“Şeiri oxucu üstünə qısqırtmayın” - Qulu Ağsəsin yeni şeiri Featured

Sevilən şairimiz Qulu Ağsəsin yeni yazdığı şeiri “Bəxt üzüyü” tamaşasının məşhur şair qəhrəmanı Moşu Göyəzənlinin müasir prototiplərinə ünvanlanıb. Şeiri urvatdan  salanlara çağırış etməklə Qulu Ağsəs şeiri qorumağa çalışır, bu yolda ona həmrəy olanlar da yəqin az deyil. Amma çi fayda. “Şeiri oxucu üstünə qısqırdanlar” öz amplualalrındadırlar. 

 

 

Hara baxıram, şairlər:

bu çığıran şairlər,

bu bağıran şairlər,

bayatı, ağı deyən

ağıstan şairlər,

qayanı, dağı döyən

dağıstan şairlər...

Təşbehi bəndin içinə

iki əllə atanlar,

mikrofon önündə

kəllə atanlar

(qeybət daşıyır taksi qulaqları,

asmaq da olmur bu ipiqırıqları)...

Razıyam:

yuxarıda,

aşağıda

yerinizi bərkidin,

bircə yaxadan tutub

danışmağı tərgidin,

bircə misranın qulağın

burub qışqırtmayın,

bircə şeiri oxucu

üstünə qısqırtmayın!..

 

“Ədəbiyyat və incəsənət”

(13.02.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.