Sumqayıtda erməniləri öldürən Qriqoryan barədə həqiqətlər Featured

“Yalanın 17 anı” sənədli fentezisi böyük rezonans doğurduğundan müəllifin - yazıçı Adəm İsmayıl Bakuvinin seçimində portalımız romanın ən maraqlı hissələrini dərc etməkdədir. Müsbət haldır ki, tarixi faktlarla ermənilərin iç üzünü açan bu romandan seçmələri oxucular sosial mediada paylaşmaqdadırlar. Qoy hamı oxusun və agah olsun.

 

 

12-Cİ PROSES

EDUARD QRİQORYAN

 

Kulisdən səs gəldi:

-Bu gün Divan qurulacaq şəxs Qriqoryan Eduard Robertoviçdır, onun heç bir titulu yoxdur, bəlkə də bu ad heç kəsə heç nə deməyəcək.

Sifətindən aşkar mənfilik sezən sarışın, gözlərinin gilələrinin şəkildə belə oynadığı sezilən şəxsin portretinin üstü açıldı, sonra mühafizəçilər onu gətirib Müttəhimlər kürsüsündə əyləşdirdilər.

Gözlərinin xırda gilələri qaçırdı, fırlanırdı, gah tamaşaçılar səmtə atlanır, gah hakimlərə, Divan üzvlətinə tuşlanırdı.

Baş Hakim sözə başladı:

-Eduard Qriqoryan adlı şəxs doğrudan da prosesə cəlb edilən digər on altı ermənidən fərqli birisidir, bəs fərqi nədədir? Ondadır ki, digərlərinin bir qismi öz xalqlarına fayda vermək baxımından millətçilik xəstəliyinə tutularaq əllərini bilavasitə digər millətlərin qanına batırıblar, bir qismi digər millətlərin qanını tökmək üçün ya maliyyə ayırıblar, ya ideologi liderlik ediblər, bu şəxs isə bilmərrə əlini öz xalqının qanına batırıb, neçə-neçə insanı öldürüb, neçəsinə qarşı zorakılıq hallarına yol verib.

Diktor Qriqoryanın dosyesini oxumağa başlayanda izləyici kütlə bir qədər də təəccüblü və heyrətli görünməyə başladı. Necə yəni, guya ki, milli ideya zəminində öz xalqını qır, qadınları zorla. Bu necə millətçilikdir? Bu ki vəhşilik, qaniçənlikdir, manyaklıqdır.

Diktorsa oxumağında idi:

-Eduard Robertoviç Qriqoryan 16 dekabr 1959-cu ildə Azərbaycan SSR-in Sumqayıt şəhərində anadan olmuşdur, milliyyətcə erməni, bitərəf, orta təhsilli, ailəlidir, himayəsində iki uşağı vardı, Sumqayıt şəhəri, 2-ci mikrorayon, Sülh küçəsi, ev 19/13, mənzil 20 ünvanında pasport qeydiyyatında olub, faktiki olaraq Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 122, mənzil 71 ünvanında yaşayıb, Azərbaycan Boru Prokatı zavodunda Stan-140 qurğusunda çilingər işləyib, dəfələrlə məhkum olunub. Birinci məhkumluğu: 17 dekabr 1976-cı ildə Sumqayıt şəhər Xalq Məhkəməsi tərəfindən Azərbaycan SSR CM-nin 207-ci maddəsinin 3-cü hissəsi ilə 3 il azadlıqdan şərti məhrumetmə cəzası; İkinci məhkumluğu: 30 yanvar 1981-ci ildə Azərbaycan SSR CM-nin 105-ci maddəsi ilə əmək haqqının 20 faizi tutulmaqla 1 il islah işləri; Üçüncü məhkumluğu: 5 aprel 1982-ci ildə Azərbaycan SSR CM-nin 108-ci maddəsinin 2-ci hissəsi, 143-cü maddəsinin 2-ci hissəsi, 215-3-cü maddənin 2-ci hissəsi və 215-ci maddəsi ilə 5 il 2 ay 13 gün müddətinə azadlıqdan məhrumetmə cəzası.

Əvvəllər müxtəlif cinayətlərə görə dəfələrlə məhkum olunmuş E.R.Qriqoryan sanki asta-asta əsas cinayətinə doğru gəlirmiş: 1988-ci il fevralın 28-də həyata keçirdiyi cinayətinə doğru. Həmin gün Qriqoryan Sumqayıt şəhərinin mikrorayonlarında və məhəllələrində ermənilər yaşayan mənzillərdə talanlar, dağıntılar, qəsdən yandırmalar və başqa oxşar əməllərlə müşayiət olunan kütləvi iğtişaşlarda bilavasitə iştirak etməkdə, bu iğtişaşların gedişində erməni millətindən olan vətəndaşların şəxsiyyəti və şəxsi mülkiyyəti əleyhinə bir sıra cinayətlər, eləcə də milli düşmənçiliyin və ayrıseçkiliyin qızışdırılmasına yönəlmiş əməllər törətməkdə ittiham edilmişdir.

