“Gəl ikimiz də payızı sevək: mən gedən quşları, sən qayıdan yağışları...” Featured

Sərvinaz Sərvərin şeirləri

 

Sərvinaz Sərvər Qubanın 1-ci Nügədi kəndində doğulub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini bitirib. Rayonun Amsar kənd tam orta məktəbində müəllim işləyir.

Sərvinaz hələ orta məktəb illərindən yaradıcılığa başlamış, ilk şeir nümunələrini Qubada fəaliyyət göstərən “Ay işığı” ədəbi məclisinin məşğələlərində, ədəbi görüşlərdə və digər tədbirlərdə oxumuş, uğurlu ədəbi gələcəyi barədə xoş təsəvvür yarada bilmişdir.

Hazırda müəllifin istər dövri mətbuat səhifələrində, istərsə də sosial şəbəkələrdə dərc olunan şeirləri maraqla qarşılanır, əsərləri barədə müsbət fikir və rəylər yazılır.

Çağdaş poeziyamızın bədii duyum yükü və fəlsəfi düşüncə tərzi Sərvinaz Sərvərin “Bu axşam yaşadım çiçəklər üçün” adlı kitabında toplanmış şeirlərinin də ana xəttini təşkil edir, müəllifin mövzu rəngarəngliyi və müşahidə qabiliyyəti güclüdür, fikirlərini sadə dildə və obrazlı şəkildə ifadə edə bilir.

Mən Sərvinaz Sərvərin istedadına bələdəm, özünəməxsus bir qələm ustası kimi gələcəkdə daha böyük əsərlər yaradacağına və ciddi ədəbi uğurlar  qazanacağına əminəm.

Bu fikirlərlə də onun yeni şeirlərini “Ədəbiyyat və incəsənət” portalının oxucularına təqdim edirəm.

         

                                                       Ramiz Qusarçaylı

                                                  

 

 

 

***

Dar küçə

Torpağın rəngi qaçıb

Torpağın ətri qaçıb

Bu torpaq nə vaxtsa çiçək açıb

Bu dar küçədə

 

Gündən-günə böyüyür

Bu dar küçənin daşları

Cılızlaşır get-gedə

Burda insan başları

 

Bu dar küçənin daşları

Günəşə eynəksiz baxır

Adamları eynək taxır

 

Nə kiçilmək istəmirəm

Nə daşlaşmaq

Bu dar küçəni

tez keçim gərək..

 

                   

                     ***

Qarışqa yuvasıdır dünya

Kimi gözü boyda

Kimi ürəyi boyda

görür bu dünyanı.

Çaxnaşır quru başlar

Quru çörəklər altında

Yerdə əzilir qardaşlar

Göydə mələklər altında..

 

 

***

Üstümə yağır sevgin

Havadan ağır sevgin

Çiynimdə daşıyıram

Eşqinlə yaşayıram

 

Yağış yağmır

Payız yağır, sevgilim

Zümzüməsi bayatılı bəstədi

Bu payızda qəlbim yanır, sevgilim

Üzü qısa ürəyimiz istidir.

 

 

***

Ağlayan əhvalımın üstündən

Zərli-zibalı paltar geyinib

Gözlərimə son baharın

Yağış döymüş rəngini

keçirib getdim..

Torpağın üstündə əl-əlvan çiçəklər

Torpağın altında yavaş-yavaş quruyan köklər

Çiçəklər gözəldi ...

Elə həyat da...!

 

 

***

Sevgim

Mən səni qışda sevirəm

Hər tərəf bəyaz olanda

Quşların səsi unutdurur

Səni mənə

Yaz olanda

Qara nöqtələrdi göy üzündəki quşlar

Mən quşları sevirəm sənsiz olanda

Uçub gedəndə unudur quşlar məni,

Köçüb gedəndə unudacam səni

Bilirəm, baharı sevirsən

Gedənlər qayıdır deyə.

Mən heç vaxt gəlməyəcəm,

Gəl ikimiz də payızı sevək,

Mən gedən quşları

Sən, qayıdan yağışları

 

 

***

Səndən oxuyur

Budaqdan quşlar

Hardan bildim?

