“İndi sevmək də əzabdı…” -Əlizadə Nurinin şeirləri Featured

Poetik qiraət qubrikasında şair Əlizadə Nurinin “Ağırlıq” adlı silsilə şeirlərini oxucularımıza təqdim edirik. 

 

 

1.

Bir az yox kimiyik,

Bir az da varıq.

Yolun ağına düşüb,

Qara iş ardınca gedən adamlarıq,

Günəşin ovcunda əriyən qarıq…

 

Döyüş olmasa da, mühasirə var-

Göydə çar dayanıb,

Yerdə bu çarmıx.

Min ayaq qırılıb qalıb bu yolda

Hər ayaq yanında yorulmuş çarıq.

 

…İndi sevmək də əzabdı-

Qul əməyidi, qul.

Qarışqalardan başqa

Heç kəs işləmir bu kənddə,

Çoxu özünü GÜNƏ verib,

Gün keçirməklə məşğul.

 

…Və durub qaçmaq istəyirsən 

bu adamlardan

Atmaq istəyirsən özünü yer kürəsindən…

bir də baxıb görürsən ki,

yaxandan qızının əlləri tutub…

 

…Bir az əsəbi oluram-

 sevinc salam verməyərək,

 tez yanımdan sovuşanda.

 Öz yerini bilməyənlər 

 Allahın yerini soruşanda…

 

Qapımızı döyən olmasa da,

kölgəmizi döyən var.

Hər yerə baxdığından 

Heç yeri görməyən var.

 

2.

…Dənizi balığa görə sevirmiş,

Bu balıq sevdası, ilahi, nəydi?

Top da keçirən yox söz qapısından

Bütün atılanlar dirəyə dəydi…

 

Yüz dəfə bu ömrü dincə qoymuşam,

Bu ömür düzəlmir, bu “şum” düzəlmir.

Hər su yığınına dərya deyilməz,

Min qorxaq əsgərdən qoşun düzəlmir.

 

Niyə bu sevdalar uzaqdan keçir-

Yoxsa, mən  allahın yolu deyiləm?

Dilənçi ovcunu boş qoyan zaman, 

Elə bilirəm ki, dolu deyiləm…

 

3.

…Məni necə görəcəksən ki, qadın-

Sığındığın o kor bucaqdan?

Səni məni unutmaqdan zövq  alırsan,

Mən səni xatırlamaqdan…

 

Buludun yanında üşüyürəm mən,

Amma həvəs də yox yerə düşməyə.

bir az fərqimiz var, qadın-

Sən suya, mən isə oda təşnəyəm.

 

…Dərd də sahibsiz deyil, 

Onun da yiyəsi var. 

Sənin olan hər şey sənin deyil ki,

Dünya allahındı, ölüm bizimdi.

 

Hamı yaşayırmış öz ölümündə-

Hamının getməyə bir yeri varmış…

 

…Bir qürub çağında mən də gedərəm,

Arxamca əllərin ağlayar, qadın…

 

“Ədəbiyyat və incəsənət”

(12.01.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.