“Paltar dolabı” – Murad Muradovun hekayəsi Featured

SilkWay Beynəlxalq Ədəbiyyat Festivalının Azərbaycan turunun 32 finalçısının əsərlərindən ibarət Antologiya bu il “Azərkitab” Yayınlarında nəşr olunacaq. Festivalın rəsmi media dəstəkçisi olan “Ədəbiyyat və incəsənət” portalı antologiyaya daxil ediləcək əsərlərlə oxucularını tanış edir.

 

Murad Muradov

Quba rayonunun Zərdabi qəsəbəsində yaşayır, ali təhsillidir, dövri mətbuatda hekayələri ilə müntəzəm çıxış edir. Hekayələrində günümüzün acılı-şirinli reallıqları öz əksini tapmaqdadır.

 

 

*

 Nə az, nə çox, düz yeddi il qərib eldə - Rusiya bazarlarında tər töküb işlədikdən sonra nəhayət, günəşli günlərinə, qızıl payızına, qarlı qışına həsrət qaldığım vətənə gəlib çıxa bildim. Allaha şükürlər olsun ki, çəkdiyim bütün əzabları, qanqaraçılıqları Bakıya gələr-gəlməz şəhərin sakit bir güşəsində aldığım ikiotaqlı mənzil mənə unutdura bildi. Yeddi illik zəhmətim hədər getməmişdi. Artıq sinə dolusu nəfəs ala bilərdim...

Xırda-xuruş qayğıları da yoluna qoyub, əzizlərimi görmək üçün rayona - ata evimizə, qardaşımın yanına getdim. Ötən yeddi ildə kəndimizdə çox şey dəyişmişdi. Daha ağaclara, damlara dırmanmış uşaqlar, hasarlardan boylanan qız-gəlin gəlib-gedənə göz qoymurdu. Bulaqdan su daşıyan, eyvanın qabağından küçə qapısınacan bütün həyəti tərtəmiz süpürən, küçəni başdan-başa sulayan, samovara od salan adamları da görmədim. Kəndin daşlı yollarında nə nal taqqıltısı, nə də araba cırıltısı eşidilirdi. Məscidin qabağındakı meydana yığışıb şirin-şirin söhbət edən, zarafatlaşan yaşlı kişilər də gözə dəymirdi. Sakitlik idi, yaman...

Uşaqlığımın keçdiyi bu kəndi xeyli gəzib-dolandım. Yeddi il əvvəl ürəyimi açdığım, amma “yox” cavabı aldığım Ofelyagilin evinə kənardan xeyli baxdım. Həyətimizi qonşunun həyətindən ayıran hasara söykənib fikrə daldım. Baxışlarım hər yerdə atamı, anamı axtarırdı. Atamın bu həyət-bacadakı gur səsini eşidirdim.

Sonra evə keçdim. Gözümə artırmanın bir küncündə anamın cehizliyi olan böyük paltar dolabı sataşdı. Dolaba yaxınlaşıb əlimi üzərində gəzdirdim. Rəngi solmuşdu, amma yan-yörəsində qırığı-filanı yox idi. Dolaba toxunduqca hiss etdiyim soyuqluq canımı üşütdü, dolab sanki cana gəldi, qəribə cırıltılı səs çıxardı. Dərhal da qapısı açıldı. Çox qorxdum. Ehtiyatla dolabın içinə baxdım: Geniş və qaranlıq idi. Kəsif bir iy burnumu qıcıqlandırdı. Hörümçəklər qapılarına naxış salmışdı. Anladığım qədər dolabdan gəlinbacım lazımsız əşyaları göz qabağından itirmək üçün istifadə edirmiş. Dolab məndə nostalji hisslər oyatdı. Yaxşı yadıma gəlir ki, o vaxt anam ən gözəl geyimlərimizi səliqə ilə bu dolaba yığıb saxlayardı. Hər axşam atam evə gətirdiyi pulları qabağına tökər, asta-asta sayıb, anama verərdi. Anam isə atamın qazandığı bu pulları, “dar gün üçündür” deyərək paltarların ciblərinə qoyub bu dolabda gizlədərdi. Dolab qapısının içəri tərəfindən asılmış aynaya bir vaxtlar anam baxıb uzun və qara hörüklərini darayar, ona çox yaraşan ağ kəlağayısını başına örtərdi. İndi həmin aynaya pas düşmüşdü, üzərində qara ləkələr vardı, şəffaflığını itirmişdi. Atam, nimdaş olsa da, ona yaraşan kostyumunun sağına-soluna, mən də məktəbli formamın gözəlliyinə, tələbə adını qazanıb şəhərə gedəndə mənim üçün alınmış geyimlərin necə yaraşıqlı olduğuna bu dolabın aynasında baxmışdım. O, bizim evdə yaşanan hər bir hadisənin şahidi olmuşdu.

