“Hamımızın özüylə, içiylə danışmağa ehtiyacı var” – İlham Əzizdən hekayə Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün sizlərə İlham Əzizin özü ilə söhbətini və “Priçuda” adlı hekayəsini təqdim edirik.

 

 

özüylə söhbəti...

 

Ədəbiyyat məğlub olmaqdır. Məğlubun hissləridir. O, bərbəzəkli binanın gün düşməyən, mamır bağlayan tərəfidir.

Mən yazdıqlarımı görürəm. Bir cümlə belə ab-havamdan kənar yazsam, mətnin içində yamağa dönüb məni girinc edər.

Bəs necə oldu yazmağa başladım?

O gün ki həyatın, faniliyin məğlubluğunu canımda duydum, həmin gündən yazmağa başladım. Bəzən xəstələnəndə yeganə dərd elədiyim nəsnə yarımçıq yazılarımdır. Onların taleyi məni ölməyə qoymur.

Həyat mənə görə, bizdən asılı olmayan, sürprizlərlə dolu hekayədi. Kiminə qısa danışırlar, kiminə uzun. Janrları da fərqlidi. Hamımız bu hekayənin baş qəhrəmanıyıq.

Yazanda özümü unuduram. Hər hekayəni bitirəndən sonra da elə bilirəm, bitdi, bir də yaza bilməyəcəm. Amma birdən nəsə baş verir, içim qarışır, narahatlıq başlayır. Proses xaotikdir, heç bir düsturu yoxdur. Hamımızın özüylə, içiylə danışmağa ehtiyacı var. Mənim mətnlərim özümə danışdıqlarımdır. Mənə özümlə danışmağı ustadlarımızın əsərləri öyrədib.

Uşaq vaxtlarımda harda su görürdüm, pallı-paltarlı atılırdım. Az qala yekə kişi olanacan bu davam edib. Cəmiyyətdən utanıb suya atıla bilmədiyim gündən yazmaq istədim. Mənimçün ədəbiyyat sevdadır. O, mənim sevgilimdir. Razılığın alıb ilk məktubumu yazmışam. Sirri də məndə qalsın.

Mən ustadların unutduqlarını yazıram.

 

 

...və hekayəsi

 

PRİÇUDA

 

Yay uzunu – gecə gündüz demədən, bir qarın ac, bir qarın tox, 25 kilometrlik məsafəni gah maşınla, gah piyada gedə-gələ soğan becərmişdik. Bir səhər ləklərə yaxınlaşanda yerin bağrında közərən soğanlar məni valeh elədi. Çəkdiyimiz əziyyətin bəhrəsini torpaq yumru-yumru qaytarırdı. Bu acı soğanlar bizim ailənin şirin xəyallarıydı, bu soğanların hərəsi mənimçün  bir xatirəydi. Bu ləklərin qırağında bildiyim bütün mahnıları oxumuşdum.

Axşam düşənə qədər soğanları çıxarıb kəndə, həyətimizə gətirdik. Gecənin qaranlığında, yaşıl şelin səmasında lampalar ulduz kimi yanır, həyətə sərilmiş soğanlar bu yaşıl səma altında qızılı səhraya dönürdü.

Atam, anam soğanlara dolanışıq gözüylə, qardaşlarım limonad, saqqız dadıyla, mən də təzə dama-dama kostyum həvəsilə baxırdım. Böyümüşdüm, beşinci sinfə gedəcəkdim, saçlarımı tamam başqa cür darayırdım. Bir qalmışdı dama-dama kostyum, o da indi həyətə sərilib, rəsə bağlayıb satdıqmı, geyəcəm kostyumu.

Səhərin obaşdanından qonşu arvadlarla anam soğanları seçib-seçmələyib, saplağı uzunlardan rəsə bağlayır, arağaş qızın saçları tək saplaqlarını hörürdülər. Bu uzunsaç soğanlar başqalarından baha gedəcəkdi. Həyəti məhsulun bərəkəti, bizi də fərəh bürümüşdü. Qonşu arvadların rəsə hörəndə etdiyi zümzümələr də bir başqa aləm...