Paşa ləqəbli E.Qriqoryan hadisələr zamanı 5 ermənini şəxsən özü öldürmüş, 8 erməni qadınını isə zorlamışdır. Bundan başqa onun bir dəstə rəhbəri kimi törədilmiş bütün cinayətlərdə əlinin olduğunu tərtib olunmuş ittiham aktları sübuta yetirir.

Məhkəmə Qriqoryanın təhriki ilə iğtişaşlarda iştirak etmiş azərbaycanlı Əhməd Əhmədov haqqında ölüm hökmü çıxarmış və hökm dərhal icra olunmuşdur. Əsas günahkar Qriqoryana isə 12 il iş kəsilmişdir, 1991-ci ildə cəza müddətinin çəkilməsi üçün Azərbaycandan çıxarılan Qriqoryan bir neçə ildən sonra naməlum səbəblər üzündən azadlığa buraxılmışdır. Hazırda o, Rusiyada yaşayır.

Baş Hakim dərhal söz götürdü:

-Dərhal deyim niyə naməlum səbəbə. Çünki, sübut olunub ki, Sumqayıt hadisələrini Qərb qarşısında SSRİ-ni dağıtmaq öhdəliyi, ermənilər qarşısında isə Dağlıq Qarabağın Ermənistana verilməsi öhtəliyini götürmüş Qorbaçovun  DTK-sı, həmin o məşhur sözlə desək, KQB-si Ermənistan KQB-sinin köməkliyi ilə törədib, Qriqoryan bu işdə başlıca rol alıb, rolun öhtəsindən məharətlə gəldiyi üçün də gözdən pərdə asmaq üçün həbs edilsə də, az keçmədən ölməsi barədə şayiə yayılaraq azadlığa buraxılıb.  Hazırda Qriqoryan Rusiyanın paytaxtı Moskvanın yaxınlığındakı Sergiyev Posad şəhərində, beşmərtəbəli yaşayış binasındakı mənzillərdən birində məskunlaşıb. Mən Divana hazırlıq mərhələsində onun yaşayışı ilə tanış da olmuşam. Tam eyş-işrət. Qəşəng qadınlar, yaxşı pul-para, kabab və araq məclisləri, ovçarka cinsindən sevimli it... Bu adamın heç vaxt öldürdüyü həmyerlilərinə görə vicdanı göynəməyib amma.

Qriqoryan istehza ilə yerindən söz atdı:

-Mən adam zad öldürməmişəm, Sumqayıtda erməniləri öldürürdülər, azərbaycanlılar da günahı mən yetimin üstünə atdılar ki, guya erməniləri öldürən öz erməniləridır.

Bu zaman dözə bilməyib yaşlı hakim müdaxilə etdi, əlindəki fotonu texniki heyətə verdi ki monitorda nümayiş etdirsinlər. Dama-dama ətəkdə, boz jaketdə, saçı pırtlaşıq bir qadın (erməni millətindən olması dərhal sezilirdi) bir neçə nəfərin arasında oturmuş Qriqoryanı əli ilə göstərirdi.

Yaşlı hakim fotoya şərh verdi:

-Bu foto 1988-ci il Sumqayıt hadisələrinin istintaqı zamanı çəkilib. Zərərçəkmiş Mejlumyan onu zorlamış Qriqoryanı bır neçə nəfərin əhatəsində olsa belə dərhal tanıyır.

Ardını Baş Hakim gətirdi:

-Qriqoryan, 3 min vərəqdən ibarət 60 cildlik istintaq sənədləri var əldə, sizin cinayətiniz ən xırda təfərrüatlarıyla birgə tam sübut olunub, indi burda artistlik etməyə nə lüzum? Mən təkrar edirəm, əlinizi öz xalqınızın qanına batırmısınız, bu illər ərzində, nə az, nə çox üstündən düz 31 il keçib, heçmi vicdan əzabı çəkməmisiniz?

Qriqoryan gözlənilmədən valı dəyişdi:

-Onlar satqınlar idi.