Mənə baxıb oxuyurdular

 

 

***

Yağışdan sonra

Günəş daha aydın görünür

Ağlamaq istəyirəm

Aydınlanmaq üçün

 

 

***

Təzə yazın təzə gülü

Bu yaz güllərdən yazacam

Güllərin qırışındakı

Keçən illərdən yazacam

 

Bu yazıya pozu yoxdu

Bu torpaq göyərdər bizi

Bu yazda üzə çıxmayan

Hər birlərdən yazacağam

 

Bir-bir bitib tükənmişik

Birdən birə yüklənmişik

Tənhalıqla təklənmişik

Bitən sirlərdən yazacam

 

Yozub üstündən yazmışam

Çatıb qəlbimə azmışam

Bu yaz bir yazı yazmışam

Payızda yer qazacağam

 

 

***

Qəribə sevinir torpaq

Yamyaşıl otlar

Qəribə sevinir otlar

Çiçək-çiçək

Qəribə ağlayır güllər

Ləçək-ləçək tökülərək

Nəfəs addım-addım sökülərək

Qorxu bulağında həsrət

Ürək-ürək

Həyat isə nəfəs-nəfəs

Bu da son tək-tək

 

 

***

Döyüb gecənin qapısın

Qaranı sağdım gözümə

Rəngli bir gecə yaratdım

Elə gecənin özündən

 

Zülməti çırpsın üzümə

Çağırmışam küləkləri

Görməməkçün rəngi solmuş

Gözüyaşlı çiçəkləri

 

Ovutmaqçun çiçəkləri

Gözlərdəki sevinc azdır

Ürəyimə gecə gələn

Bilirsən neçənci yazdır?

 

 

***

Buludlar həsrətin əkir torpağa

Güllərin gözündə çiçəkləməkçün

Ayın görüşünə gəlmir ulduzlar

Buludun üstündə iməkləməçün.

 

Bilməyir qarşıda bahar gələcək

Fikirlər cisminə atlan deyəcək

Köhnəlib köhlənin nal ayaqları

Gözləyir dəmirçi, nalbənd gələcək

Ayın səhərində gecə yarısı....

 

 

***

Gözümün qabağında töküldü

Pəncərənin qabağındakı

Armud ağacının yarpaqları

Gözümün qabağında ağardı

Anamın saçları

Gözümün qabağında böyüdü

Uşaqlığım

Gözümün qabağında qocalır

dünya

 

 

***

Uzaqda qızaran ulduzun

ürəyi yanır

Neçə gündür ki ancaq

Mavi dənizə boylanır..

 

 

***

Su üstündə əksimlə

Ulduzlar bir yerdədir

Kölgəm suda ulduz dərir

Ulduzlar sudan göyərir

Bu gecə ulduzlar yaman sərindi

Bu gecə göylərə içim göynədi.

 

***

Gül əkmə mən gələn yola

Bəlkə, yolumuz ayrıdı

Kükrəyən şy daşan deyil

Həmin yollar dolaylıdı.

 

Gül əkmə mən gələn yola

Bəlkə, mən heç gəlmədim

Ətri qəlbini dələcək

Gül məni gətirməyəcək

 

Güllər açacaq, solacaq

Güllər gözə ilişəcək,

Təklik yadına düşəcək.

 

Elə baxma güllərə ,

elə bilərsən ki mənəm?

Bəlkə, mən heç gəlmədim

Nahaq gül əkmə yollara

 

 

***

Qulaq asdığım bir

Vətən mahnısında

Bizi tapdım

Mən dağına, daşına

Qurban fədai əsgər

Sən bu əsgərin

Qanı bahasına ucalan VƏTƏN.

 

***

Başını bağlayan dağlar

Bu qarlar nə vaxt əriyər

Başında ağlayan qarlar

Əriyib sənə gəlirəm

 

Çatsam oğluna –qızına

Çox olub çalsam azına

Kül olub dönsəm tozuna

Vətən, yazına gəlirəm.

 

***

Ucalıb göylərə dəyir

Göyləri yerlərə əyər

Adama lap gəl-gəl deyir

Nə gözəl görünür dünya..

 

 

***

Ağ-qaraya yaraşmayır

Qaranı ağa qatmayın

Qara donlu gecələrdən

Çıxaq sabaha, yatmayın

 

Rəng-rəng soyunur çiçəklər

Tağ-tağ quruyur çiçəklər

Bizdən soyuyub çiçəklər

Sizdə qınağa tutmayın

 

İki mənfi bir müsbətdi

İki insan bir qismətdi

Hər sevgidə bir həsrətdi

Onsuz axrı müsibətdi

Gedib qabağa çatmayın

 

Öpüb gözün üstdə qoyun

Sözü qırağa atmayın

 

 

***

Keçirdim gecəni gözümə

O da xumarlanıb yatdı

Yuxular onu oxşatdı

Gecə isə gözlərimi

Sonsuz qaranlığa atdı

 

Bu qaranlıq solğun baxır

Bu qaralar məni sıxır

Bəlkə elə buna görə

Hər kəs gözlərini yumur

Lal gecənin gözlərinə

Məndən başqa heç kəs baxmır

 

 

***

Asandı gülmək, asandı

Sevinci gülmək asandı

Gümüş qatıb şüşələrə

Özünü görmək asandı

 

Yaşamağa indi nə var

Ritmi tutub oynayasan

Başı ağ örpəkli anam

Hansımıza ağlayasan

 

Nə var düzü deməməyə

Vətənini sevməməyə

Yığıb çantaya özünü

Qürbətdə ölmək asandı

 

Keçən keçmir gələn gəlmir

Gələn bundan yaxşı gəlmir

Yaxşı adam olmaq olar

Amma asan başa gəlmir.

