“Bəs niyə o atlı qayıtmır hələ?...” – Aybəniz Əliyarın poeması Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün növbədə “Şeir vaxtı”dır, Aybəniz Əliyarın yaradıcılığını təqdim edirik.

 

                                                         ŞEİR VAXTI

 

Aybəniz ƏLİYAR

 

 

QAYIDAN TORPAQLAR, QAYITMAYAN OĞULLAR

                                poema

 

Bu əsər Vətən, torpaq uğrunda
       cəsarətlə ölümə atılan igidimiz
               Xəyal Həsənova həsr olunur.

                            

Yeni bir sevgi ilə doğurdu kənd günəşi,
Yeni gün gətirirdi Surra adlı bu yurda.
Hər gün erkən qalxırdı Həsənovlar ailəsi,
Nur dağı kimi idi Surra dağları burda.

Üfüq tərtəmiz idi, günəş şəfəqləri pak,
Küləklər xəfif-xəfif gözlərini döyürdü.
Dağların qucağında bulud vardı ağappaq,
Bir ağca top kimiydi, gəl oynayaq, deyirdi.

Sanardın, bu Nur dağı bir sirli ocaq-oba,
Hira mağarası var, hardasa gizlinində.
Hörümçək tor quracaq, göyərçinlər də yuva,
Yerə bir vəhy enəcək günlərin bir günündə.

 

***

Onlar üç qardaş idi:
      Cavad, Xəyal və Cəmil...
Onları anaları buraxmazdı eşiyə.
Daha çətin gələrdi,
      bir az daha gələn il,
Arxa olacaqdılar Əliyulla kişiyə.

Ev artır, kənd böyüyür, yuva qururdu hər kəs,
Oğullar əsgər gedir, qızlar gəlin olurdu.
Damarında qan idi, ciyərlərində nəfəs,
Zərnişan anamız da min bir xəyal qururdu.

Hanı, o ki deyirlər, quş qanadlıdır illər,
Quşdan qanadlı çıxdı bu illər, necə oldu?
Kənd yeriydi, aramsız dəyişdikcə fəsillər
Hər üç oğul böyüyüb əsgər yaşına doldu.

Təhsilin başa vurub mühəndis olur Cavad,
Böyük oğul o idi, işi asandı onun,
Cəmil də boy atırdı göz önündə hər saat,
Xəyal üçün arzusu başqa idi ananın.


***

 

Əzizim, o da yandı,

Su yandı, oda yandı.

O getdi, mən də getdim,

Mən getdim, o dayandı.

 

Arzular keşik çəkir yenə beşik başında,

Bir körpə qığıltısı dünyaya səs salıbdır.

Ata durub dayanıb pəncərənin tuşunda,

Ana öz övladını qucağına alıbdır.

Uşaq toppuş, gülərüz, qığıltısı şipşirin,

Anasının qucağın ən gözəl cənnət sanır.

Baxırsan, məna yatıb baxışında bir dərin,

Gözlərinin içindən ilahi nur boylanır.

İki övlad itkisi dərd olmuşdu anaya,

Xəyalın doğulması bu evdə bayram oldu.

Bu balaca uşağı sevdilər doya-doya,

Nə sevgi, nə qayğı var, üzərində cəm oldu.

Özün sevdirmək üçün çıxartdı hər oyunu,

Hər yerə eşq apardı, sevgi yaydı bu bala.

Qohum-qonşu, dost-tanış basdı bağrına onu,

Ata-ana yaman pis bağlandılar Xəyala.

Dağın ətəklərindən bir çay axardı sərin,
İçində ələ gələn xırda balıqlar vardı.
Ruzi-bərəkətiydi dağ çayı bu yerlərin,
Xəyal gah balıq tutar, gah quzu otarardı.   

Uşaqlıqdan bu yana suyu sevərdi Xəyal,
Su ilə oynayardı bütün günü həyətdə.
Ayağının altında oynayardı yamac-yal,
Hamı onu sevərdi, əzizləyərdi kənddə.

Gözlərinin içi də gülərdi o gülüncə,
Harda it-pişik görsə, həyətə gətirərdi.
Bir küçüyü var idi, anasından gizlincə
Papağını çıxarıb ona geyindirərdi.

Yazda dağlara qalxıb, ilk nə çiçəklədisə,
Toplayıb gətirərdi anasına hədiyyə.
Ərköyün böyüsə də, yenə baxardı sözə,
Anasının ürəyi, könlü xoş olsun deyə.


***

Bu vaxtlar evdə hamı telefonu güdürdü,

Bilirdilər, harda var, müəllim zəng edəcək.

Arzusu çin olmuşdu, oxumağa gedirdi,

Anası Zərnişanı sevindirib gedəcək.

