eşitdim, ancaq içəri keçməyə cürət etmədim: evdə kimlərsə var idi, lağa qoyulacağımdan qorxdum. İndiyə kimi bu axmaq qorxaqlığımı özümə bağışlaya bilmirəm. Aalkan nənə isə ikinci dəfə bizə gəldi.

O yoxdur, – anam yorğuncasına dedi. – Başına nə iş gəldiyini ağlıma gətirə bilmirəm.

Axşama doğru atam Mirzəbəynən gəldi. Onlar tamamilə sərxoş idilər, mənasız tərzdə gülüşürdülər, oxumağa çalışırdılar. Atam darvazanın yanında kartof kisəsi kimi yəhərdən düşdü, Mirzəbəy onun başının altına papağını qoyub özünə tərəf çəkdi. Atam o dəqiqə xoruldamağa başladı.

– Qoy elə burada canı çıxsın! – anam qəzəblə qışqırdı. – Onu evə aparmağı heç ağlına gətirmə! Qoy səhər açılsın, mən ona bazarı göstərərəm!

Anam ağladı.

Anamın öz acı taleyindən rəfiqəsinə şikayətə getməyindən istifadə edərək mən atamı sürüyüb evə apardım və ayağındakı uzunboğaz çəkmələri çıxartdım.

– Rədd ol buradan, lənətə gəlmiş! – bu səs məni günəş doğmamışdan əvvəl yuxudan oyandırdı. – Sənin başqaları kimi müharibədə ölməyin yaxşı idi. Nə üçün

Allah öz dərgahına ancaq yaxşı insanları aparır? İtil, yoxsa saqqalsız qalarsan! – anam şişkin atamın yaxalığından tutub silkələdi.

– Əl çək, açıl yaxamdan. Mən sənə nə eləmişəm? – atam kədərli, qaşqabaqlı halda dartındı.

Hələ bir soruşursan da?! A!A! Dünənki pullar haradadır? Duz haradadır?

Sabun haradadır? Sabun haradadır, əyyaş, cavab ver, hanı sabun?

– Nə sabun?

– Sənin Mirzəbəylə içdiyin sabun!

– Biz sabun içməmişik...

– Boğazınızda qalaydı. Bəs onda haradadır?

– Sabun Mirzəbəydə qalıb, – atam tərəddüdlə dedi. – Bax belə bir tikə.

– Çıx get! Əgər mənim üçün sabun tapmasan, səni evə buraxacağıma ümid eləmə. Sən də əyyaş atanla çıx get, yaramaz! – anam mənim üstümə cumdu. Biz sakitcə həyətə çıxdıq. “Yaxşı, mən uşağam – pərt oldum, düşündüm, – bəs atam nə üçün ondan qorxur? Gərək yaxşıca bir şillə vuraydı!” Mirzəbəy atam kimi şişkin halda, alnında yaş dəsmal çay içirdi. Onun özündən xeyli cavan, bic, diribaş, fərasətli arvadı sakitcə çay süzürdü və atamla mənə piyalələri uzatdı.

– Səhər tezdən köhnə dostunuzu əyləndirmək istəyirsiz? – Mirzəbəy xırıltılı səslə danışaraq atama göz vurdu. – Xeyir ola, Moke?

Atam zarafatlıq deyildi. O, dərindən ah çəkdi...

– Allah bizi cəzalandırdı... “Sabun istəyir, sabunsuz gözə görünmə, deyir...”

Bəlkə, nə isə fikirləşəsən? Axı sən mənim arvadımın xasiyyətinə bələdsən.

– Hə... axı nə fikirləşmək olar? – Qaynar çayı özünə tərəf çəkdi, – deyirsən sabun tələb eləyir?

– Əgər tapsanız da, baha başa gələcək, – qabları yığışdıran Mirzəbəyin arvadı dilucu dedi.

Yenə səssizlik çökdü. Elə bu vaxt qonşunun qızı gəldi.

– Moke dayı, Aalkan nənə onlara dəyməyinizi xahiş eləyir. Zayra xəstələnib.

Qızdırması var, onu müalicə edin.

– Sabah, sabah. İndi vaxtı deyil, – bizim başımız bəladadır, – atam əllərini tərpətdi.

Mən heyrətləndim. Atam Zayranın, mənim Zayramın halı pis olan vaxtda belə danışa bilməz. Məni az qala ağlamaq tutdu. Atamı necə yola gətirəcəyimi bilmirdim. Elə bu zaman Mirzəbəy yerindən sıçradı:

– Ay, ay, Moke, bir dur! Heç bir bəla yoxdur. Sən bir bura bax! – o, atamın qulağına nə isə pıçıldadı. Atam qızarmış gözlərini bərəldərək qulaq asırdı; sonra, deyəsən, başa düşdü, gülümsəyərək Mirzəbəyin çiynindən vurdu.

– Qocaya de ki, bu saat gələcək, sən isə, – o mənə müraciət elədi, – get öz anana de ki, sabun olacaq.

– Olar ki, mən də səninlə ora gedim? – mən soruşdum.

– Lazım deyil. Xəstələrin necə müalicə olunduğunu görməmisən? Get!

Mən qulaq asmalı oldum.

Ancaq anamı sabunun olacağına inandıra bilmədim; o, məni evə buraxmadı, darvazanın arxasında oturmalı oldum. Doğrudur, bu çox uzun çəkmədi. Bir azdan atam göründü. Onun əlində yapışqan kimi qara sabunun ağır bir tikəsi var idi. Mən uyğun bir zamanda Zayranın halını xəbər aldım. Atam nə isə dodaqaltı danışıb öskürməyə başladı.