Auditoriyada çaşqınlıq yarandı. Dərhal Baş Hakim bu çaşqınlığı aradan götürmək üçün şərh verəsi oldu:

- Maraqlısı ondan ibarətdir ki, hadisələr zamanı SSRİ DTK-sının əsas məqsədi millətlərarası münaqişəni odlandırmaq, SSRİ-ni Qarabağ məsələsi ilə Sumqayıtdan başlayaraq dağıtmaq idisə də Ermənistan KQB-si də öz çirkin məqsədlərini ortaya qoymuşdu, istənilən ermənilər yox, məhz Sumqayıtda yaşayıb separatçıların yaratdıqları "Qarabağ" və "Krunk" təşkilatlarına pul köçürməyən ermənilər qətlə yetirilmişdi. Bu barədə Eduard Qriqoryan ətraflı təlimatlandırılmış və ona Sumqayıtda yaşayan həmin ermənilərin dəqiq siyahısı və ev ünvanları verilmişdi.

Auditoriya qəzəb və hiddət içində replikalar atmağa, fikir bildirməyə başladı.

Baş Hakim bir nüansa da toxundu, o söylədi ki, Sumqayıt hadisələrini günü bu gün də erməni millətçiləri əldə bayraq tutaraq “zavallı dinc ermənilərin vəhşi türklər tərəfindən genosidi” kimi qələmə verirlər, hətta 1992-ci ildə törətdikləri dəhşətli Xocalı soyqırımını da bəzi erməni mənbələri Sumqayıt hadisələrinə cavab reaksiyası adlandırırlar, hadisələrin törədilmə tarixləri də bunu sübut edir, 1988-ci ilin 28 fevralı və 1992-ci ilin 26 fevralı.

Sonra Baş Hakim dedi, gəlin internet axtarış resurslarında eksperiment üçün bir “Sumqayıt” sözü yazaq, görək nə çıxır. Qarşısındakı kompüterin göstəricilərini texniklər monitora yönləndirdilər. O, “Sumqayıt” yazdı, çıxan mətn avtomatik ermənicədən Axirət dilinə tərcümə edildi və hamı onu oxumağa başladı:

“1988-ci ildə baş vermiş Sumqayıt hadisələri 1915-ci ildə Osmanlı imperiyasında baş vermiş soyqırımın sanki davamıdır. Azərbaycanlılar ermənilərə qarşı olan qəddarlığı və nifrətinə görə türklərdən heç nə ilə fərqlənmirlər, əslində heç bir fərq ola da bilməz, çünki azərbaycanlılar türkdürlər. Sumqayıt - ermənilərin Azərbaycandan təhdid və terror yolu ilə birdəfəlik köçürülməsi planıdır.

Ermənilərin siyahılarının tutulması, müəssisələrdə soyuq silah (söhbət ilk növbədə, armatur çubuqlardan gedir) hazırlanması, talan günlərində şəhər rabitə qovşağı işçiləri tərəfindən telefonların kəsilməsi, bütövlükdə bir sıra məhəllə və mikrorayonlara elektrik enerjisinin verilməməsi, "istintaqa mane olmaqda davam edən uydurmalar" deyil, hadisələrdə üzdə olan faktlardır və onların nəzərə alınmaması istintaqı hakimiyyət tərəfindən nəzərdə tutulmuş dalana aparır.

Bunların izahını tarixdə, bəzi ideoloji və psixoloji həqiqətlərdə axtarmaq lazımdır. 1918-ci ildə Bakı şəhərində və 1920-ci ildə Şuşada törədilmiş erməni qırğını, yerli erməni əhalisinin Naxçıvan MSSR-dən müntəzəm surətdə sıxışdırılıb çıxarılması, milli zəmində tez-tez baş verən cinayətlər, bütün Azərbaycan Respublikası üzrə erməni əhalisinə qarşı daim və açıq-aşkar ayrı-seçkiliyin salınması, ermənilərin tarixi və memarlıq abidələrinin təhqir edilməsi, uşaqlıqdan ermənilərlə düşmənçiliyin təlqin edilməsi.”

Baş Hakim ikrahla söylədi:

-Ardını oxumayaq. Bir məsəl var, “Adımı sənə qoyum, səni də yana-yana qoyum”, bunlarınkı lap bu məsəldəkindəndir.

Sonra sözü ekspertlərə verdi. Ekspertlər Sumqayıt hadisələri barədə hazırladıqları arayışları təqdim etdilər:

“Arayış. 1988-ci il fevralın 27-dən 28-nə keçən gecə Azərbaycan SSR-in Sumqayıt şəhərində baş vermiş, nəticəsində 26-sı erməni, 6-sı isə azərbaycanlı olmaqla 32 nəfər həyatını itirmiş Sumqayıt hadisələrində 400-dən çox insan xəsarət alıb, 200-dən artıq mənzil talan edilib, 50-dən çox mədəni-məişət obyekti dağıdılıb, 40-dan çox avtomobil yandırılıb, şəhərə 7 milyon rubl və ya 10 milyon dollar məbləğində ziyan vurulub..

