1.
Adını gülə qoydular-
Gülü bəxtəvər etdilər…
2.
Sənə bir sirr açım, Allah
Ancaq aramızda qalsın…
3.
Payızı kim qorxudub-
Heyva- heyva saralıb?
4.
Gül əkmişəm əllərinin ətrinə…
5.
Yağış nə biləydi ki,
Çölün çətiri yoxdu…
6.
Günəş- göy üzünün çəkdiyi ahdı…
7.
Ölümdən qorunmaq üçün
Hamı öz həyatında gizlənib…
8.
Korun gözündə də açılır səhər…
9.
Qönçələr- güllərin uşaqlığıdı…
10.
Şeir olmaq istəyirdim, şair oldum…
11.
Üzündə ay doğan qız
O ayın neçəsidi?
12.
Elə tən böləsən dəni quşlara-
Quşlar da danışa ədalətindən…
13.
Hər gün bir əsgər kimidi-
“ Vurulub” qoşundan çıxır…
14.
Hamı qonaqdı dünyada,
Hamı qonaqlıqda deyil…
15.
Dünya, eşidirsənmi
o yetimin göz yaşının səsini?!..
16.
Uşaq say öyrənmək istəmirdi-
Deyirdi ki- Allah birsə, bir sayılmaz!
17.
Allah danışmasa belə,
ən yaxşı həmsöhbətdi.
18.
İstəyin bu ola tək-
Sabah günəşi görmək üçün
axşam yuxuya getmək…
19.
Qanadlarında
göy üzü də gətirmişdi o quş…
20.
Kədər, gündüz gəl bizə-
Axşam yolu azarsan…
21.
Nə olsun ki, karam?-
Milyon səsin içindən də
Sənin səsini tanıyaram…
22.
Dünya, nə yaxşı, varsan-
Lap mənim olmasan da…
Notlar şair Əlizadə Nurinin şeirlərindən seçilmişdir.
“Ədəbiyyat və incəsənət”
(26.01.2023)