Djerqalandan on dörd vedrə su gətirdim, ürəyimin, yoxsa çiyinlərimin daha çox sızıldadığını deyə bilməzdim. Mən hər dəfə mağaranın yanından keçəndə su qabarcıqlarının düşdüyü gölməçəni görürdüm, indi o xeyli balacalaşıb, durğundur, sanki öz üzümdə yaş saçların toxunuşunu hiss edirdim, titrəyən qızıl balıqları görürdüm. Oy, kaş ki bu lənətə gəlmiş paltaryuma mərasimi tez başa çataydı, axşam düşəydi, mən gedib Zayranın evinin pəncərəsindən baxa biləydim! Anam ağları asmağa macal tapmamış çaparaq kəndin kənarına getdim. Nəyin bahasına olursa-olsun, Zayranı görməliydim! Mən götür-qoy eləyəndən sonra divarın xarabalıqlarına dırmaşıb aşaraq bağçaya tullandım. Pəncərəni tıqqıldatmaqdan ötəri Aalkan nənənin inəyi sağmaq üçün çıxacağı vaxtı gözləyirdim.

Elə bu vaxt addım səsləri gəldi, atam divarın yanından keçirdi. Mən cəld kolların arasında gizləndim. Atam Aalkan nənəni küçəyə çağırıb, ona kağıza bükülü nə isə uzadıb dedi:

– Mən bu sabunun üstündə Quran oxuduğum üçün şəfaverici olub. Qızını bu sabunla çimizdirərsən, bir gündən sonra sağalacaq.

Atamın səhər anama verdiyi paltar sabununun qalığını tanıdım. Qoca gözlərini heyrətlə yararsız sabun qırığına zillədi, məni isə xəcalət hissi bürüdü: mən cəld durub özümü evə çatdırdım.

– Sən sabunun qalığını görmüsən? – anam üstümə düşdü.

– Yox, bəlkə, it yeyib...

– Mən sənə göstərərəm, it yeyib. Pişik balası kimi gəzib dolaşırsan. Mən düşünürdüm ki, sabunun qalığı növbəti dəfə paltar yumağa da çatar. Üzümü çevirən kimi çırpışdırdın. Heç nəyi qoymaq olmur. Gör nə günlərə gəlib çıxdıq!

Mən ona işin düzünü demədim – onsuz da bir həftə boyunca itən sabun qırığı haqqında söz-söhbət kəsilməyəcəkdi. İşin üstü bir gündən sonra, Zayranın halı tamamilə pisləşəndən sonra açıldı: o sayıqlayırdı, demək olar ki, ayılmırdı.

Mən artıq dözə bilmədim. Ayaqlarım məni Zayra ilə tez-tez vaxt keçirdiyim evin kandarına gətirib çıxartdı.

Qapını Zayranın uzaq qohumu – orta yaşlı, hündür bir qadın, kolxoz briqadiri açdı. O, qaşqabaqlı halda məni nəzərdən keçirib soruşdu:

– Sənə kim lazımdır? Nə istəyirsən?

– Mən bir dəqiqəlik.... Mən Zayraya baş çəkmək istəyirəm...

– Baş çəkmək? – acı-acı gülümsündü. – Bəlkə, yeni müalicə üsulu tapmısan?

Bəlkə, sabun az olub, çatmayıb? Bəlkə, yenə də çimdirmək lazımdır? Qoca qarını aldatmaqdan yorulmadınız? Oy, bədbəxt cadugərlər, – sümükləri çıxmış əlinin yumruğu ilə məni hədələdi, – qızı öldürmək istəyirsiniz?

– Ey, Kukuy, kimi söyürsən? – Aalkan nənənin yorğun səsi eşidildi.

– Qonağımız gəlib... fırıldaqçı ara həkiminin oğlu...

– Məni xəcalət hissi bürüdü. Boğazım qəhərləndi. Göz yaşım məni boğdu, ağlamağımı güclə saxlayaraq çırpınırdım, kənara atıldım, mənim arxamca isə ulu babamdan başlamış bütün nəslimiz lənətlənirdi.

Mən lal kimi quruyub qalmış halda kəndin ətrafında veyillənirdim. Elə bil sinəmə soyuq su yayılırdı, beynim, ürəyim, qanım buzlaşırdı. Mənim ulduzum sönüb gedirdi: mənim qızıl balıqlarım get-gedə gecənin qaranlığında gözdən itirdilər, mən isə heç nə edə bilmirdim. Axşama yaxın Tyupdan həkim gəldi. Aulda onu sadəcə Krivonos çağırırdılar. Aleksey Stepanoviç Krivonosov müharibə illərində gecə-gündüz yorğunluğa baxmayaraq, bütün aulları gəzərək insanları müalicə edir, iynə vurur, dərman verir, paltarları, yatacaqları dezinfeksiya edirdi.

Krivonos Zayranı müayinə edəndən sonra Aalkan nənəyə astaca dedi:

– Baybiçə, özünüzü ələ alın, təmkinli olun. Əgər məni bir gün əvvəl çağırsaydınız...

O, Zayranın bir az soyuqlayandan sonra ikitərəfli sətəlcəm olduğunu dedi.

Aalkan nənə səssizcə nalə çəkdi...

Həmin gecə Zayra səhərə çıxmadı...

Kimdir günahkar? Kimi qınayım? Kimi günahlandırım? Məsləhət verən əclaf Mirzəbəyi? Arağın ucbatından insan simasını itirən doğma atamı? Anamın xasiyyətini? Cəhaləti? Yoxsa insanları ən zəruri şeylərdən məhrum edən müharibəni?

Mən heç nəyi unuda bilmirəm, mən öz qızıl balığımı unuda bilmirəm. Axı hər kəsin öz qızıl balığı var. Onsuz... onsuz necə yaşamaq olar?

 

 “Ədəbiyyat və incəsənət”

(24.02. 2023)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.