 

Müəllim zəng elədi, kollecə girmişdi o,

Bu şad xəbər bir anda qol-qanad açdı kəndə.

Hələ Xəyalın özü, necə sevinmişdi o,

Əlləri qabar idi o şəhərə gedəndə.

 

Əllərinin içini dəryaz döymüşdü yaman,

Açıb tez-tez baxırdı çəkiləndə təkliyə.

Anasının gözündə qürur var idi, qürur,

Onun bu əziyyəti hədər getməyib deyə.

 

İldırım sürətiylə yayılmışdı bu xəbər,

Sevinmişdi dost-tanış, sevinmişdi qız-gəlin.

Ana bir vaxt demiş ki, oxumasanız əgər,

Ölsəm belə, məzarım  çat-çat olacaq, bilin.

 

Bəlkə də, əllərinə baxmırdı elə-belə,

Bəlkə də, istəmirdi kimsə görsün ovcunu.

Bir dünya sığışardı qabar atmış o ələ,

Axı yaşıdlarının çoxu bilmirdi bunu.

 

Elə ki gəlmişdi zəng, sevincindən qışqırıb,

Söyləmişdi, “ay ana, daha olma narahat,

Bu arzun da çin oldu, oğlun məktəbə girib,

Heç Xəyalın qoyarmı məzarın ola çat-çat?”

 

Ananın da sevinci sığmırdı yerə-göyə,

Özünü bu dünyanın bəxtəvəri sanırdı.

Bu saat bu xəbərə gələnlər olar deyə,

Gah hazırlıq görürdü, gah çölə boylanırdı.



***

Böyüyüb üzügülər, enlikürək olmuşdu,
Tanrı hər yaraşığı ondan etməmişdi kəm.
Ürəyinin işığı üzünə yansımışdı,
Hara getsə, sevilər, əzizlənərdi hər dəm.

Boy desən, boydan uca, dil desən, dildən şirin,
İş desən, əməksevər, söz desən, hazırcavab.
Xoş gündə doğulmuşdu, sevinciydi bir elin,
Yazsan, yazıyla bitməz, ömrü dolu bir kitab.

Bu dünyanın var, əlbət, bir düzəni, qanunu,
Sevgi, hörmət insanın həyatda tək varıdır.
Öz balası bilərdi müəllimlər də onu,
Uğur qazanan şagird məktəbin vüqarıdır.

O da dörd il oxuyub, vurdu məktəbi başa,
Öz tələbə adını şərəf ilə daşıdı.
Həm oxudu, işlədi qardaşıyla baş-başa,
Həm də ilk məhəbbətin nübarını yaşadı.

Nə olsun ki, asanca öz eşqinə varmadı,
Həyat dolu ürəyi nə bezdi, nə yoruldu.
Bu həyatda kimsənin ürəyini qırmadı,
Amma sevən ürəyi qırıldı, pis qırıldı.

Elçi düşmüşdü qıza, atası verəcəkmiş,
Bir insan öz əhdini nə tez belə unutdu?
Bitdi onunçün Bakı, bitdi məktəb, bitdi iş,
Xəyal da kor-peşman öz kəndinə qayıtdı.

Amansızdı bu dünya, nankor olur çox zaman,
İndi çox az hal olur, sevəni anlayırlar.
Xəyal əsgər gedirdi, bir zəng gəldi nagahan,
Şəhərdən dedilər ki, qızı nişanlayırlar.

***

 

Yenə yay günüydü, isti yay günü,
Hamı başlamışdı əkin-biçinə.
Axşamlar ot-ələf tədarükünü
Qatardı camaat söhbət içinə.

Səs-səsə verərdi cırcıramalar,
Xəyalın fikri də çöldə qalardı.
O gah dəryaz ilə otunu çalar,
Gah da şirin-şirin fikrə dalardı.

Təki sən Xəyaldan bircə iş istə,
Nə yorğunluq bilər, nə də isti o.
Xeyirli otlardan dəstəbədəstə,
Evə gətirərdi axşamüstü o.

Toplayıb kəkotu, itburnu, yonca,
Sərib qurudardı, “bəsdir”, deməzdi.
Əsgər gedəcəkdi payız olunca,
Evdən yardımını əsirgəməzdi.

Yenə bir yay günüydü, isti nəfəs kəsirdi,
Nə bir bulud görünür, nə bir yarpaq əsirdi.
“Yararlıdır” çıxmışdı yoxlamaların sonu,
Gəlib hərbi xidmətə çağırmışdılar onu.

İyula çağırışa düşürdü əsgər yaşı,
Xəbərə cəm olmuşdu yenə dostu, tanışı.
Yolçusu olacaqdı o bu şərəfli yolun.
Uşaqlıq arzusuydu hərbçi olmaq Xəyalın.

