Huşsuz heykəlin hekayəti - Vaqif Səmədoğlunun mono-pyesi Featured

2-ci hissə

 

 

Pah atonnan, ay gidi dünya! Millətçi olmamağım yadımdadı, di gəl, kim olmağım yox. Deyəsən, məndən bədbaxt heykəl yoxdur yer üzündə. Qoy bir də baxım bu andıra. (postamentə baxır, başını bulayır) 

Bir dənə hərif görünür - H. Bəlkə H deyil, böyük N-dır? Bəlkə, mənə latın əlifbası vaxtında heykəl qoyublar? Əlifbaların üçü də yadımdadı, özüm yox... Deyəsən, fırıldaq adam olmuşam. Bəlkə, qumarbaz? Yox, Sovet hökuməti qumarbaza heykəl qoymaz. Afərin olsun belə hökumətə ki, kim olduğumu yadından çıxarıb, harada yaşadığımı unutmamışam. Yeridiblər. Elə yeridiblər ki, 200 il ayaq üstə, ya ottux yerdə, əli yuxarı, ya əli aşağı dur bu torpaqda, fərqi yoxdur - səni tuncdan kim töküb, qranitdən kim yonub - beynindən çıxmaz. Əlbəttə ki, vaxtaşırı, bax, indiki kimi gəlib səni uçurtmayalar. Hər şey yadımdadı, adımdan savayı. Bəs, din necə? Deyəsən, müsəlman olmuşam. Amma hardan bilmək olar bunu? Bu din məsələsində də bir az cəncələ düşdüm, deyəsən. Görəsən, adamın heykəli düzələndə heykəltəraş, türkün sözü, hər şeyi qayırır? Yoxsa, elə üzdə olanları? (üst-başına baxır). Yox, tapa bilmədim onu da. Yeri yadımdan çıxıb. Amma bilirəm, elə bir şey var idi məndə. Nə vaxtsa... Neyləyim mən, ay camaat. Gül kimi durmuşdum orda. Eh, gecələr mənim ayaqlarımın altında o qədər araq içiblər ki, gəl görəsən. Vay dədə, necə antisovet söhbətlər eşitmişəm mən burdan, necə! Yox, nə deyirsiz - deyin, amma heykəl olmağın müsbət tərəfləri də var. Görürsən, eşidirsən, istəsən də heç kəsin işinə qarışa bilməzsən. Necə qarışasan? His, tüstü... basır adamı, daha doğrusu, adam heykəli. Yayda lap dilxorçuluq olur bunun ucundan. Heç olmasa, ildə bir dəfə gəlib adamı şlanqla yumurlar. Maşın yuyurlar, heykəl yumurlar. Maşın heykəli... Yaxşı, bəs, mənim maşı- nımın heykəlini neyçin qoymayıblar? İndiki kimi yadımdadı, mən ölüm, əntiqə maşınım var idi mənim - ZİS-110. Yox, ZİS-105. 110 kişidəydi - 01 - 01. Qara rəngli. Biri də Teymur Quliyevdə idi. Maşınlar da yadımdadı, rəhbərlər də. Özüm yadımdan çıxmışam. Ailəmi unutmuşam. Yaşadığım ev yadımdadı. Bax, bu boyda otaq var idi, heykəlim duran yerdə iri bir stol vardı. Nikolaydan qalma. Açılanda, ehey, burdan ora qədər uzanardı. Yeddi, bəlkə, on metr olardı, mən ölüm. Dayan, dayan, qonaqlıq olanda, üstünə ağappaq süfrə salardılar, bir dənə süfrə o boyda stolun üstünü örtərdi. Süfrənin də tən ortasında Q. Z. T. hərfləri tikilmişdi ipək sapla. Qadji Zeynalabdin Taqiev. Hacının malları ya satılanda, ya da təzə hökumətin adamlarının arasında bölüşdürüləndə, süfrə gəlib çıxmışdı bizə. Gözündə pensne olan bir kişi gətirmişdi. Ya babam idi, ya atam. İşə bax, süfrə yadda qalıb, ata, ya baba yox. Bu da, deyəsən, bolşeviklərin işidi. Ya da o süfrəni hazırlayan, toxuyan ustaların bacarığı, sənətkarlığı. Neyləyim, ay dədə. Bəlkə, gözündə, daha doğrusu, burnunun üstündə pensne gəzdirən kişi babam, atam yox, dayım olub? Dayım bizim evdə yaşayırdı, yəni? Axı, pensnesi tumboçkanın üstündə olardı, yanında stəkan, stəkanın içində qoyma dişləri, bir də kitab... dayan, dayan, hə, kitab... üstündə “Qılınc və qələm”. Maksim Qorkinin poeması? Yox, əşşi kimsə bizimkilərdən yazmışdı. Deyəsən. Yox, bizimkilər “Gələcək Gün” romanını yazmışdı. Yaxşı, bəs, o pensneli kişi kimiydi? Sir-sifət- dən bir balaca Molotova oxşayırdı. Hə, iki dənə çarpayı vardı. Birində o Molotova oxşayan kişi yatardı, o birində... Ay ana, sənə qurban olum, adın yadımdan çıxıb. Adın hardadır, ay ana? İki çarpayının tən ortasında, divarda şəklin də varıydı. Başına çəpəki beretka qoymuşdun... Bax, burda idi şəklin.