Xatırladıqca kövrəlirdim. Üçüncü sinfin yay tətilində idik. Hər gün sinif yoldaşlarımı başıma yığıb kənd boyu aşağı-yuxarı gəzib, oynayardıq. Ara-sıra kənddə kimin bağında yetişmiş meyvə ağacları vardısa, xəlvəti o bağa girir, meyvələrdən dərib səssizcə çıxırdıq, sonra sakit bir yerə çəkilib ləzzətlə meyvələri yeyirdik. O günkü meyvə oğurluğumuz Həcər arvadın bağına idi. Yaşı altmışı haqlamış, saçını sarı rəngləyən, iri sinəli o qadını hələ də yaxşı xatırlayıram. Mən pusquda durub, gələn-gedən olsa, xəbər etməli idim. Fərid və Tural isə bağa girib sulu armudlardan dərməli idilər. Hər şey alt-üst oldu. Tural kök, tosqun bir oğlan idi. Onun çıxdığı budaq ağırlığa tab gətirməyib qırıldı. Tural tappıltıyla yerə dəydi. Səsə Həcər arvad çıxıb hay-həşir saldı. Güclə qacıb canımızı qurtardıq. Amma Həcər arvad bizi görmüşdü. Tural ağrıdan, işin korlanmasından əsəbiləşib yerdən yekə bir daş alıb, həyətə vızıldatdı. Daş düz gedib Həcər arvadın dünyadan bixəbər, otluqda eşələnən bir toyuğuna dəydi.

Bir neçə saat evə getmədim. Axşamtərəfi gizlicə, qapını ehtiyatla açıb həyətə girəndə atam məni ordaca haqladı. Qulağımın dibinə dəyən şapalaqdan ayaqlarım yerdən üzüldü.

“Bu, Həcər arvadın bağından oğurluq etməyinin, yumurtlayan toyuğunun da daşla vurub ayağını qırmağının cəzasıdır”, - dedi.

Səsə anam da bayıra çıxdı.

Nə qədər and-aman etsəm də ki, toyuğun ayağının qırılması mənlik deyil, nə atamı, nə anamı inandıra bildim. Atam həyət qapısını hirslə çırpıb küçəyə çıxdı. Bir xeyli vaxtdan sonra o, evə qayıdanda anama toyuğun ayağını, sən demə, mənim sındırmadığımı öyrəndiyini dedi. Onların danışığını mən də eşitdim. Atam bir kəlmə ilə belə könlümü almadı. Kiçik evimizdə özümə yer tapa bilmirdim. O gecə dolabın içinə girib səhərə qədər orda yatdım...

 

***

Axşama doğru günəş dağların dalında yox olanda mənim gəlişim münasibəti ilə eyvanın qabağındakı stolun üstünə ağappaq, tərtəmiz örtük salındı, süfrə açıldı. Masa arxasında əyləşdik. Gəlinbacımın bişirdiyi kənd çolpasından, isti təndir çörəyindən yeyə-yeyə, qardaşımdan bir xahiş etdim:

- Olarmı anamın paltar dolabını şəhərə aparım?

Qardaşımla gəlinbacım baxışdılar.

Xahişim qardaşımın zəndini min yerə apardı. Vəziyyəti yumşaltmaq üçün dedim:

- Ev əşyaları almağa pulum çatmır, bu dolab çox işimə yarayacaq.

Ürəyimdən keçənləri bilirlərmiş kimi mənə “yox” demədilər...

Ertəsi gün dolabı kənddə taksi sürücüsü işləyən Tahir kişinin üstü yük üçün düzəldilmiş “VAZ 2106”sına birtəhər yüklədik, mənim üçün qoyulmuş sovqatı yerbəyer edib şəhərə qayıtdım. Dolabı evimə sağ-salamat çatdırıb boş otağın bir küncündə, divara söykədim.

Dolab boş evin sifətini xeyli açmışdı. Qəribə idi: dolab gözümə təzə, yenicə alınıbmış kimi görünürdü, hətta ona toxunanda illərin yorğunluğunu canından qovmaq üçün çıxardığı cırıltı səsi də gəlmirdi. Bu köhnə dolabda nəsə bir sirr olduğunu düşünürdüm. Dolabla canlı varlıq kimi danışmağa başladım. Astadan pıçıldaşırdıq. Ona keçmişimizlə bağlı xoş sözlər deyirdim. Yada salınacaq xoş olmayan uşaqlıq xatirəsi olsa da, Həcər arvadın toyuq əhvalatında məni bir tək bu dolab anlamışdı. Dolabı sığallayıb, təşəkkür etdim.

Mətbəxdən bir əski götürüb islatdım və dolabın tozunu sildim. Nəm əski ilə əlimi onun səthində gəzdirdikcə dolab sanki gözümdə böyüyür, ucalırdı. İndi mən onun qarşısında çox cılız görünürdüm. Dolabı tər-təmiz silib parıldatdım. Sonra gəlinbacımın qoyduğu sovqatı mətbəxdə yerbəyer etməyə başladım. Çantaya bir zərf də qoyulmuşdu. Açdım. Zərfin içində toy dəvətnaməsi vardı:

“Sizi Raufla Ofelyanın toy məclisinə dəvət edirik...”

Siqaret yandırıb, dolab olan otağa keçdim. Külək pəncərənin arxasında əsib fit çalır, yarpaqları yerə tökürdü. Görünən ay olmasa idi, cansıxıcı mənzərə yaranardı. Qaranlıq otağa pərdəsiz pəncərədən düşən gur ay işığı tən ortada, döşəmənin üzərində pəncərənin şəklini əks etdirirdi. Əyləşdim. Külqabını da önümə qoydum. Siqaretdən dərin qullab ala-ala, uzun-uzadı, gözlərimi çəkmədən dolaba baxdım. Qəhər məni boğdu. Barmaqlarımı dolabın cilası getmiş dəstəyində gəzdirdim. İzaholunmaz bir doğmalıq, yaxınlıq məni özünə çəkdi. Dolabın qapısını açıb içinə girdim, çömbəlib oturdum.

İndi dünyada özgə heç nə yox idi: bir ev vardı, bir bu köhnə dolab, bir də mən.

 

 

“Ədəbiyyat və incəsənət”

(10.02.2023)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.