Bu gün Nizaminin 1295-ci ildə üzü köçürülən ən qədim əlyazmasının elektron nüsxəsinin təqdimatı olacaq Featured

Əslində bu xəbər bütün xəbər agentliklərinin, saytlarının və portallarının baş xəbəri olmalı, manşetləri bəzəməlidir. Amma nə yazıq ki, bizim ölkəmizdə “Filan rayonda ər arvadını baltaladı”, “Filan müğənni filan müğənniyə söydü”, “Filan məşhurun intim fotoları yayıldı” başlıqlı yazılar başda dayanır. 

Nə isə. Xəbərə keçək. 

 

Azərbaycan Milli Kitabxanası Mədəniyyət Nazirliyi ilə birgə “Milli-mənəvi sərvətlərimizin Vətənə qayıdışı” layihəsini həyata keçirir və budur, bu layihə  çərçivəsində inanılmaz bir iş reallaşıb: dünyanın ən zəngin kitabxanalarında, o cümlədən Vatikan kitabxanasında mühafizə olunan böyük Azərbaycan şairi Nizami Gəncəvinin 156 nadir əlyazmasının elektron  nüsxələrinin ölkəmizə gətirilməsini təmin edib.

 

Milli Kitabxananın açıqlamasında bildirilib ki, bu qiymətli əlyazmaların 30 nüsxəsi hər biri 1 nüsxə olmaqla nəfis şəkildə çap olunaraq nadir kitablar fonduna daxil olunub.

Araşdırma zamanı onların arasında dahi Nizaminin şeirlərinin də yer aldığı 1295-ci ildə köçürülən və böyük şairin ən qədim əlyazması olduğu ehtimal edilən nüsxənin olduğu və 1312-ci ildə köçürülmüş ən qədim “Xəmsə” əlyazması da aşkar olunub.

Bu gün - yanvarın 10-da Milli Kitabxanada həmin nadir nüsxələrin mütəxəssislərə, elmi və geniş ictimaiyyətə təqdimat mərasimi keçiriləcək. 

Təkrarlayırıq, bu tarixi bir hadisədir.

 

“Ədəbiyyat və incəsənət”

(10.01.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.