Yenə bayram ovqatı yayılmışdı bu kəndə,
Ruhuna ruh qatmışdı qəlbindəki xoş istək.
(Ancaq ta bilmirdi ki, o, əsgərə gedəndə
Gedib müharibənin ortasına düşəcək.)

 

“Əsgərgetdi” mağarı qurulmuşdu həyətdə,
Əvvəl demişdim axı, ovqat vardı bu kənddə.
Kömürdən köz tutan kim, samovar qaynadan kim,
Gələn qohum-qardaşı mağarda oynadan kim.

Baxan da deyərdi ki, yaxşı bilir işini,
Bir cöngəsi var idi Əliyulla kişinin.
Onu “əsgərgetdi”yə kəsəcəm söyləmişdi,
Beləcə Xəyalının könlün xoş eyləmişdi.

Başqa nə istəyirdi, nə bu ərköyün Xəyal?
Onun bu istəyinə anası olmuşdu lal –
Deyirdi, xına alın, isladın isti-isti,
Əlimə-ayağıma qoyacam axşamüstü.

Bu istək anasının bir az qəlbinə dəydi,
Amma o bu istəyə, arzuya boyun əydi.
Göndərib atasını xına aldı Xəyala,
Dedi, amandı, sağ get, salamat qayıt, bala.

Övladı əziz idi, axı neyləsin ana?
Oğluna xına yaxdı, yaxdıqca gözü doldu.
Xəyal xına götürüb bir ad yazdı ovcuna,
Amma o ad sahibi əhdə vəfasız oldu.

Xəyal hərbi xidmətin bitirsə də, dönmədi,
Elə qulluq etdiyi həmin o "çast"da qaldı.
“Mənim uşaqlığımın arzusudur bu”, dedi,
Xüsusi Təyinatlı Qüvvələrə yazıldı.

 

Hələ mart ayı idi, açılmamışdı cəbhə,
Hələ verməmişdilər əsl Zəfərə töhfə.
Hələ nə ürəyimiz, qəlbimiz qanlı idi,
Hələ Azərbaycanın başı dumanlı idi.

Hələ Vətən adında işğal yaramız vardı,
Hələ yurd yerlərinin yolu cadar-cadardı.
Xəyal yoldaşlarıyla vuruşaraq əl-ələ,
Şəhidlik zirvəsinə yüksəlməmişdi hələ.

Ana biş-düş edərək, Novruz bayramı vaxtı
Bağlamaya yığmışdı səliqəylə hamısını.
Nə var idi, yığmışdı, düşünmüş, həm övladı,
Həm də əsgər dostları, yoldaşları tamsınar.


İşə bax ki, bağlama qalmışdı bir dükanda,
Geri dönmüşdü evə ananın bayram payı.
Düşünməyə nə hacət əhvalını o anda,
Əlindən nə gəlirdi ağlamaqdan savayı.

Sonra toxtaqlıq tapıb, yenə xəmir tutmuşdu,
Şəkərbura, paxlava... Düzmüşdü yan-yana o.
Bişirdiyi nemətə sevgisini qatmışdı,
Əlindən nə gəlirdi? Bir anadır, ANA o.

İkinci səfər isə gələn vardı yanından,
Bir əsgər yoldaşına çatacaqdı bağlama.
25 sentyabr, cümə günüydü onda,
Xəbər verən yox idi müharibədən amma.

Ana yığıb çantanı hazırlamışdı erkən,
Cəmili də götürüb yolda durmuşdu hazır.
Qəlbi narahat idi övladın düşünərkən,
Boylanırdı yollara dəqiqəbaşı azı...


Əsgər gəldi tələsik, o da qayıtmalıydı,
Anamız nə bilsin ki, dünyadan yox xəbəri.
Bağlamanın içinə bir az da para qoydu,
Bu da “Xəyalın olsun” deyib, öpdü əsgəri.

Ta Allaha qalıbdı bundan sonrası ancaq,
Coşdurdu yeri-göyü müharibə xəbəri.
Bilmirdi, Xəyal orda vaxt-macal tapmayacaq,
Xərcləyə bilməyəcək, pul da dönəcək geri.

Bir saat qutusunda dönəcək geri o pul,
Bəlkə, saat əvəzi, vaxt əvəzi dönəcək.
Üstündə də bir ovuc ətirli kəklikotu,
Bir ətirli balanın nəfəsitək dönəcək.

Zərnişan anamız da saxlayacaq o pulu,
Olacaqdır o pulun ən sadiq qaravulu.
Deyəcək, balamındır, ruhu var orda əziz,
“Oğlu göndərib”, deyib, kəfənpulu edərsiz.


