Güneydən gələn səslər rubrikasında “Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan təmsilçisi Əli Çağla sizləri Hadi Qaraçayın şeirləri ilə tanış edir.
Hadi Qaraçay öz tərcümeyi-halını belə nəql edir: 1966-cı ilin yayında, Güneyin quzeyindən, Quzeyin güneyindən gəldim... Araz qırağının bap-balaca Suyarı adlı bir kəndində doğuldum.
Araz Çayı, biz Azərbaycanlıların beyninə acını və ağrını çatdıran əsəbin adıdır. Mən bu əsəbin yanında böyüdüm. Şeir, dil, yazın və ədəbiyyatla gənc yaşlarımdan maraqlandım.
“Beçələr Banlayanda”, “Badamlıqlar”, “Tamudan Gələn Səslər”, “Tanrıya Dirəniş” və “Barışa İnanma Fərihcəm” adları ilə beş şeir toplusu mənim adımdan yayılıbdır.
1992-ci ildən bu yana sürgündəyəm, indilik Norveçdə yaşayıram.
MƏNƏ DÖN
Yollar, mənə dön deməz
Dağlar söyləməz,
Bunu yalnız qalan bir yalnız söyləyər.
Dağlarca, yollarca üzgünəm mənə dön!
Mənə dön,
Göydəki ulduzlarca üzgünəm
Ormandakı yarpaqlarca
Dənizdə dalğalarca,
Dalğalar mənə dön deməz.
Sahildəki qumlarca üzgünəm
Mənə dön!
YALNIZLIĞIN AYRISI
Hər şeyi qalan yerindən başladıq
Yoldaşlığı da!
Dəniz,
Qoyub getdiyimiz sahildə uzanmışdı.
Ağ papaqlı dağ, yekə bir yumaqdır
Düşdüyü yerdə qalıb.
Hər şeyi qaldığı yerdən başlamaq
Yoldaşlığı da.
Orman yorğun ağaclarıyla
Yaşıl gözləriylə
Balıqlı çaylara laylay oxuyar.
Mən,
Sizin qapınıza gəlləm
Döyəcini tapanmaram,
Sən bizim qapıya gələrsən, Qaraçay yoxdur!
Vikinqlərin də gözəl qızları olurmuş deyə içindən keçməsin
Mən Kamtalın qayalıqlarında qurumuş palıdam qızım.
Hər şeyi olduğu yerdən başlamaq
Qurumuş palıdları deyil ancaq,
Qurumaq,
Ağac dilində qarşı qoymaqdır
Yalnızlığa
Sahildə uzanmış dəniz olsa belə.
Ayrılığa
Dağ boyda yumaq olsa belə.
Sənsizliyə
Yaşıl gözlü bir ormanın qucağında
ağac olsa belə...
BİZİM ÖYKÜMÜZ YENİCƏ BAŞLAYIR
Sayın Səid Mətinpura sunulmuşdur.
Adını sibl edib gülüş açarlar
Gülərlər
Gülərlər
Gülərlər
Adını sibl edib güllə açarlar
Vurarlar
Vurarlar
Vurarlar
Uşaqlarını
Uşaqlarını
Uşaqlarını
Günün gün orta çağında
Tutsaq tutarlar
Üzüm bağlarına çaqqal,
Şəhərlərinə beş on əli yaraqlı kaftar buraxarlar anam.
Göylərinin aynasında leyləklərin falı var
Göllərinin gözündə sona baş ördəklərin sevgi nağılı,
Gözlərini yumma
əllərini qoltuğunun soyuğuna
dizlərini qarnının sancısına qısma
bu gecənin də qarnına bir gündüz əkən var!
Yaxın gəl
Yanıma gəl
Bir azdan günəş pıtıraq gül açacaq
Bir azdan bir xoruz adını səsləyəcək
Bir azdan
qırmızı tərliklərini tərsinə geymiş
hardasa hansıysa quzu gözləri bütün oyanmamış bir qız çocuğu
oturub qaranlığın qibləsinə şirin şirin işiyəcəkdir...
Bir azdan
Ağrın canıma gəlsin
Bir azdan
Çox şeylər dəyişəcəkdir...
YAŞAMAQ, YUMŞAQ BİR MELODİYADIR
Yaşamaq,
Yumuşaq bir melodiyadır dedi
Kürün Yevlaxdakı sahillərinə yenmişkən.
Mən onu tanımadım,
Saçları nərgiz çiçəklərinin bacısı olmalıydı
Dodaqları kəklik gözlərindən su içmişdi
Mən
Arazın Nənəm Vayındakı coşqusunun ortancıl oğluyam,
Yaşamaq Mərəkən Çayıdır güz axşamları,
Ildırım şaxdı dilimdən
O məni tanımadı!
Ona, yuxularımızın dişlərini çəkirlər dedim
İnanmadı
Köpəkləri var dedim
Bütün sözcüklərin qoxusunu çəkən
Özəlliklə də “öz” hecası içərirsə
İnanmadı!
Nənəm Vaydan yendim
Mərəkənin güz axşamında yatan havanı dərdim əllərinə
Ona röyaları acından ölmüş insanlarımı göstərdim
Və özgürlük həsrətində qalan torpağımı.
XALI ÜSTÜNDƏ YAZI
Günəşin ayıma
Suyun suyuma
Gecəm ulduzuna qarışıq ikən
Gözlərin qanıma
Odun canıma
Əllərin oduma alışıq ikən
Külümü yellərə necə verərsən?
İtburnu kolları bənək bənəkkən
Baramam odlanıb çal kəpənəkkən
Ürəyim ürəyim ələk-vələkkən
Sən məni ellərə necə verərsən?
“Ədəbiyyat və incəsənət”
(18.01.2023)