Dayım Bakıda yaşayırdı, alim adamdı. Boyunun balacalığına baxma, anam onu dünyanın ən böyük adamı sayırdı, ondan danışanda dili ağzına sığmırdı. Dayımın canına and içdimi, bitdi, olacaqdı o iş. Mənə də and içmişdi, demişdi, dayının əziz canına and olsun, sataq soğanları, səni göndərəcəm onun yanına, dama-dama kostyum da alarsan, hələ başqa şeylər də... Ancaq bir az dözməli idim...

Həmin gecə isə səhərə kimi yerimdə vurnuxdum, gözümə yuxu getmədi. Səhər olan-olmazdan yeyib, hər həftə kənddən Bakıya gedən Ramiz kişinin yaşıl "Jiquli"sində, yol qırağındakı işıq dirəklərini saya-saya yola düzəldik. Mənə elə gəlirdi ki, naqillərin ucunda sehrli bir dünya var, çatdımmı sonuna, açılacaqdı dünyanın sirri.

Maşında məni mürgü aparır, gözümü yummağımla şipşirin yuxuya gedir, yay boyu soğan ləklərində çəkdiyim əziyyət, yorğunluq canımdan misqal-misqal çıxırdı. Bir yandan da acırdım. Böyüklərdən yoldakı söyüdlü kafelərdə verilən pitilərin,  pürrəngi çayların dadı  haqda çox eşitmişdim. Amma saxlamadı Ramiz kişi, saxlamadı, elə birbaşa şəhərə sürdü. Ya yol həmin yol deyildi, ya da biz başqa şəhərə gedirdik. Böyüklərin anlatdığı şeylər olmurdu.

Sonralar adını öyrəndiyim Şıxovun üstündəki boz dağı burulan kimi qarşımda heç vaxt görmədiyim bir mənzərə açıldı. Binalar quş misalı böyük mavi gölə su içməyə axışırdılar.

Yaxınlaşdıqca bu böyük şəhərin asta-asta alıb-verdiyi nəfəsi üzümdə yeni doğulan körpə ana hənirtisini duyduğu kimi hiss edirdim.

Bakıya ilk dəfə gələn adamdan soruşsaz, sizə deyər, Bakı havasının dadı var, ətri var. Bu dad, bu ətir sonralar adiləşir, amma zaman-zaman yaddaşının altından boy verib səni xoşbəxt edir.

Bura talelərin meteor kimi yağıb çilikləndiyi yerdi.

Ramiz kişi bizi heykəllə üzbəüz, dayımgilin qapısında düşürdü. Dayım bizi qarşılayıb balaca həyətə, kirayə qaldıqları evə apardı. Bu sınıq-salxaq ev Bakıya heç yaraşmırdı, axtarsan, kənddə də belə nimdaş ev tapmazsan. Ətrafda böyük, hündür mərtəbəli evlər çox idi. Bura sanki şəhər içində kənd adasıydı. O vaxt elə bildim ki, kənddən gələnləri, yaşamaq çətin olmasın, öyrəşsinlər deyə, bura yerləşdiriblər. Dayımdan heykəli soruşdum, Müşfiqindi dedi, 37-də güllələyiblər. Dedim, bəs güllələyiblərsə, heykəlini niyə qoyublar? Dinmədi. Yolu keçib həyətə girdik. Dönüb baxdım, Müşfiq bu sınıq-salxaq kirayə evlərə baxırdı.

Kirayə evlərin qoxusu başqa olur. Həyətə girən kimi hiss olunur bu evdə yaşayanlar bu evin adamları deyil. Adamlar bu evə, bu həyətə, həyət-bacadakı diləklərə yaddır. Yayı da soyuq olan evə qalxıb, rahatlandıq.

Sonra gəlinbacım mənə kənddəki ot basmış arxlar kimi yaşıl naxışlı kasada yemək çəkdi. O arxların üstündə mal otaranda elə bilirdim, bu arxların içinə düşüb sona qədər getsəm, Bakıya çataram. İndi kasanın üstündəki naxışlara baxa-baxa düşünürəm ki, bu naxış yollara düşüb getsəm, kəndimizə, həmin arxlara, evimizə çıxaram, divarımızdakı qab-qacaq rəflərimizə boylana bilərəm.

Bakıda hava yaxşı idi...

Gecələr payızın hənirtisi hiss olunurdu.