Köynəklərin ütüləyib qoydu yerinə,

Nə lazımsa, səliqəyə saldı otağı.

Pəncərələr təmiz idi, silmişdi yenə,

Bir-bir yığdı eyvanına düşən yarpağı.

 

Xəyal dolma çox sevərdi, dolma bişirdi,

Dən dolması, düyüsü bol, yarpağı təzə.

Narahatlıq ürəyinin başın deşirdi,

İçindəki həyəcanı vurmurdu üzə.

 

Müharibə başlamışdı bir həftəydi düz,

Bütün günü ağrı çəkir, heç nə demirdi.

Kəndə şəhid xəbərləri gəlirdi tez-tez,

Xəyal daha əvvəlkitək zəng eləmirdi.


***


25-i sentyabr yola düşürlər,
Artıq Murov fəth edilir 26-sı.
Yağılardan təmizlənir dağlar, meşələr,
Yeni əmri gözləyirlər duraraq hazır.

Xəyal özü könüllüydü öndə getməyə,
Təlimlərə qatılmışdı aylar öncə o.
Qaydaları-qanunları öyrənsin deyə,
Nə gündüzlər dincəlirdi, nə də gecə o.

Artıq ilk günüydü oktyabrın,
Döyüşə atıldı ordumuz yenə.
Əmr var, “Düşmənin səddini yarın,
Nəfəs aldırmayın azğın düşmənə!”


İlk döyüş təlaşı arxada qalıb,
Yeni bir döyüş var, hamı sevindi.
Murovda ordumuz qələbə çalıb,
Füzuli-Cəbrayıl var öndə indi.

Neçə gün əzm ilə döyüşür ordum,
Hər tərəf od-alov, hər yer qan-qada.
İşğaldan qurtulur daha bir yurdum,
Düşmən qoyub qaçır Cəbrayılı da.

Çoxlu yaralı var, çoxlu şəhid var,
Ağızdan çıxanı qulaq eşitmir.
O yerdə Allaha çatmır dualar,
Mələklər o yerdə haraya yetmir.

Güllələr heç kimə verməyir macal,
O yerdə dost dostu araya bilmir.
Hamının yarasın sarıyan Xəyal
Qalxıb öz yarasın sarıya bilmir.


***

 

Söndü bir can, yerində alovlandı min ocaq,

Milyonların arzusu, duası gerçək oldu.

Bu dəfə əmin idi ZƏFƏR onun olacaq,

Cənnətdə şərəfinə uca bir taxt quruldu.

 

Öz döyüşçü oğlundan el-oba aldı soraq,

Dedilər, Bayrağının şərəfinə and içmiş.

Adı Xəyal olsa da, özü şəhid olaraq,

Torpağın yarasına məlhəm olmağı seçmiş.

 

Dedilər, heç qorxmadan canını sipər edib

Torpağına, daşına dəyən acı gülləyə.

Düşmənin üzərinə hamıdan öncə gedib,

Neçə şər yuvasının külün sovurub göyə.

 

***

 

Bu yoldan bir atlı çaparaq keçdi,

Geri dönəcəkdi, belə and içdi.

Amma şəhidliyi əbədi seçdi,

Bir başqa ad ilə qayıtdı atlı,

Bir başqa at ilə qayıtdı atlı.

Atlılar... qanadlılar...

Qəlbdə pərdələndi acı bir kölgə,

Üç min şəhid ilə çalxandı ölkə.

Atı da özüylə vuruşdu birgə,

Atı da özüylə dönəcəkdi bəs?

Başqa at vardımı bu ata əvəz?

Başın aldatdılar...

Hara aparırdı uzun dağ yolu?

Bu yol Kəbə yolu, bu yol haqq yolu.

Daha bürümədi tozanaq yolu,

Bu acı həsrəti ud, qayıtmadı,

Atlı qayıtmadı, at qayıtmadı.

Bəlkə, qayıtdılar?

Yenə sükut çöküb, gəlmir səs-soraq,

Bir ana boylanır, qəlbində fəraq.

Üzü gülüş görmür, saçları daraq,

Acıyla ağlayır, ağrıyla dinir,

Qapısı çırpıldı, oğlumu dönür?

Baxır ki, yaddılar...

Yenə də güc ilə qaralıb hava,

Yuxuya gedibdi bütün kənd, oba.

Bəs axı deyirlər bitibdi dava,

Nə ola, hamının gedəni gələ,

Bəs niyə o atlı qayıtmır hələ?

Bəxtəvər atlılar...

Davanı uddular...

 

 

 “Ədəbiyyat və incəsənət”

(16.02. 2023)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.