SSRİ Baş Prokurorluğu həmin cinayəti araşdırarkən 444 nəfər məhkəmə qarşısında cavab verməli olmuş, 400 nəfər isə 10-15 sutka təcridxanada saxlanılmışdı. Bir nəfər – Əhməd Əhmədov ölüm cəzasına məhkum olunmuşdu.

Həmin hadisələrin bəzi əsas məqamlarını xatırladaq. İğtişaşlardan bir neçə gün əvvəl 100-dən çox qara erməni ekstremisti Sumqayıta göndərilib. Onlar şəhərin “Dalğa” və “Sumqayıt” mehmanxanalarında gecələyiblər.

Şərti olaraq “Nalyotçik” adlandırılan qrupun üzvləri fevralın 27-də küçələrə çıxaraq əhali arasında ekstremist əhval-ruhiyyəli iş aparmağa başlayıblar. Sumqayıtın mərkəzi meydanında, bazar və univermaq ətrafında camaatı başına toplayan, əsasən qara meşin və dəri gödəkçələr geyinmiş bu naməlum şəxslər özlərini Ermənistandan qaçmış azərbaycanlılar kimi qələmə verir, ermənilərin onlara necə divan tutduqlarından dəhşətli faktlar danışırdılar.

Təhrikçilər insanları cürbəcür şüarlarla meydana topladılar. Mitinqlər başlandı və Sumqayıtda yaşayan ermənilərə divan tutmaq çağırışları eşidildi. Şəhər rəhbərliyi, ziyalılar əhalini şayiələrə uymamağa, təmkinli olmağa çağırsa da, artıq gec idi, ox yaydan çıxmışdı. Elə həmin andan qanunazidd hərəkətlər baş alıb getdi. Fevralın 27-29-da şəhərdə hadisələr idarəolunmaz şəkil aldı, yuxarıda qeyd etdiyimiz dağıdıcı nəticələrə gətirib çıxardı..

Ölüm hökmü almış azərbaycanlı Əhməd Əhmədovun hökmü ermənilərin təkidi ilə  tez-tələsik Moskvada yerinə yetirildi. Ziyalı ailədən olan azərbaycanlı Taleh Ismayılova da əsas təşkilatçı damğası vurularaq 15 il iş kəsildi. O, cəzasını “siyasi məhbus” kimi çəkmək üçün Tbilisiyə göndərildı, bir il sonra orada vəfat etdi”.

Birinci arayışdan sonra Qriqoryan danışmaq istədiyini bildirdi, amma nə düçündüsə, sonradan danışmadı, dedi, danışmaq hüququmu sonraya saxlayıram. Ardınca ikinci arayış səsləndi:

“Sumqayıt qırğınlarının fəal təşkilatçılarından olan bir neçə erməninin adı uzun müddət mətbuatdan, ictimaiyyətdən gizli saxlanıldı. Hüquq-mühafizə orqanlarının arxiv materiallarına istinad edərək onlardan bir neçəsinin adını nəzərinizə çatdırmaq istəyirik:

1. Levon Saturyan, Dağlıq Qarabağ Muxtar Vilayətinin Təklükəsizlik Komitəsinin əməkdaşı. Milli zəmində ¬anti-azərbaycan təbliğatı ilə məşğul olur, millətçi qüvvələri lazım olan informasiyalarla təmin edirdi.

2. Eduard Mosesov, Yerevanda nəşr olunan “Kommunist” qəzetinin müxbiri. Sumqayıtda video və foto çəkilişləri ilə məşğul olurdu.

3. Q.Ağacanyan, Yerevanda nəşr olunan “Kommunist” qəzetinin müxbiri, Sumqayıtda video və foto çəkilişləri ilə məşğul olurdu.

4. Albert Qriqoryan, Divanın müttəhimi Eduard Qriqoryanın qardaşı, iğtişaşda iştirak edən gənclərə narkotik paylayırdı.

 O ki qaldı əsas təşkilatçıya, məhz azərbaycanlılar hadisələrin təşkilatçısı kimi ağır cəzalar alsalar belə, təkzibedilməz faktlar və şahid ifadələri əsas təşkilatçının əvvəllər dəfələrlə məhkum olunmuş erməni Eduard Qriqoryan olduğunu göstərir.