Bizim kənd evləri göbələk idi, bu evlər qutu. Bizim evlər yerdən çıxmışdı, bu evlər göydən düşmüşdü, kənd adamlarının ruziləri yerin altından çıxır, şəhərlilərinki göyün altından.

O gün Bakını görəndə içimdə ümid yetişdi, soğanlarımız kimi yupyumru, sapsarı işıqlı ümid:

"Mən də bu şəhərdə oxuyacam, mən də bu şəhərdə yaşayacam".

Dayıma qoşulub on altı mərtəbəli binanın altında yerləşən böyük bir mağazaya girdik. İkinci cərgəyə keçəndə gözüm dama-dama kostyuma sataşdı, elə mən istəyəndi, elə bil mənimkidi, uzaqdan çağırır.

Dayım ölçülərə, bir də diqqətlə qiymətinə baxdı. Öz-özünə qiyməti bərkdən təkrarlayırdı ki, görsün məndə o qədər pul varmı?

İndi anlayıram ki, kasıb adam imiş, pulumun miqdarını soruşmağa utanıb. Dayıdı, bacoğlu da kənddən gəlib, gərək boş qayıtmaya. Mənsə “dayı, alaq, pulum var, atam verib” – dedim. Dayımın birdən rəngi açıldı. Kostyumu geyib, yoxlayıb, pulun verib sevinə-sevinə evə qayıtdıq.

Yol üstü dayım şirniyyat dükanından bir qutu aldı, üstünə rusca “Priçuda” yazılmışdı. Onu paltarımın yanına qoyub “bu da məndən” dedi, şokaladlı vaflidi, oralarda olmur, apararsan evə, qardaşlarına da verərsən.

Sevinirdim. İlk dəfə evimizə əlimdə sovqatla gedəcəkdim. Bu, adamböyüdən hissdi. “Priçuda” mənim pay nübarım idi. Kostyumum yadımdan çıxmışdı, yol boyu gözüm “Priçuda”da qalmışdı.

Həyətə çatanda qapının ağzında əmimi gördüm, kənd uşaqlarıyla gəlmişdi. Hamısı tələbə idi. Əl qolla danışırdılar, deyib-gülürdülər.

Əlimizdəkiləri evə qoyub əmimgilə qoşulub gəzməyə getdim. Küçədə otlağa çatmış ala buzov kimi  atılıb-düşürdüm. Gah dalda qalırdım, gah qabaqda qaçırdım. Yolda unadım ki, futbola baxmağa gedirik, özü də stadionda. Birdən uşaqlar qışqırdı, tramvay gəlir...

Mindiyimiz  əli-ayağı qandallı 6 nömrəli tramvayın içi dünya boyda genişdi. Oturan da vardı, tramvayın özü kimi dəmirdən sallanan da.

Dəli vardı içində, hamıya gülürdü, heç kim fikir vermir, verən də mısmırığın sallayıb deyinirdi, bircə məni gülmək tuturdu, bircə mən sevinirdim. Tramvayın pəncərəsindən küçədə, piştaxtaların üstündə soğanları görüb tanıdım. Bizim soğanlardı, mənə gülümsünürdülər, mən də gizlincə göz vurdum onlara.

İnsanın taleyində elə hadisələr var, o hadisələr sənin ömrünün axarını bəlirləyər. Əminəm ki, biz o soğanları becərib satmasaydıq, mənim taleyim başqa olardı. O soğanlar mənim taleyim oldu, üstü qızılı, sarı, yupyumru, içi göz yaşı dolu zəhər acısı. Həyətimizdə soğan arıtlayan arvadların kədərli zümzümələri ömrümün nəğməsi oldu.

Tramvay yolu yer üzünə sərilmiş uzun dəmir ağacıydı, meyvələri hər dayanacaqda içindən tökülən adamlar.

Bu qədər insanı bir yerdə ilk dəfə görürdüm, bir də yamyaşıl çəmən, üstündə ora-bura qaçan ala-bəzək adamlar. Futboldan şad-xürrəm çıxdıq.

Axşam “Drujba” kinoteatrında filmə baxmağa getdik. Biletləri göstərib içəri keçəndən sonra tullamaq istədim, uşaqlardan biri qoymadı, saxla, “alibi”di, dedi. O vaxt anlamamışdım “alibi” sözünü. Özü başa saldı ki, bir hadisə olsa, deyərsən ki, mən filmə baxırdım, bu da biletim.

