“İnşaallah, yaz gəlsin, çataq arzuya...”

Dünən yazıçı, dramaturq, 17 il "Kirpi" jurnalına rəhbərlik etmiş gözəl insan, sözün əsl mənasında ağsaqqal, BÖYÜK KİŞİ Seyfəddin Dağlının (Seyfəddin Əliağa oğlu Abbasov) anım günü idi. 1983-cü ilin bu günü Seyfəddin Dağlı gözlərini əbədi olaraq yumdu.

 

Nəbi Xəzri

“Son telefon söhbəti"

(Qudam, dostum, yazıçı Seyfəddin Dağlının əziz xatirəsinə)

 

Şirmayı telefon...

Tanış nömrələr. 

Fikrin qanadlanar,

Sən də uçarsan.

Ürək istəyəndə 

elə əmr edər

Bir anda dostunla

Sən qovuşarsan...

Süzüldü qəlbimə

İsti nəfəsi,

Eşitdim o doğma,

Mehriban səsi,

--Ürəyim! Yaxşıdır! Qalma nigaran!

(Bəlkə ürəyini tuturmuş bu an)

Nəbi, sən özündən muğayat ol ha...

Dünənki cavanlar deyilik daha.

Bu necə axşamdı,

nə söhbətdi bu?

Kim bilir, bəlkə də vəsiyyətdi bu!

--Hə, Sona yaxşıdır. Sözümə?..Baxır...

Odur şeytan şeytan üzümə baxır.

Elə inam vardı,

onun səsində,

İnam nə tez söndü

yer kürrəsində,

--Sənə söz vermişəm gedək Xızıya...

İnşaallah, yaz gəlsin, çataq arzuya...

Nə bilim,

Keçərək 

dağlardan iz iz

Bu il yaz gələcək

Dünyaya sənsiz.

--Sabah gedəcəyəm xəstəxanaya...

Beş günə çıxaram...çoxu bir aya...

Bu gediş

Bəs niyə

                 əbədi oldu?

Sabahı buz torpaq 

                 məbədi oldu!

...Yenə qəlbimdədir 

                 isti nəfəsi,

Son söz yoğrulmuşdu 

                 İlk sədaqətdən.

Mən hardan biləydim

                 Dostumun səsi,

O axşam

          Gəlirmiş

                 Əbədiyyətdən?!

(1983)

 

Sevilən Xalq şairimiz Nəbi Xəzri ilə Seyfəddin Dağlı quda olublar, bu şeir də hardasa bir Rekviyemdir.

Hər ikisinin ruhu şad olsun.

 

“Ədəbiyyat və incəsənət”

(19.01.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.