Planlı təxribatın icraçısı olan Qriqoryan “Paşa” ləqəbi ilə tanınırdı. “Krunk” cəmiyyətinin fəal üzvlərindən idi. Gözünü qan örtmüş ədabaz gizlində özünü millətinin qəhrəmanı sayırdı. Hadisələrdən öncə təlimat almaq üçün dəfələrlə Xankəndinə gedib-gəlibmiş. Beli bağlı olduğuna görə heç nədən çəkinmirdi. Qanlı aksiyalarda Qriqoryan şəxsi “nümunə” göstərərək bir neçə ermənini öldürdü, bir neçə erməni qızını zorladı. Cinayətkar qruplar onun dirijorluğu ilə hərəkət edirdi. Paşanın cəza qruplarını talan və qətllər üçün yönəltdiyi ünvanlar isə “Krunk”a üzvlük haqqı ödəməyən ermənilərin mənzilləri idi.

Məlum olub ki, Yerevandan gələn emissarlar da Sumqayıtda Paşanı təlimatlandırıb, ona pul və narkotik veriblər. Ertəsi gün isə Qriqoryan tapşırıq üzrə fəaliyyətə başlayaraq ətrafına xeyli səbatsız gənci toplayıb və bəzi əməliyyatlarda iştirak etsələr, onlara çoxlu pul verəcəyini bildirməklə talanlara, qətllərə təhrik edib.

SSRİ DTK-sının himayə etdiyi qruplar şəhərin müxtəlif yerlərində qətliamlar törədib. 26 erməninin qətlə yetirilməsini məhz bu dəstələr həyata keçirib. Şəhərə yeridilən ordu hissələri isə bunları kənardan izlədikdən sonra fevralın 29-da hadisələrə müdaxilə edib. Nəticədə 6 azərbaycanlı PDM-lərin altında qalaraq şəhid olub.

Martın 1-də - iş işdən keçəndən sonra Sumqayıtda komendant saatı tətbiq olunub”.

Ekspertlərin arayışları səslənəndən sonra Baş Hakimdən icazə alaraq yaşlı hakim söz aldı:

-Möhtərəm Divan üzvləri, möhtərəm proses izləyiciləri. Sual edə bilərsiniz, niyə məhz Sumqayıt hadisələrində baş rol üçün Qriqoryan seçilib? Cavab çox bəsitdir: Bu şəxs sumqayıtlı idi, zahirən qətiyyən erməni görkəminə malik birisi deyildi. Onu daha çox rusa, ləzgiyə oxşatmaq olardı. Buna görə də yaxın ətrafında olan qısa dairədən başqa hamı onu ləzgi kimi tanıyırdı. Məhz bu səbəbdən, həm də Azərbaycan dilində təmiz danışdığından, onun baş verən cinayətlərdəki aktivliyi heç kimdə şübhə doğurmayacaqdı. Üstəlik, əvvəllər dəfələrlə məhkum olunması onun uf da demədən cinayət törədə biləcəyini təmin edirdi.

Yaşlı hakim nəfəsini dərib davam etdi:

-Başqa bir sualınız isə Qriqoryanın Sumqayıt hadisələrini törədən dəstəyə rəhbərlik etməsi faktının necə üzə çıxması ola bilər. İstintaq prosesi zamanı onun dəstə üzvləri arasında xüsusi nüfuza malik olması müşahidə edildi. Bu nüfuz qorxu səviyyəsinə gəlib çıxmışdı. Belə ki, məhkəmə iclaslarında bəzən təqsirləndirilən şəxslər çarpaz suallara cavab verilərkən, həqiqəti söyləyəndə, Qriqoryan bir baxışı ilə onları dərhal susdurur və dediklərindən imtina etməyə məcbur edirdi. Ümumiyyətlə, təqsirləndirilən şəxslər ifadə verərkən, bir gözləri daim Qriqoryanda olur, mimikasını izləyirdilər və onun mimikasındakı, hərəkətlərindəki hər hansı dəyişiklik onların ifadələrini dəyişməsinə kifayət edirdi. Qriqoryanın özünə arxayınlığı o qədər artmışdı ki, təqsirləndirilən şəxsləri təkcə təklikdə, üzləşmələrdə deyil, məhkəmə prosesində də açıq-aşkar təhdid edirdi. Qalib Məmmədov ifadə verərkən Qriqoryan bir neçə dəfə heç kimdən çəkinmədən ona “Sən prosesdən sonra baş verəcəkləri düşünmürsən?” – deyərək, hədə-qorxu da gəlmişdi. Bu cür hədə-qorxular tez-tez bütün təqsirləndirilən şəxslərə qarşı olurdu.

