Xəbər verdiyimiz kimi, “Söz” ədəbi layihəsi və Mədəniyyət Nazirliyinin dəstəyi ilə tezliklə “İgidlərin sözü!!!” adlı antologiya işıq üzü görəcək. Bu gündən etibarən döyüşən əsgərlərimzin şerlərini öz ifalarında dinləyicilərə, “SÖZ” layihəsinin pərəstişkarlarına və geniş oxucu kütləsinə layihə təşkilatçıları YouTube platformasında və digər sosial medialarda təqdim etməyə başlayıb.
“İgidlərin SÖZÜ” kitabında toplanan şerlərin, esselərin içərisində həm də döyüşlər gedən anda yazılanları vardır. Xatırlatmaq istəyirik ki, “İgidlərin SÖZÜ” kitabının ideya müəllifi “SÖZ” ədəbi layihəsinin rəhbəri Nigar Həsənzadə, kitabın redaktoru isə Aida Eyvazlı Göytürkdür.
“İgidlərin sözü” kitabında aprel şəhidləri Nazim Şamaxılı, Mikayıl Vahabzadə, Mirsalam Cəfərov, II Qarabağ şəhidləri polkovnik-leytenant Elzamin Təhməzov, mayor Mehman Süleymanov, şəhid əsgərlər Şahgündüz Cabbarov, Murad Mayıl oğlu Nəbiyev, Vətən müharibəsi iştirakçıları Vüsal Hətəmov, Kərəm Aydın, Emin Piri, Sərxan Yolçuyev, Həsən Kür, Orxan Səlifov, Cavid Əli oğlu , Tofiq Əhməd, Eyvaz Əyyub, Araz Əfəndi, Səbuhi Qurbanov, Elvin İntiqamoğlu, Oğuz Alparslan, Nicat Ağayevin yaradıcılıqları yer alıb.
“Ədəbiyyat və incəsənət” portalı sizə layihəyə qatılmış gənc şair Həsən Kürün “Son döyüş” şeirini təqdim edir:
Son döyüş
(Şeirdə adları çəkilən Raqil və Sübhan eyni gün döyüşə qatılan, eyni gün şəhid olan Salyan rayon, Dayıkənd kəndinin şəhidləridir.)
-Raqil eşidirsən? Mənə cavab ver!
-Sübhan, mən deyəsən yaralanmışam.
Tərpədə bilmirəm heç bir yerimi,
Elə bil ölmüşəm, cansız bir daşam.
-Yox , sən ölməyəcək, yaşayacaqsan,
İndi harda olsa gələr uşaqlar.
Qardaş ürəyini buz kimi saxla,
Onlar gəlib bizi aparacaqlar.
-Sübhan, sən necəsən? Yaran dərindi?
-Bilmirəm, amma bərk ağrıyır başım.
-Özünü qorxutma, bir az möhkəm ol,
Sən sağ qalacaqsan, əziz qardaşım.
-Komandir! Komandir! Yoldaş leytenant!
-Dayan Sübhan, dayan, yorma özünü.
Deyəsən komandir şəhid olubdur,
Həyata əbədi yumub gözünü.
-Yazıq... yetim qoydu uşaqlarını
Canın qurban verdi Ana Vətənə.
Dünən gecə yarı bir az dərdləşdik,
Qızının şəklini göstərdi mənə.
-Danışma qardaşım, taqətdən düşmə,
Mənim indi səndən bir istəyim var.
Götür bu məktubu, mən şəhid olsam,
Verərsən anama, açıb qoxlayar.
Bilsin ki içimdən nə hisslər keçib,
Bilsin ki Vətəni necə sevirdim.
Təsəlli tapsın ki, mən şəhid oldum,
Sevinə-sevinə məzara girdim.
-Yox, ölməyəcəksən, belə danışma!
Anan qalmayacaq gözləri ağlar.
Bütün qohumların, bütün dostların,
Gələn il toyuna yığılacaqlar.
Birlikdə gəlmişik cəbhəyə, Raqil,
Kəndə də, birlikdə qayıdaydıq kaş.
Əgər yolumuzu ölüm kəsdisə,
Sən ölmə, yerinə mən ölüm, qardaş.
-Ay Sübhan, bədənim oldu buz kimi,
Gözüm heç bir yeri görmür elə bil...
-Dayan... bir az dayan, ölmə qardaşım,
Raqil... ölmə Raqil... cavab ver Raqil...