“Poetik qiraət” rubrikasında şair Əlizadə Nurinin “Hamı sol yanını sağ istəyirmiş…” şeirini oxucularımıza təqdim edirik.
Sevinc əkiləndə bizdə varıydıq,
Yada salmadılar biçində, qadın.
Tanrı bir bağlama göndərib mənə-
Heyif ki, sən yoxsan içində, qadın.
Sən hara çəkildin? Sən çəkiləndən,
Bir gün də nəşəm yox, min gün ahım var.
Mən sənə min dəfə “ bağışla” dedim-
Sən elə bildin ki, min günahım var….
Hamı sol yanını sağ istəyirmiş,
Bəlkə yaralara elə yar mənəm?
Qəm mənə nə gözəl heykəl ucaldıb-
Sən demə, hamıdan füsunkar mənəm!
Gəl, gedib oturaq öz küncümüzdə,
Bizim nə işimiz özgə masada?
Adam hərdən çıxıb getmək istəyir,
Lap elə getməyə yar olmasa da…
…Bizim bəxt quşuymuş dumanda azan-
Bu bəxtə ağlayaq, quşa ağlayaq?
Sevgi balamızın tabutu üstə,
Gəl, qoşa ağlayaq, qoşa ağlayaq…
“Ədəbiyyat və incəsənət”
(19.01.2023)