“Çox soyuqdu, gedirəm… Allaha sarılmağa…” Featured

 

Əsl şeir nədir? Bəlkə Tanrıyla söhbətdir? İndiki söz yığınları içində həqiqətən də əsl şeirə ehtiyacımız böyükdür. Yaxşı ki, belə şeirləri yaradanlar hələ də var. “Ədəbiyyat və incəsənət” Poetik qiraət rubrikasında sizə Əlizadə Nurinin “Yorğunluq” şeirini təqdim edir. 

 

Allah göydə deyilsə,

O göy kimin göyüdü?

Harda körpə dərd qalıb

Mənə verin, böyüdüm…

 

Gülə güllə atdılar,

Dik tutmuşdu başını.

Bu yağışdı, yoxsa ki,

Göy üzündə vurulmuş

Quşların göz yaşıdı?!

 

Hər yanımı qan tutub,

Mən də belə adayam.

Get, o bayquşdan soruş-

Hansı xarabadayam…

 

Bir kor adam kimiyəm-

Mən gəzim, sən it indi…

…Səni tapa bilmədim,

Əlimi də itirdim.

 

Sən nə yaman dərindin-

Sevib də batdım səni…

…Ölüm, məni bağışla

Bir az yubatdım səni.

 

Qəmlə əylənirəm mən,

Bəs hanı tay- tuşlarım?

… Bu gün süfrə açmışam:-

Çağırın ac quşları…

 

Ölü balıqlar düşür,

Atdığım hər qırmağa.

Çox soyuqdu… gedirəm

Allaha sarılmağa…

 

“Ədəbiyyat və incəsənət”

(13.02.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.