 

 

***

Dünya beş gün deyil qardaş

Gözündən böyüyür dünya

Sətir-sətir, fəsil-fəsil

İllərə bölünür dünya

 

Qan rəngi də qırmızıdı

Can rəngi də qırmızıdı

Yalan rəngi qırmızıdı

Rənginə bürünür dünya

 

Kiçildib bizi itirir

Ürək-ürək dərd bitirir

Vətən –vətən sədd çəkilib

Tinlərə bölünür dünya

 

Cin –cin yığıb talanları

Dərsdən ibrət alanları

Tez unudub olanları

Sirlərə bölünür dünya

 

Keçib bir-bir əməlindən

Heç bilmirsən əvvəlindən

Hörüb səni öz əlində

Millərə bölünür dünya

 

 

***

Xəyallarda yaşamaqdan

bezmişəm

Xəyalları yaşamağa ..

Gücüm çatmır

 

 

***

Kədərinə oyna naz ilə

Hər not üstdə göz yaşı

Fərqli həyəcanın həzin

zümzüməsi

Qəm dolu dön

Dönə-dönə

Ürəyinin səsini az elə

 

 

***

Səsizlik yerləri doldurub gedir

Qatarın yolçusu, yalnızca  mənəm

Fikirlər sözləri yoldurub gedir

Suzuduqca danışan yalnızca mənəm

 

Ətəyi yaşıldır zirvəsi qarlı

Əlimdə şatmayır dağlar başına

Söhbəti yaxındır səs isə uzaq

Duyğular şatmayır ömür yaşına

 

Sözlərimdə ayın kölgəsindədir

Pəncərə dalından axtarma işıq

Qatarım fikirlər ölkəsindədir

Qaranlıq səhrada tapmazsan işıq

 

 

Qurumur

 

Uşağa biz öyrədirik ağlamağı

Böyüyür hələ də yaşı qurumur

Nə quru göyərib çiçək bitirir

Alışmır, közərmir, yaşı qurumur

 

Bu ağac yellənir qəm havasına

Bu ağac yellənir quş yuvasına

Bu ağac bənzəmir öz babasına

Yarpağı tökülüb yaşı qurumur

 

Şəkəri şərbəti tamı başqadı

Hərənin öz evi damı başqadı

Dünya başdan-başa bir tamaşadı

Ürəklər isinib daşı qurumur

 

 

 

***

İki sözdən yarandı dünya

Sonsuzluğun “kaf-hun”u

Biri sənsən biri mənəm

Qiyamətdi bunun sonu

 

İki sözdü gözlədiyim

Məndəmi sevirəm onu

Gündüz sənin, gecə mənim

Qaradı gecənin donu

 

Ümid yeri şumlamışam

Aydın səhərlər əkəcəm

Səhərlərin günəşindən

Körpə gülüşlər çəkəcəm

 

 

***

Sənin daşımağın bura qədərmiş

Bu ömrə indi mən gün daşıyıram

Bu torpaq ağacın son nəfəsidi

Yavaşca bir sarı ün daşıyıram

 

Biri sünbül ömrünü dən-dən bitirir

Bir duman ömrünü sis, çən bitirir

Bu dünya gündə bir ümid itirir

Bir ümid işığı şam yaşayıram

 

Güllərin şehində çən yaşayıram

Bu bahar göyərə tən yaşayıram

Özümü bitirib sən yaşayıram

Yenə dünya böyda qəm yaşayıram

 

Bu bahar torpağın qara yazıdı

Bu dünya özünə çox tamarzıdı

Bu torpaq dözümü hara qazıdı

Harda basdıracaq səbr yazımı

 

 

***

Yenə işıq yandırmışam

İşığı tutub gedirəm

Bir işığa şam olmuşam

Özümü udub gedirəm

 

Yolumu əzbər tutmuşam,

Allahu Əkbər tutmuşam,

Qələmi rəhbər tutmuşam,

Dözümü yonub gedirəm.

 

Daha qəni axtarmayın,

Məndə məni axtarmayın,

Bostan zəmi axtarmayın,

İzimi yuyub gedirəm.

 

Külü göyə sovrulmasın,

Döyə-döyə qovrulmasın,

Mən yandım kimsə yanmasın,

Külümu ovub gedirəm.

 

Daha daşlarda baş yarmır,

Dəmir külüng daşda yarmır,

O da məndən baş çıxarmır,

Şeytanı qovub gedirəm.

 

Gedib uzaqdan baxacam

Baxmağa eynək taxacam

Yerdən gül kimi çıxacam

Torpağa qonub gedirəm.

 

 

“Ədəbiyyat və incəsənət”

(06.02.2023)

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.