“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün növbədə Aygün Yaşarın “Yurdçu” hekayəsidir.
Aygün YAŞAR
YURDÇU
(Həyat ən usta yazıçıdır)
***
Evin kandarındakı kiçik xalçanın üstünə ayağını qoyacağı anda kələ-
kötürlüyündən bildi ki, xalçanın altında nəsə var. Kənarını qaldırdı ki, əlini
xalçanın altına salıb o nəsəni götürə. Həmin vaxtda xalçanın kənarından çıxan
qara quyruğu gördü – ilan quyruğu idi. Qorxudan geri atıldı.
– Ay Allah, evə ilan girib?! – titrək səsi böyük eyvanın pəncərələrinə dəyib
daş pilləkəndə çilikləndi.
Kimdən soruşurdu ki?! Bir də öz səsindən diksindi. Elə bil anasının öldüyü
həmin günü indi bir də yaşadı. Nənəm vay! – deyib ağlaya-ağlaya çarəsizcə
sağa-sola baxdı. Bilirdi ki, yaxınlıqda insan övladı adına bir ins-cins yoxdur. Ən
yaxın qonşu belə buradan səsini eşitməzdi: kənd evləri aralı tikilir axı. Amma yenə
də gözü axtardı. Atasını, qardaşlarını çağırmaq istədi, Heç olmasa Zəminə
yanımda olaydı – deyə bacısını arzuladı. Üşüdü. Bilmədi, qorxudan əsirdi, ya,
doğrudan da, soyuq idi. Nə soyuğu? Yayın ortasında soyuq nə gəzirdi buralarda?!
Gözünün yaşı üzündə qurudu. Ağlamağa vaxt olacaqdı. Gecələri kim əlindən alıb
ki?!
İndi isə ilanı öldürməli idi. Həyətdəki odun yığdığı kümədən bir odun parçası
götürdü. İlanın quyruğunun əks tərəfindən – başının ola biləcəyi yeri təxmini
bəlirləyib xalçanın üstündəncə bir neçə zərbə endirdi. Qorxu adamı cəsarətli
edirmiş. İlanın fısıltısı, çırpınışları tükürpədici olsa da, ev sahibəsinin fikri qəti idi:
çağrılmamış qonağı öldürmək. Başı əzilmiş ilan bütün zəhərini sağına-soluna
saçaraq, nəhayət ki, öldü.
Ev sahibəsi yalnız indi onun evə niyə girdiyini düşünməyə macal tapdı:
lənətə gəlmiş bayırdakı istidən qaçıb sərin yer axtara-axtara buraya – yenicə sildiyi
daş pilləkənlərin sement suvaqlı kandarının sərinliyinə soxulub.
– Amma bura mənim evimdir! Eşidirsən, qara talxa? Bura hələ də mənim
evimdir! – acıqla pıçıldadı. Taleyinə olan acığını öz yerini bilməyən uğursuz
ilandan çıxdı sanki.
Birtəhər əlləri əsə-əsə yabanın ucunda ölü ilanı götürüb həyətdən kənardakı
dərəyə tulladı. Qayıdıb pilləkənin qabağındakı zəhəri, qanı su ilə yudu. Bir neçə
dəfə silib təmizlədi. Balaca xalçanı da yuyub, salavatlayıb dəmir teldən asdı.
Pilləkənin qabağına ayrı kilim sərdi.
– Gərək küncə-bucağa dərman-filan qoyum. Keçən dəfə də evin içində əqrəb
sancmışdı ayağımı. Ağrısı öldürmüşdü az qala məni. İndi də bu adıbatmış. Heç
keçən qış həyətə doluşan canavarlardan belə ürpənməmişdim. Tüfəngin səsinə
qaçışmışdılar bir dəqiqədə. O itən itdilər... Ölümdən qorxmuram e. Ölüm haqqdı
– nənəm deyərdi. Can nənə... – yenə göz yaşlarının üzündəki qurumuş cığırı islandı.