Yaşlı hakimə minnətdarlıq bildirdikdən sonra “İndi isə 1989-cu ildəki hadisəylə və məhkəmə prosesi ilə bağlı şahid və iştirakçı ifadələri səsləndirilsin” deyə Baş Hakim prosesin növbəti mərhələsinə keçid etdi.

Qriqoryan yerindən qışqırdı ki, “Mən şahid ifadələrinin səsləndirilməsinə etiraz edirəm. Şahidlərin hamısını satın almısınız”.

Erməni vəkil isə vəsadət qaldırdı ki, prosesdə Qriqoryanın həyat yoldaşının ifadəsi dinlənilsin, Qriqoryanın alibi var, hadisə günü o, həyuat yoldaşı ilə bağda olub, iki sutka Sumqayıta getməyiblər, bağda yeyib-içib cavanlıq ediblər.

Təbii ki, Baş Hakim tərəfindən bu vəsadət təmin olunmadı.

Şahidlərdən vaxtın dar olması səbəbindən olduqca qısa danışmaları xahiş edildi:

Sumqayıt hadisələrilə bağlı dövlət ittihamını müdafiə edən ovaxtkı prokuror Aslan İsmayılov ilk olaraq çıxış etdi:

-Qriqoryan haqqında verilən xasiyyətnamədə göstərilir ki, o, 10 yaşından atasız böyüyüb, onun tərbiyəsi ilə anası məşğul olub, orta məktəbdə pis oxuyub. Ancaq bu, heç də onun ağıl göstəricisi ilə bağlı deyildi. Çünki məhkəmə dindirmələri zamanı verdiyim çarpaz suallarda təqsirləndirilən şəxslərin hamısı bəzən həqiqəti söyləyirdilər. Qriqoryanı isə bu cür suallarla dolaşdırmaq mümkün deyildi. Ona sualları verəndə, sanki, əvvəlcədən fikrimi oxuyur, 3-4 sual sonra nə soruşacağımı bilirdi. Və bütün çarpaz suallara əvvəl düşünür, analiz edir, sonra cavab verirdi. Məhkəmə boyunca bir dəfə də olsun onun verilən suala dərhal cavab verməsinin şahidi olmadım. Verilmiş suala cavab tapmadıqda, o ya təhqirə keçir, yaxud da gülə-gülə “Cavab verməmək mənim hüququmdur” - deyirdi. Ola bilsin, o, yüksək savad sahibi deyildi, ancaq onun ağlı o iş üzrə bütün təqsirləndirilən şəxslərin bir yerdə olan ağlından daha üstün idi. Sanki, o, xüsusi hazırlıq keçmişdi.

Ardınca Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin Sumqayıt şöbəsinin ovaxtkı sədri polkovnik Vladimir Lebedev çıxış etdi:

– Sumqayıt hadisələrində Ermənistanın xüsusi xidmət orqanları və daşnak partiyasının millətçi üzvləri məharətlə işlədilər. Mikrorayonda kameralar quraşdırıldı, foto çəkilişlər aparıldı. Sonra sənədli film çəkib dünya ictimaiyyətinə çatdırdılar. Həmin film hadisələrdən sonra Fransada nümayiş etdirildi.

Hadisələrdən əvvəl Sumqayıtın ərzaq mağazalarına cədvələ uyğun olaraq həftədə bir dəfə araq gətirilirdi. Hadisələr ərəfəsində mağazaların birindən ticarət birliyinə zəng vurulmuşdu ki, təcili olaraq araq gətirilsin. Əvvəl buna etiraz etmişdilər. Yenidən israrla spirtli içki tələb olunmuşdu. Guya, mağazada araq qurtarıb. Biz bununla maraqlandıq və məlum oldu ki, zəng vuran da, mağaza müdiri də erməni imişlər. Onlar baza müdirinə külli miqdarda rüşvət verib, istəklərinə nail olmuşdular. Həmin günlər ermənilər Sumqayıtın bütün aptek müdirlərinə hədə-qorxu gələrək demidrol dərmanlarını əldə etmişdilər. Spirtli içki demidrolla birlikdə gənclərə paylanılmışdı. Səhiyyə işçiləri daha dəqiq deyə bilərlər, demidrolu spirtli içki ilə qarışdıranda təsiri adi narkotikdən də güclü olur, kişilərdə cinsi hormonları artırır.

