“Ədəbiyyat və incəsənət” portalının sevilən “Güneydən gələn səslər” rubrikasında portalımızın Güney Azərbaycan təmsilçiləri Əli Çağla və Vida Heşməti oxucularımızı güneyli yazarlarımızla hər həftə tanış edirlər. Bu dəfə sizlərə Fəriba Murtəzayinin şeirləri təqdim edilir.
Fəriba Murtəzayi Təbrizdə anadan olmuşdur. İqtisad fakültəsində təhsil etmişdir. İlk Farsca şeir kitabından sonra, "Dilim ağzımda ağlayır" adlı şeir kitabı 2014-cü ildə Urmiya şəhərində nəşr edilmişdir.
Fəribanın şeirləri İran, İraq, Azərbaycan və müxtəlif ölkələrin qəzetələrində çap olunmuşdur.
BİR TİKƏ YAŞAM
Bir tikə yaşam üçün
Ölümün qucağında
Qan bəllələrin boy-boy udub
Və gecənin incə yerindən qopartdıq
Qalın-qalın haraylarımızı!
Və nisgil dolu istəklərimizi
Baş örtülərin ortasına buraxıb
Qorxmadan, qurşunların önündə
Saçlarımızı uzun-uzun havalandırdıq!
Və yıxılıb, yıxılıb yenidən ayaqlandıq
Və illər boyu udqunduğumuz qışqırıqlar!..
Gec boğazlardan çıxdı!
Haray-haray,
Mən burdayam
Sən burdasan
Biz burdayıq.
Gəlin,
Gəlin qızlar
Gəlin qızlar qorxmayaq!..
Və qan tər içində islanan gəncliyimizi
Azadlıq döngələrinə səpək,
Bəlkə hər gələn, gedəndən toz qoparmasın!..
Göyçək qızlar ağlamasın, ölməsin
Uzun-uzun saçları ipək yolunu tutmasın!..
Gəlin
Gəlin
Gəlin qızlar qorxmasın!..
YAŞADIĞIM HEKAYƏ
Mən heç sevincimi gülmədim ki!
Görüncə də ağladım, gedincə də,
Doğurdan sevinc nədir?
Hüzün nədir?
Öylədir yanılmamışam, ağlamaqdan ibarətdir!
Mən duyğularımı ağladım,
Diqqət ilə atamın gözlərinin içinə baxardım,
Nədir bala, nə istəyirsən?!
Dərindən bir ah çəkdim
Uşaq ürəyim böyük ağladı!
Bir uşaq nə istər?
Anadan savayı nə istər?!
QƏDƏMLƏRİN GÖZÜM ÜSTƏ
Sənə olan sevgim,
Ürəyimdən
Boğazıma yol açıb.
Xımır-xımır
Baxışımda yol tapıb.
Gözümdə
Bir dam söz yığışıb.
Gəl dam üstə
Sənə söyləmişdim:
"Qədəmlərin gözüm üstə"
REYHAN
Baxdım sətirlərə
Adım yoxdur!
Kaşki reyhan olaydım,
Bir axşam üstü.
Ürəyinin süfrəsində
Bağ-bağ açılaydı,
Bir tikə çörək
Bir az da pendir.
Bəlkə,
Məni yeyib
Udub qurtaraydın!
BAL BAXIŞLAR
Gözlərinin rəngini,
Bal baxışlarını yalamışam.
Dilim boğazıma yapışıb
Sevginin ölçüsü olmaz
Bilirəm,
Gəl bağrıma
Son ölçüdür,
Danışa bilmirəm!
Qeyd: Orfoqrafiyaya toxunulmamışdır.
“Ədəbiyyat və incəsənət”
(07.02.2023)