“Ədəbiyyat və incəsənət” portalı Poetik qiraət rubrikasında Əlizadə Nurinin “Uzaq”
şeirini təqdim edir.
Nə olsun, yanımdasan?-
Nə Rumdasan, nə Çində.
Ayrı dünyalardayıq
Eyni evin içində.
Eyni kupelərdəyik,
Amma ayrı qatarda…
Aradakı bu boşluq
Min adama çatar da.
Sən çiçəyə əl açdın,
Mən də kəpənəklərə.
Qoy bahar sənin olsun
Payız qalsın təklərə.
Elə soyumuşuq ki-
Gec əriyən qarıq biz.
Bir dəryanın içində
Ayrı damlalarıq biz…
Özümlə savaşanda,
Özüm girdim araya.
Yanımdasan… özgəni
Çağırıram haraya…
Eşqimiz oğurlanıb-
Boş bir muzey kimiyik.
Günümüz də ayrıdı-
Güney, quzey kimiyik…
Təkcə yaradan bilir
Necə dostuq, yarıq biz.
Bir- birinə bitişik,
Uzaq adalarıq biz.
Dənizi sevmədin sən
Sevdin isti qumunu.
Nə olsun, yanımdasan,
Sənə məktub yazmışam
Gəl, götür məktubunu…
… Nə olsun, yanımdasan?/
Nə rumdasan, nə çində.
Ayrı dünyalardayıq
Eyni evin içində…
“Ədəbiyyat və incəsənət”
(01.02.2023)