Və bir şeyi də qeyd edim. 1991-ci ilin yanvar ayında SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin sabiq əməkdaşı A.Kiçixin Moskvada nəşr olunan “Stolitsa” jurnalında yazırdı: “Biz Sumqayıtda qanlı hadisələrin baş verəcəyi haqqında məlumatlı idik. Bu haqda DTK-ya məlumat verdik. Onlar da Mərkəzi Komitəni xəbərdar etdilər. Bizim bütün yazılı və şifahi məlumatlarımız MK-nın divarları arasında sükutla qarşılanırdı. Partiya rəhbərliyi separatçıların və cinayət dəstələrinin qarşısını almaq üçün heç nə etmədi”.

Sonra Aydın Məmmədov - Dövlət Təhlükəsizliyi Komitəsi Sumqayıt şəhər şöbəsi sədrinin sabiq müavini söz aldı:

-Sumqayıt hadisələrinin ssenarisi əvvəlcədən tutulmuşdu. SSRİ Dövlət Təhlükəsizlik Komitəsindən polkovnik Paponinin rəhbərliyi altında 30 nəfərdən ibarət bir heyət Sumqayıta gəldi. Onların Azərbaycan xalqının xeyrinə heç bir tədbir görmədiklərinin şahidi olduq, əksinə, ermənilərlə söhbətlərində onları azərbaycanlılara qarşı qızışdırırdılar. Qoşunların gözləmə mövqeyi də hamının təəccübünə səbəb olmuşdu. Məsələ isə aydın idi. Sumqayıtda təxribat törədilməli idi və törədildi də.

Ardınca Azərbaycanın sabiq daxili işlər naziri Ramil Usubov çıxış etdi:

-O vaxt Sumqayıta "DQMV-nin Ermənistan SSR-yə birləşməsi uğrunda Komitə"nin ("Krunk") fəal üzvü, erməni polkovniki Kələntərov gəlmişdi. Onda şəhərdə yaşayan ermənilərin siyahısı və ünvanları var idi. O, vaxtı ilə Sumqayıtın hərbi komissarı işləmişdi. Hadisələr zamanı məhz "Krunk"a üzvlük haqqı ödəməyən ermənilərin ailələri zorakılığa məruz qaldı. İstintaq müəyyən etdi ki, həlak olmuş ermənilərin əksəriyyəti "Krunk" komitəsinə pul ödəməkdən imtina edənlər idi. İğtişaşları qızışdıran təxribatçıların sırasında öz aralarında erməni dilində danışan, eyni zamanda Azərbaycan dilini gözəl bilən, əyinlərində qara plaş, gödəkçə olan adamlar var idi. Onlar kütlənin arasında təbliğat aparır, gənclərə spirtli içki və soyuq silah paylayırdılar.

Sonra isə 1988-ci ilin fevralında Azərbaycan KP Bakı Şəhər Komitəsininin 1-ci katibi olmuş Fuad Musayev çıxış etdi:

-Fevralın ortalarından Ermənistandan Bakıya yüzlərlə qaçqın gəlməyə başladı. Onlar Abşeron yarımadasının əslən ermənistanlı olanların məskunlaşdığı qəsəbələrində yerləşdirilirdi. Səhərlər oraya avtobuslar göndərilirdi və qaçqınlar şəhərə yollanırdı, lakin onlar şikayət etmək üçün Nazirlər Sovetinə, MK-ya və digər instansiyalara deyil, fəhlə və tələbə yataqxanalarına gedirdilər. Onların Ermənistanda ermənilərdən çəkdikləri təhqir, məhrumiyyət və zülm haqqında danışdıqları camaatı son dərəcə hiddətləndirirdi. Başa düşdüm ki, iş qırğına doğru gedir və bu qəsəbələrdən şəhərə gedən bütün yolları bağlamağı əmr etdim. Əmr yerinə yetirildi. Biz onları Bakıya buraxmadıq, əfsus ki,  Bakıdan 25 kilometr aralıda yerəşən kimyaçılar şəhəri Sumqayıtı onların üzünə bağlaya bilmədilər. Fevralın 27-də orada talan başlandı.

Prosesdə fasilə elan edildikdən sonra daha 9 şahid ifadə verdi və Baş Hakim üzünü Qriqoryana tutdu:

-Cənab Qriqoryan, bəlkə Divana sözünüz var?