(Bu yerdən başlayaraq Heykəl evi bəzəməyə başlayır. Mümkün olan avadanlığı, şəkilləri, qapı-pəncərə şəkillərini yerinə qoyur. Patefon gətirir, uşaq velosipedi tapır. Xülasə, səhnənin dekorlarını, atributlarını yerbəyer eləməyə, onları canlandırmağa başlayır.)

Adın neyçin yadımdan çıxıb, məmə? Bəlkə, sağsan, məmə? Yox, mən azı, 20-30 ildi heykələm. Bəlkə, ondan da çox. Eh... Kül mənim heykəl başıma. Adə, ay Sovet hökuməti, atasını-anasını unutmuş adama da heç heykəl qoyarlar! Lap 5 dəfə Sosialist əməyi qəhrəmanı olsun, cəhənnəmə ki! Əslini- nəslini unudanlara da şəhərlərin meydanlarını verərlər? Günahdı, axı! “Gü- nah” sözü də yadımdadı, anamın adı yox. İyi də yadımdadı anamın. Heykəl burnumdan da sovuşmayıb ana ətri. Krepdeşin paltarda, bax, burda, burda pəncərə varıydı (pəncərəni yerinə qoyur), onun qabağında durub, hər axşamüstü... hə, hə... maşın gözləyərdi. Maşın siqnalı... turacı siqnal - dad, məni tutdular, dad, məni tutdular. Ay millət, pəncərənin qabağında anam yox, mən durardım. Siqnal eşidən kimi qışqırardım: “Mama, mama, papa gəldi”. ZİS- 105. Şofer də Anatoli. Ay Allah, sənə qurban olum, maşının da, şoferin də adları yadımda, ata - ananı neyçin silmisən huşumdan? (ağlayır) 

Yaxşı, bəs, o maşında gələn kişinin, dəqiq atam olan kişinin gözündə pensne yox idi, axı. Bəs, bax, burdakı çarpayıda yatan kişinin... Tumbuçka burdaydı, üstündə pensne, içində qoyma dişlər olan stəkan, bir də Maksim Qorkinin “Qılınc və Qələm” romanı. Ancaq mənim pəncərə qabağında gözlədiyim kişinin ağzındakı öz dişləriydi, gözləri də yaxşı görürdü. İndiki kimi yadımdadı. Uşaqlığım da yadımdadı. Kaş uşaqlığımın da heykəli olaydı. Niyə, görəsən, körpələrə heykəl qoymurlar? Əşşi, hamının uşaqlıq fotosu olmur? Qoy uşaqlıq heykəli də olsun. Bax, burda, vallah, indiki kimi yadımdadı, burada ramkada mənim uşaqlıq şəklim vardı, özü də tumançaq. Pensneli kişi hərdən ona baxıb, “qıqılı”, ”qıqılı” deyirdi. Bəlkə, babam idi o? Ay Allah, öldür də məni. Ölsəm necə, harada basdırarlar məni? Heykəl qəbiristanlığı var, görəsən? Sovet hökumətində gərək olsun, olmalıdır. Qurulan gündən elə vurhavurdu, uçurthauçurtdu. Xeyli qəbiristanlıqlar salmaq olardı bu məmləkətdə. Ölü heykəlləri diri heykəllər basdırardı. Bala heykəllərin üstündə ana heykəllər tuncdan, mərmərdən göz yaşı tökərdi. Ağı-bayatı deyərdi ana heykəllər. Ay kişilər, Kirovun yerində bir dənə nəhəng Göz Yaşı heykəli, abidəsi ucaltmaq lazımdır. 

 

Göz yaşı axıtdım bizim bu ellə, 

Çiynimdə lopatka, əlimdə bellə.

 

Hayıf bizdən, hayıf. Gül kimi millət ola bilərdik. Vaxtaşırı camaatımız susub, heykəllərimiz dil açmasaydı. Bəli, bəli, yer üzündə qoyulmuş heykəllər vaxtaşırı dil açırlar. Xüsusilə dövlət xadimləri, prezidentlər və nəhayət, imperatorlar. Amma sözləri həmişə keçmir. Vay o gündən, dil açan heykəllərin səsi, sözü eşidildi... Onda həngamə başlanır. Neyləmək olar. Həyatdı da. Hamı diri ola bilməz ki! Hamının da heykəli ola bilməz. Odur, dünya dediyimizdə çərxi-fələk elə dönür ki, hər bir milyon adamın yerinə bir heykəl ağız açıb danışmalı olur. Yəni, milyon adamın sinəsi, türkün sözü, dolur, dolur, dolur. Milyon məxluq bir yerdə, türkün sözü, sinəsini boşalda bilməz və onların yerinə heykəl danışmağa başlayır. Amma hayıf bizdən, hayıf. Çünki o milyon adamdan biri də bizim səsimizi eşidə bilməz, qadir deyil diri ət qulaq, ölü tunc ağızdan çıxan sözləri eşitməyə. Əslinə qalsa, bizim dilimizdə danışan bir kəs də yoxdur. Bəlkə də, var - bilmirəm... Odur, ay kişilər, heykəlləri çox uçurtmayın, birdən uçarlar. Qanad açıb uçarlar. Bir də görərsiniz, hər baharda uçurtduğunuz heykəllər qatar-qatar düzülüb, odur ha, gəlirlər yer üzüylə. Hara qonacaqlar? Bir də gördün... on tonluq heykəli sənin damına qonmaq istəyir. Bax, belə, quşbazlar kimi fit çalacaqsan? Yoxsa, “kiş-kiş” deyəcəksən? Dədəm vay...

1991

 

“Ədəbiyyat və incəsənət”

(11.01.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.