Bu gün Mədinə Gülgünün anadan olmasının 97-ci ildönümü tamam olur

 

Azərbaycan ədəbiyyatının görkəmli qadın şairlərindən olan, Cənub mövzusunda bənzərsiz poeziya nümunələri yaradan, Əməkdar incəsənət xadimi Mədinə Gülgünün anadan olmasının 97-ci ildönümü bu gün tamam olur.

 

Mədinə Gülgün ömrü boyu şair qəlbini, səmimiyyətini, insanlara sevgisini qoruyub saxlaya bilib. “Yer üzündə bir evim var, Ocağı daim yanar. Onun sönməz şöləsindən, Ürəyim işıqlanar”-, deyən şair ailəsini, balalarını, ocağını hifz eləməklə yanaşı, gözəl sənət nümunələri də yarada bilmişdi.

Sonradan Gülgün kimi şöhrət tapmış Mədinə Ələkbərzadənin ilk qələm sınaqları ötən əsrin 40-cı illərin əvvəllərindən qəzet və jurnal səhifələrində görünməyə başlayıb. Mədinə Gülgün şeirlərini 1945-ci ildə Təbrizdə “Vətən yolunda”, “Azərbaycan” qəzetlərində çap etdirib. Onun “Təbrizin baharı” adlı ilk şeir kitabı 1950-ci ildə işıq üzü görüb. Bu kitabda 1945-49-cu illər ərzində yazdığı şeirlər toplanıb.

Tanınmış şairin ilk yaradıcılıq nümunələri Azərbaycan xalqının azadlıq və milli istiqlaliyyət uğrunda apardığı mübarizə illərinə təsadüf edib. Mədinə Gülgünün poeziyası xalqa, doğma Vətənə övlad məhəbbətində yoğurulub, oxucularını ağ günlərə və qurtuluş uğrunda döyüşlərə çağırış ruhunda köklənib.

Onun əsərləri hələ sağlığında bir sıra xarici dillərə tərcümə olunub. Dünya xalqlarının azadlıq və istiqlaliyyət uğrunda mübarizəsini bir humanist şair kimi daim izləyən, kəsərli sözləri ilə onların səsinə səs verən şairin Bakıda və Moskvada “Təbrizin baharı”, “Savalanın ətəklərində”, “Sülhün səsi”, “Yadigar üzük”, “Təbriz qızı”, “Firudin”, “Dünyamızın sabahı”, “Durnalar qayıdanda”, “Dünya şirin dünyadır”, “Çinar olaydı”, “Arzu bir ömürdür”, “Yora bilməz yollar məni”, “Könlümü ümidlər yaşadır” və onlarca digər şeir kitabları dərc olunub. Onun lirik şeirlərinə mahnılar bəstələnib.

“Şeirdi həyatda sərvətim mənim” deyən şairin yazdığı bu kitabların başlıca mövzusu insan taleyi, azadlıq hissi, Təbriz həsrəti, övladlarını qəlbdən sevən bir ana qəlbinin arzu və istəkləridir.

Qəlbi Cənub həsrəti ilə döyünən Xalq şairi Balaş Azəroğlu ilə ailə həyatı quran Mədinə Gülgün bir şair ömrünü mənsub olduğu xalqa şərəflə, vicdanla xidmətdə keçirib.

Yaşının ağbirçək çağlarında Vətən dərdli şairin yaralı kövrək ürəyinə daha bir ağır yara dəydi. Belə ki, 1990-cı il 20 Yanvar faciəsi onun poeziyasına qəmli, kədərli sətirlərlə hopub. Şəhidlərə də ürəkdən ağlayaraq “Bu şəhid balaların ölən vaxtı deyildi!...” deyərək onların dərdini də öz dərdinə qatıb, qan-yaş töküb, fəğan qoparıb.

Mədinə Gülgün 1991-ci il fevralın 17-də Bakıda vəfat edib, Fəxri xiyabanda dəfn olunub.

Nə qədər ömrüm var sönməyəcəkdi,

Yaşamaq, yaratmaq həvəsim mənim!-, deyən şairin məğrur, bir az da nisgilli poeziyası heç zaman öz dəyərini itirməyəcək.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(17.01.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.