Filmdə uşaqlar gənc qızlara astadan söz atırdılar, mən utandığımdan qıpqırmızı olurdum. Dava düşəcəyindən qorxurdum, kənddə olsa, haray-qışqırıq olardı, amma gördüm qızlar da gülümsünür, içlərində tanış olanı da oldu. İlahi, bunlar nə gözəl xatirələrdi. Bu xatirələr bizi saf saxlayır, çürüməyə qoymur.

Səhəri gün Bakıdan qayıdanda böyümüşdüm.

Çiyin-çiyinə duran binalar məndən uzaqlaşırdı, mənə əl edirdilər. Mənsə  bir onlara, bir də zənbilimdən mənə qımışan “Priçuda”ya baxıb, vaflilərin qumlu şirinliyini damağımda hiss edirdim.

Taksidən düşüb kəndə gedən manatlıq nimdaş "Moskviç"ə yaxınlaşdım, "Priçuda" olan zənbilimi arxasına qoyub söhbətə başlamışdım ki, sürücü öndəki maşına minməyimi istədi. Tələsik öndəki maşına minib kəndə yola düşdüm.

Hər şey mənə təzə qiyafədə, ayrı biçimdə görünürdü, köksüm sevinclə dolurdu. Evdə illərin ayrısı kimi qarşılandım, anam üz-gözümdən, başımdan öpdü. Birdən əlimi atıb "Priçuda"nı anama vermək istədim. Evə gətirdiyim ilk hədiyyəm idi. Ora-bura boylandım, "Priçuda" iynə olub göyə çəkilmişdi. Heç bilmədim neyləyəm. Anam təsəlli versə də, bu mənim həyatımın birinci uğursuzluğu idi, heç cür barışa bilmirdim.

Gözüm illərlə o "Priçuda"nı axtardı, tapmadı, elə bilirdim, hardasa rastlaşacam, kimsə qaytaracaq. Bir də mənə elə gəlirdi, o "Priçuda"nı tapsam, heç vaxt uduzmayacam.

Tapmadım, heç kim də qaytarmadı. Və onda bildim ki, bir daha o dadı duymayacam. Həyatımın ən şirin dadını itirmişdim.

Sonralar dayım Əhmədliyə köçdü. Təzə ev Bakı adlı ümmanda  kəndin adasına çevrilmişdi. Bakıya gələn birtəhər özünü ora çatdırıb rahatlaşırdı. Bizim də ayağımız ora açılmışdı.

İnstitut imtahanlarına az qalmış, yayın payıza  könül verdiyi günlərdə məni gətirib dayımgilə qoydular. Həm hazırlaşım, həm də şəhəri az-çox tanıyım deyə. Bir-iki gün hazırlaşandan sonra dayım dedi, dincəl, imtahana az qalıb, riyaziyyata mən kəfiləm (arxayınam),  beş alacaqsan. Bu sözləri elə əminliklə dedi ki, məni yuxu tutdu, 10 il dərs yorğunluğunu indi anladım.

Axşam çağları binadan metroya tərəf gəlib yuxarıdan şəhərə baxırdım. İlahi, nə qədər işıq var, bina var. Axşamlar ordan şəhərə baxanda elə bilirdim, yer göylə yerini dəyişib, ulduzlar yerə səpilib. Baxa-baxa xəyal qururdum, görən, o işıqlardan biri haçansa mənim ola bilərdimi? Ulduz qədər uzaq xəyal...

Atamla tezdən imtahan verməyə gedəndə hiss etdim ki, nəsə çatışmır, nəsə yoxdu. Quşlar yox idi, onların səsi yox idi, bir də bizi göyə bağlayan, yeri göylə birləşdirən ilmə uçuşları...

Quşları düşündükcə tutduğum balıqları xatırladım. Balıqlar səssizdi, balıqlar qışdı, quşlar bahar...

