“Ədəbiyyat və incəsənət” portalının “Güneydən gələn səslər” rubrikası çox sevilir. Burda dərc edilən şeirlərin müəllifləri həmin şeirlərin əksəriyyətini İranda dərc edə bilmirlər. Təbii ki, hakim fars rejimi türklərin bu azadlıq hayqırtılarından qorxur.
Portalımızın əslən Təbrizdən olan Güney Azərbaycan təmsilçisi Əli Çağla bu dəfə sizlərə Sürəyya Xəliq Xiyavinin şeirlərini təqdim edir.
Qeyd edək ki, yazıların orfoqrafiyasına toxunulmur.
Sürəyya xanım Xəliq Xiyavi 1974-cü ildə Xiyox şəhərində dünyaya göz açmışdır. Xiyov, Təbriz, Ərdəbil şəhərlərində təhsil etmiş və Ədəbiyyat fakültəsini Yüksək maqistra qədər oxumuş və ədəbiyyat öyrətməni kimi çalışmışdır. Sürəyyanın iki kitabı nəşr edilmiş, birinin adı isə “Şəhər yeri qızı” adında olmuşdur. 2018-ci ildə Pərvin Etisami adına qurulan ədəbi beynəlxalq festivalında birinci ödülü qazanmışdır. O, İndi isə Ərdəbil şəhərində yaşayır.
BİR TİKƏ ŞEİR
Ürəyimə bir tikə düşüb
Ağrısı yox
Sadəcə radiolojist doktor çəkən şəkildə;
Bir günəş görünür.
Bu gün şeir oxuyanda
O qədər tamsındım
Sözcüklər yapışdı bir-birinə
Dadlı bir tikə oldu
Həyəcandan, düşdü ürəyimə.
Bu tikələrə alışmışam
Hərdən, dağ şəkilindədir
Hərdən ağac
Hərdən günəş, quş, ulduz, ay...
Xəstə deyiləm
Bunu nədən qəbul etmisiniz doktor?!
Lütfən etiraf edin...
Günəşə bənzər şeir tikəsi haqqında,
Şəkildən şəkilə düşən tikələr haqqında
Heç bir şey bilmirsiniz!
Çörək verirsiniz getmir
Su içirdirsiniz getmir
Dava-dərmanla ərimir.
Hərdən işıq səsi gəlir gözlərimdən
Hərdən günəş qanad çalır çiyinlərimdə
Bu tikə nə gedər,
Nə əriyər
Öldürməz
İncitməz
Siz, məni incidirsiniz!
Bir tikə şeir düşüb ürəyimə
Min günəş, vücudumu sarır.
ŞEİR DƏSMALI
Mikrofonların ürəyi
Çirkinləşir
Çırpınır yalanlarla...
Ah!
Mikrofonların dalında gizlənən qaranlıq!
Qan tər içində çalışan canların
Əllərinin cığırlarından;
Yol çəkilməz cənnətə!
Kim asfalt tökəcək
Çapıq əllərin, caddələrinə?!
Can verdikcə bu caddələr
Niyə çörəyə yetişmirlər?
Açıqla!
Ac insanların
Ürəklərinin cığırlarında nə var?
Qan
Dilək
Od
Öfkə?
Ah! Mən kiminlə danışıram!
Qaranlıq, qanların çiyinlərində oynayır.
Qanı yaşadan səsdir
Mikrofonları,
Şeir dəsmalı ilə
Silmək gərək
Silmək
Gərək...
İKİ ZİRVƏ
Barmaqlarının hər biri, bir ölkə
Əllərimi tutduğun zaman
On ölkənin kraliçəsi oluram.
Baxırsan gözlərimə!
Qəhvə ilə zeytunun
Qovuşmaq anı, şeir olur...
Savalan ürəyi ilə
Bizdən şəkil çəkir
Daş qartalın,
Uçmağını hiss edirsənmi?
Məncə Savalanın qan qrupu O+dir
Görüşünə gələn bütün sevgilərlə;
Həyat verir
Bu qan
Gerçək sevgilərin damarlarında
Laxtalanmaz.
Bir,
Dağda nəfəs çəkirik
Yoxsa o bizdəmi nəfəs çəkir?
Bu gün iki dağ;
Əl bir olubsunuz
Saçlarım,
İki zirvənin çiyinlərində yaşayır.
Şeirin;
Əlləri göydə;
Bir ovuc üzərlik tutub
Ay işığına!
HALAY ÇƏKƏN QAYALAR
Guruldayır hüzün
Qolumdakı saatı yerə ataraq
Qaçıram qarğalıqdan
Pillə-pillə enirəm içimə!
Qapını iki əlli bütün gücümlə bağlayıram;
Gözümün içinə baxır qapı
Anlayır məni!
İçim;
Qorunmuş, əl çatmayan bölgə
Ətrafı hörülüb halay çəkən qayalarla...
Burada heç çeşid bağlantı mümkün deyil
Yalnız şeir ulaşımı var
Burada əskidən bir dizə çəkəndə
Dünya işıqlanardı
Burası tanrı tar çalan yer.
Bir şeir alışdırıram
Uzaqlaşıram saxta salxım söyüdlərdən
Yaxınlaşıram ən güvəndiyim sənə
Sən,
Şeirlərin dayanmayan ürəyi...
Oyağam və yuxuda
Yuxudayam və oyaq
Tar çal ayılım dostum!
Tanıyım tanımayanları
Qara quyuları
Daşıl vicdanları.
Tar, tanrı, sən
Sən, tanrı, tar.
Qapını açmam gərək;
Güvən nəfəs, nəfəs, nəfəs... Yayılmalı
Sən varsan
Sürəyyanın güvən tanrısı.
Bir pillə, iki pillə, üç...
Gözlərimi yumuram
Qollarımı açıram
Günəşə sarılıram
Taaaaar çaaaaal...
ZAMİNİ ÇƏKİLMİŞ ÜRƏKLƏR
Saçlarımla beynimin arasındakı
Məsafəyə baxıram
Saçlarımın kökü beynimdən su içir
Nədən saçlarımı gizlədim?
Nədən beynimdən utanım?
Beynimə inanmırlar
Və mən zamini çəkilmiş ürəyimə fikirləşirəm.
Hər gün külək
Tellərimlə məktublaşır; həsrət bərzəxində
Mən küləyə inanıram.
“Suç saçındır”
Dağların ağırlığını canıma yıxır
Yaxamdan yapışır
Ağrıdır
Ağırladır
Ağladır...
Heç darağın dişlərindən qan axmayıb
Göz yaşlarını saçlarıyla silən qadınlar
kor olmayıblar
Saçlar uçanda,
Hava yaralanmayın.
Mən saçlara inanıram.
Əllərimdə iki varlıq var
Bir şeirim, bir də saçlarım
İkisi də sensor...
Və mən yəni bu gün
“Doxsan doqquzuncu ilin
quyruq doğan ayının on beşi”
Zamini çəkilmiş ürəklərə fikirləşirəm
Zamini çəkilmiş şeirlərə...
“Ədəbiyyat və incəsənət”
(23.01.2023)