Ötən ilin əsas ədəbiyyat hadisələrindən biri də Qubada keçirilən SilkWay Beynəlxalq Ədəbiyyat Festivalının Azərbaycan turu oldu ki, 32 finalçının əsərlərindən ibarət Antologiya bu il “Azərkitab” Yayınlarında nəşr olunacaq. Festivalın rəsmi media dəstəkçisi olan “Ədəbiyyat və incəsənət” portalı antologiyaya daxil ediləcək əsərlərlə oxucularını tanış edir.
Ruslan Dost Əli (Cahangirli)
1993-cü ildə Bərdə rayonunun Xanərəb kəndində doğulub.
2015-ci ildə Türk ədəbiyyatında uğurlu addımlarına görə Şahmar Əkbərzadə adına "Beynəlxalaq Ədəbiyyat Mükafatı"na layiq görülüb.
2016-2018-ci illər arası Azərbaycan Prezidentinin gənc yazıçılar üçün nəzərdə tutulmuş təqaüdünə layiq görülüb.
Azərbaycan Xalq Cümhuriyyətinin 100 və Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyləri ilə bağlı Qazaxıstanda nəşr edilmiş "28 May" qəzetinin ideya müəllifi və baş redaktorudur.
2020-ci ildə Gənclər və İdman Nazirliyinin "İlin gənci" mükafatına layiq görülüb.
2016-cı ildə "Ruslan dostumun kitabı" adlı kitabı nəşr olunub.
Bir sıra ədəbi müsabiqələrdə l-ci yerə layiq görülüb.
Ruslanın şeirləri maraqla oxunur və qədərincə də bəyənilir. “Sənə bir şeir yazmışam, incimə, səndən qəşəngdi...” misralarının gözəlliyinə sözmü demək olar? Yaxud da, “O buz otaqda az üşü, göndərdiyim məktubları, yığ, topla, alışdır, getsin...” misralarının hərarətinə hərarətmi çatar?
Qeyd edək ki, SilkWay Beynəlxalq Ədəbiyyat Festivalının Azərbaycan turunun qalibi məhz Ruslan olub.
***
Bu payız vaxtın eşqinə,
qaş-qabağınla yer süpür,
alnını qırışdır, getsin...
O buz otaqda az üşü,
göndərdiyim məktubları
yığ, topla, alışdır, getsin...
Divardakı mən deyiləm,
şəkildi də, kin saxlama,
bir söz de, danışdır, getsin...
Yenə səksəndim, ay dəli,
belə qəfildən yadıma
düşməyi... yığışdır, getsin...
* * *
Bu pulun olmayan vaxtı,
deyirəm, noola, bircə dəfə
yeyib-içəsən, deyələr
hesabı şeirnən ödə...
Ömrün-günün qara vaxtı,
şeiri bir bəyaz boya san...
Bircə səhər üzün gülə:
məktəbə gedən oğlunun
cibinə şeir qoyasan...
Yazmağa həvəsin ola,
nəyəsə yaraya şeir...
Bir ovuc küldən ötəri
özünü yandırmayasan,
basasan yaraya şeir...
Qəm eləmə, qoca şair,
hərf-hərf oxuduğun
alnınsa... yaxşı olacaq!
Fikri satışa qoymuşam,
alınsa yaxşı olacaq...
* * *
Səni mən tək sevməyənlər,
bilirəm, mənnən qəşəngdi.
Adam var, adamdan qəşəng,
gün var ki, günnən qəşəngdi...
İslandıqca baxışlar da,
aram dəyir yağışlarnan.
Alnım, üzüm qırışlarnan,
saçlarım dənnən qəşəngdi...
Ruhum sevgi, səsim sevgi,
quruca nəfəsim - sevgi.
Kim nə deyir desin, sevgi,
imandan, dindən qəşəngdi!
Səni sözə oxşatmışam,
nə cür görmüşəm, yozmuşam;
Sənə bir şeir yazmışam,
incimə, səndən qəşəngdi...
* * *
Hərə bir zümzümə edir keçmişdən,
hərə içində bir bəstə saxlayır...
Məni bu od-ocaq qızdırmır daha,
məni xatirələr isti saxlayır...
Gəlib məhləmizdə az tutmayıblar,
qızlar gəlinciyi, donu əlimdə...
Mən də böyüməyə tərəf qaçardım,
qarğı atım vardı - onun belində...
Gedib kitablarda quş axtarardım,
rəsm dəftərimə şəkil çəkməyə...
“Klas”a bir yastı daş axtarardım,
indi daş gəzirəm bir ev tikməyə...
Deyimmi, xəlvətcə, ağac başına
çıxıb yuvaları yoxlamağımı;
Körpə budaqlardan yay-ox düzəldib,
günahsız göy üzün oxlamağımı?
Canım bahasına ala bilmərəm,
suyu qiymətinə satdıqlarımı...
Sonradan səngərdə döyüşən gördüm,
taxta avtomatla “atdıqlarım”ı...
Götürüb üstünə adımı yazdım,
bir arxa tulladım, getdi-gəlmədi -
Mənim uşaqlığım, ahh... uşaqlığım
kağız gəmilərdə batdı, gəlmədi...
“Ədəbiyyat və incəsənət”
(10.01.2023)