– Ölüm nədir ki? El içində qardaşlarımı xəcalətli qoyaram deyə, qorxuram belə
ilan-çayan zəhəri ilə ölməkdən. Allah iraq eləsin... Yığış gəl şəhərə, bacı –
deyirlər. Gələ bilmirəm axı, qardaş. Siz oralarda qocalmısınız, mən də bu həyət-
bacada. Şəhərin dörd divarı içində bağrım çatlayar üç gündə. Ömrüm bu evimizdə
keçib. Dədə yurdumu necə xaraba qoyum gəlim? Son nəfəsimə qədər də olsa,
qoymaram Xızır kişinin evi viran qaldı deyilə. Kənddə neçə evə bayquşlar
yiyələnib indi. Ayağı yer tutan qaçır şəhərə. Sehrangilin, Afatgilin, Qafargilin,
Rəfiqəgilin evləri uçulub dağılıb. Kəndin mal-heyvanı da bir yandan dağıtdı çəpər-
çoluqlarını. Bizim evi də ot bassınmı biz ola-ola?! Bu evin o günləri vardı ha...
Hara getdi o günlər, İlahi?! Qağam at belində axşamçağı həyətə yovuqlaşanacan
nənəm inəkləri sağıb bitirirdi. Biz də əllərində-ayaqlarında qulluğa qaçırdıq. Şam
namazından sonra açılan süfrənin bu başından o başı görünmürdü. Bağ-
bostanımızın bar-bəhərindən düzərdik süfrəyə. Nəvə-nəticələrin hay-küyü,
gülüşləri, gəlinlərin yaşmaqlanıb süfrəni hazırlamaları, zarafatlarımız... Nadir
ailəsini götürüb Almaniyaya köçəndən sonra nəvələrin həsrətinə heç bircə ay dözə
bilmədilər nənəmgil. Yarızarafat da olsa, qağam haqq edirdi Nadirə deyəndə. Nəvələrin adını çağıra-çağıra gözü açıq getdilər ikisi də. Özləri ilə
apardılar evin olan-qalan həyat nişanələrini də rəhmətliklər... Həyətdəki
heyvanların, itin, pişiyin də hüzuru var idi onda elə bil. İndi yazıq Bozdar nə
gündədi? Elə it günündə dedikləri bu imiş. İt də o günlərin xiffətini çəkir. Mənim
kimi. Əldən düşüb yazıq. Çox çəkməz, o da bu gün-sabahlıqdı. O boyda bağ
sovulub, hər nubaranlıqda uşaq kimi sevinərdi, əlləri ilə peyvənd etdiyi ağaclar da
qağamsız bəhər vermək istəmədilər... – gözlərini bir nöqtəyə zilləyib sanki
kiminləsə danışırdı. Daş pilləkəndə oturub xatirələrə dalan əlli yaşlı bu qızın özü
də daşa dönmüşdü sanki. Birdən ilanı öldürdüyü yerə - qapının kandarına baxaraq
səsi yetdiyi qədər ucadan bir bayatı çəkdi:
Əzizinəm, qardaş, gəl,
Uzaq ellərdən aş gəl,
Yolunu gözləməkdən
Oldum yurduma daş, gəl...
Hönkür-hönkür ağladı. Ürəyinin nisgilini gözlərindən boşaldandan sonra
özünü yenə danlamağa başladı:
– Allah keçsin günahımdan. Təki canları sağ olsun. Oxumağa gediblər, ruzi
dalınca gediblər. Allah işlərini avand eləsin. Qərib ağa imam Rza xatirinə Allah
qərib qardaşımı pənahında saxlasın...
Bu vaxt hiss elədi ki, həyətə bir maşın girdi. Ardınca maşının qapılarının
səsi gəldi. Özünü yetirib həyətə qaçana qədər doğma səslər onun qulağına
yetirdilər özlərini:
– Bozdar! Bozdar, gəl bura! Ay ata, Bozdar necə arıqlayıb?!
– Bacı! Ay bacı!
– Bibi!
– Can bibi! Bibi sizin qədəmlərinizə qurban olsun! – gələnlərə tərəf
ayaqyalın gedən ev sahibəsinin indi yeridiyini yox, qanadlanıb uçduğunu görürdü
Bozdar. İt özü də sevincdən elə zingildəyirdi ki, elə bil dil açıb bu yeddi ildə nələr
baş veribsə, hamısını bir-bir danışacaqdı tanış iylərin sahiblərinə...
“Ədəbiyyat və incəsənət”
(17.02. 2023)