Hər yay dayım kəndə gəlib məni özü ilə balığa aparardı. Səhər şehli-şehli həyəti qazıb soxulcan yığar, yığdıqca soxulcanın torpaqdakı yollarına baxar, heyrət edərdim. Həmin xəyalları da o an çəkib Bakıya gətirdim, metroya düşüb qatarların yollarına baxdıqca, düşündüm ki, bu yollar da hansısa böyük varlıq üçün soxulcan yollarıdı.

Yerin altında özümü şəhərin qarnında hiss edirdim , bir azdan doğacaqdı, atacaqdı rəhmindən.

İmtahandan çıxanda dayım əlində diplomat atamla birgə ağacın altında dayanmışdı, məni gözləyirdilər. Atam elədiyim məsələləri yoxlayanda təntidiyindən özü səhv etdi. Düz eləmişdim, beş aldım, dayım kəfil idi (əmin), başqa cür ola bilməzdi. Bütün imtahanlarda dayım atamın yanında məni gözlədi, məni çox istəyirdi, ona oxşayırdım.

Qəbul olunduğumu biləndə tramvaydakı dəlinin sevinci qondu içimə, hamı kimi yox, dəli kimi sevinirdim.

Elə sonralar qardaşlarım da bir-bir oxumağa gələndə hər yerdə, hər işdə dayım dadımıza çatırdı. Dayım bizə hayan idi, amma dayımın hayanı yoxdu. Tək canına, balaca boyu ilə tutunmağa çalışırdı, arzuları da balaca idi. Balaca arzularına da çatmadı dayım.

Dayım bu illər ərzində bəzi şeyləri öyrəndi, bəzilərini öyrənə bilmədi,  oxudu, işlədi, çox pul qazana bilmədi, içki içməyi öyrənə bilmədi, sərt ola bilmədi, bir də boyu uzanmadı, boyu qısa qaldı.

Əlimiz işə-gücə çatandan sonra da bir işinə yarımadıq. Balaca boyuna baxma, qürurlu idi dayım. Qıymazdı ona nəsə köməklik edək. Bir hadisə olan kimi axtarardı bizi, fikri-zikri bizdə idi. Elə birinci dəfə infarkt vuranda da qoymadı sanballı həkim çağıraq, başqa xəstəxanaya aparaq. Nəfsinin düşməniydi.

Həmin ərəfələrdə kənddə babamı gördüm, qocalmışdı, gözləri görmürdü, gəlib-gedəndən dayımı soruşurdu. Hamıya deyirdi, mənə də dedi, gördün dayını? Kor adamın ən böyük xəyalı görmək olduğu üçün o da oğlunu görməyi müqəddəs iş bilirdi.

Sonra yavaş-yavaş hər şey bu şəhərdən yoxa çıxmağa başladı, köhnə mehmanxanalar, zavodlar, fabriklər, küçədə köhnə reklam şitləri, onlara yapışdırılan gündəlik qəzetlər, su aparatları, hətta əlləri-ayaqları qandallı tramvaylar da yoxa çıxdı, onları harasa sürgün etdilər...

Bakının istisi qızdırmalı adamın istisidi, hava özü tərləyir, tərini hamının üst-başına silir, bəlkə də, ondandı ki, hamıdan eyni qoxu gəlir, hamı eyni cür xəstələnir, eyni cür ölür bu şəhərdə...

Bir axşamçağı gələn zəng qum saatı kimi hər şeyi alt-üst etdi.  Dayıoğlum telefonda hıçqırırdı:

– Özünü çatdır!

Necə getdiyim yadımda deyil. Dayımı görəndə üzünə qonan doludan sonrakı dəniz bozluğu məni çaşdırdı, onu belə görməmişdim, sanki yaşadıqlarına nəzər salır, hesab-kitab edir, bu haqq-hesabda uduzur, bozardıqca bozarırdı. Bilmədim nə edim, qeyri-ixtiyari qışqırdım: Su!

Mətbəx şkafının yuxarı gözünü açıb stəkan götürmək istəyəndə 40 il bundan qabaq necə qımışırdısa, eyni cür qımışan “Priçuda” nın boylandığını gördüm.

Hər şeyi təzədən başlamaq, bu həyatı təzədən yaşamaq lazım gələcəkdi. Amma arxamda da bir əfsanə sona çatırdı, həyata əl edirdi...

 

“Ədəbiyyat və incəsənət”

(13.02. 2023)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.