Qriqoryan istehza ilə “Sözüm çoxdur, amma məqamında deyəcəyəm” söylədi, belədə Baş Hakim qəzəbini gizlətmədən Qriqoryan səmtə sözlər yağdırdı:

-– Cənab Qriqoryan, Sumqayıtda yerli agenturanın yerli DTK-ya verdiyi məlumata görə, hadisələr ərəfəsində Yerevandan sənin yanına iki emissar gəlmişdi. İkisi də qara plaş geyinmişdi. Bu, bir növ parol idi. Qaraplaşlılar uzaqdan biri-birini tanıyır, birgə hərəkət edirdilər. Sumqayıt DTK-sı həmin geyimlərlə  maraqlananda əllərinə şəkillər keçib. Öyrəniblər ki, Sovetin NKVD adlı cəza qurumunun arxivində həmin qara plaşlardan var. O plaşları 1943-cü ildə alman faşistləri onlara qulluq edən xüsusi təyinatlı ermənilərə verib təxribat törətməyi tapşırırmışlar. Ermənilərin 2-ci dünya müharibəsi illərində yaşadıqları sovetlər ölkəsinin tərəfində yox, düşmən faşistlərin tərəfində vuruşmasına biz Divan qurmuşuq artıq. Bu öz yerində. Bu, sizin xislətinizdir. İndi isə davamını gətirirəm. Şəxsən sənin Sumqayıt hadisələrinə rəhbərlik etmək faktın gözlənilmədən üzə çıxanda və sən həbs olunanda istər Yerevanda, istər Moskvada, istərsə də xarici mətbuatda səninlə bağlı böyük bir təbliğat kampaniyası başlanmışdı. Guya, Azərbaycanda sənə işgəncələr verilir, səni, ailəni incidirlər. Bunları bəhanə edən Kremlin rəhbərliyi hüquq-mühafizə orqanlarına tapşırdı ki, səni Ermənistana, ordan da Rusiyaya köçürsünlər. Sən beləcə Budyonovska gətirildin, orda sənə gözəl şərait yaradıldı. Tamaşaçılar bəlkə inanmaz, ancaq bu, həqiqətdir, sənə ayda bir dəfə Amerikadan ərzaq və geyim əşyalarından ibarət böyük bağlama gəlirdi. Almaniyadan dərman preparatları göndərilirdi. Çünki sən vərəm idin. Hər kəs sənin qayğına qalırdı. Sən həbsxanada yatmırdın, sanki, sanatoriyada dincəlirdin. Sən  indi də öz kefindəsən. Moskva ətrafında bəy balası kimi yaşayırsan. İçki, narkotik, qadınlar. Amma başının üstündəki qara kabusu görmürsən, sənin sonun artıq yetişib.

Qriqoryan yerindən qışqırdı:

-Mənim sonum yetişə bilməz, çünki mən ölümsüzəm, mən ölməz Koşşeyəm.

Divanın qaydalarına görə burda heç bir mətləb qaranlıq qala bilməzdi. Baş Hakim tamaşaçıların Ölməz Koşşeyin nə anlam daşıdığını anlamadıqlarını görəndə aydınlıq gətirdi ki, bu, bir slavyan migologiyası qəhrəmanının adıdır. Ardınca da Qriqoryana irad tutdu ki, bu düşüncənlə də yanlışsan, çünki ölməz adlandırılan Koşşeyin canı çox gizlin bir yerdə - okeandakı bir adada, bir palıd ağacının altındakı sandığın içindəki dovşanın daxilində yerləşən ördəyin içindəki iynədə olsa belə sonda hər halda tapılır və Koşşey öldürülür, necə ki, sənin də həmin bu sonun gəlib.

Baş Hakim təntənə ilə elan etdi:

-Divan insanlığa sığmayan cinayətlərinə görə Eduard Robertoviç Qriqoryana qeybedilmə cəzası kəsir və hökmün dərhal icra edilməsini tələb edir.

Qriqoryan qəhqəhə ilə ucadan güldü, qollarından tutub onu aparmaq istəyən mühafizəçilərə maneçilik törətmək məqsədi ilə dartındı, amma güclü mühafizəçilər bir anda onu səhnənin arxasına çəkib apardılar.

Hələ də eşitdiklərinə inanmayan bəzi tamaşaçılar Baş Hakimi əhatəyə alıb ona müəyyən suallar verir, bəzi qaranlıq məqamlara aydınlıq gətirməsini ondan xahiş edirdilər. Erməni millətinə aid olmaları duyulan bu şəxslər heç cür inanmaq istəmirdilər ki, erməni millətçiliyinin bu cür rəzil, çirkin tərəfləri varmış. Baş Hakim, eləcə də onun köməyinə yetişmiş yaşlı həmkarı bu şəxslərin tərəddüdlərinə inamla son qoymağı bacardılar.

Bu gün də beləcə sona yetdi.

  

DAVAMI VAR

 

“Ədəbiyyat və incəsənət”

(16.01.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.