“Hərəmiz bir eşqə qurban getmişik” – yazıçı Əyyub Qiyasın şeirləri Featured

 İstedadlı yazıçı Əyyub Qiyası biz romanları ilə tanıyırıq. Xüsusən onun “Qara işıq”, "Sonuncu büt"  və "Köpək bürcü" kimi romanları, “İtvuran” hekayəsi böyük oxucu kütləsinin rəqbətini qazanıb. Amma ara-sıra o, sosial şəbəkədə Qi Or El təxəllüsü ilə yazdığı şeirlərini də paylaşır. Bu gün Əyyub Qiyas öz yeni şeirlərindən bir neçəsini “Ədəbiyyat və incəsənət” portalının oxucularına təqdim edir. Buyurun, lirik ovqata köklənin.

 

 

XATİRƏ DƏFTƏRİ

 

 

Mənim ürəyimin ucqar yerində

 

Sənə oxşatdığım bir qadın qalıb.

 

Köhnə kağızların içində itən

 

Ünvanın, xatirən və... adın qalıb...

 

 

 

Zaman qərinəni adlayıb keçib,

 

O vaxtdan indiyə adlar dəyişib.

 

Adamlar dəyişib o vaxtdan bəri,

 

Doğmalar dəyişib, yadlar dəyişib.

 

 

 

Hərəmiz bir eşqə qurban getmişik,

 

Susub barışmışıq bu dünya ilə.

 

Çoxu bu savaşdan məğlub ayrılıb,

 

Bizim savaşımız bitməyib hələ.

 

 

 

Gözümüz yol çəkir gör neçə vaxtdır,

 

Səsimiz illərin içində itib.

 

Çoxunun başını ayrılıq qatıb,

 

Hərə bir küçədə, bir tində itib.

 

 

 

Gündüz yuvasından perik quşlara

 

Baxıb evimizə dönmüşük gecə.

 

Hərdən araq içib sərxoş olmuşuq... 

 

Hərdən ayılmışıq araq içincə... 

 

 

 

Nə qədər sirr qalıb ürəyimizdə,

 

Qatıb başımızı bu oğul-uşaq.

 

Elə bilmişik ki o güzgülərdən

 

Nə vaxtsa bir cavan adam baxacaq...

 

 

 

Bəzən üzümzdə donub təbəssüm,

 

Bəzən sıxılmışıq deyib-güləndə.

 

Ürək ev deyil ki qapısı ola,

 

Açasan ən əziz qonaq gələndə.

 

 

 

Hər ürək gör neçə eşqə məzardı,

 

Vaxt olub özgəyə “balam” demişik.

 

Ağzımız gerçəklə dolub, hər dəfə

 

Vurub ağzımızdan yalan demişik.

 

 

 

Yalandır dən düşüb saça, yalandır...

 

Biz ağlı kəsməyən uşağıq hələ.

 

Quzeyə yığılan qar topasıyıq

 

Günəşin gözündən uzağıq hələ.

 

 

 

Bilirəm, evinin gizli yerində

 

“Xatirə dəftəri” qalıb toz çəkir.

 

Məni unutmağa nə var ki, qadın,

 

Oxu yazdığımı... sözü söz çəkir.

 

 

 

Salam, unutduğum, sevdiyim qadın...

 

Dur aç o dəftəri, orda adım var...

 

Bəlkə o günlərə bir də qayıtdıq...

 

Dünyanın işini nə bilmək olar...

 

 

 

 

 

SƏN Kİ, YUXULARIMIN...

 

 

 

Sən ki yuxularımın ən əziz qonağısan,

 

Mən səni gerçəklərin qucağında tapmışam.

 

Niyə çox gecikmisən, kaş ki heç gəlməyəydin...

 

Niyə səni ömrümün bu çağında tapmışam?!

 

 

 

Ay zalımın balası, bu qədər zalım olma,

 

Eşq kiminə sevincdir, kiminə də dərd, kədər.

 

Kim deyir ki, Leylilik, Məcnunluq vaxtı keçib?!

 

Eşq var elə indi də adamı başdan edər.

 

 

 

Hə, mənim "küçələrə su səpən..." vaxtım deyil,

 

Eyvanların altında dolaşmağımdan keçib.

 

Evinizin titində məni pusquya salan

 

Məhlə uşaqlarıyla dalaşmağımdan keçib.

 

 

 

Əslində çox şey keçib - zaman... qatar... ömür... sən...

 

Keçməyən ürəyimin içindəki bir addı.

 

Bax, sənin gözlərində yaş kimi sallanmışam,

 

Ordan ölümə qədər – cəmi ikicə addım...

 

 

 

Sən ki, yuxularımın ən əziz qonağıydın...

 

Məni həsrət qoymusan bu gözəl qonaqlığa.

 

Özün yaxşı bilirsən, yeyib-içən oğlanam,

 

Gəlsən şərab içərik yenə “həmən” sağlığa!

 

 

 

Amma açığın deyim, özümdə də günah var,

 

Yuxum ərşə çəkilib, yəqin xəbər tutmusan.

 

Bəlkə gəlib-gedirsən... yatağımda olmuram,

 

Mənsə elə bilirəm, sən məni unutmusan... 

 

 

 

Nəsə... yatmaq vaxtıdır,  səhərə lap az qalır,

 

Gedim atım kəlləmi.  Bəlkə gəldin – kim bilir?!

 

Sən ki yuxularımın ən əziz qonağısan... 

 

Mənim yuxularımda sevdiklərim dirilir... 

 

 

 

 

 

ŞƏKİLDƏKİ QADIN 

 

 

 

Sabahların birində oyanırsan yataqda,

 

Elə bilirsən hələ yuxu görürsən, yuxu.

 

Gözlərini döyürsən: 

 

– Nə ətirdir otaqda?!

 

Otağın havasını dəyişmişdim mən axı...

 

 

 

Yatağında dikəlib, baxırsan divarlara....

 

Çərçivədən bir şəkil sənə baxıb qımışır.

 

Birdən qəribsəyirsən:

 

– Mən hara, bura hara?

 

O kimdir, yan otaqda, öz-özünə danışır?!

 

 

 

O kimdir pıçıldaşır?

 

Axı kim var bu evdə?

 

O nə səsdir, bir baxım...

 

Cumursan yan otağa.

 

Görürsən bir qadın var, büzüşüb bir tərəfdə,

 

Qorxursan yaxınlaşıb, saçına toxunmağa...

 

 

 

Üzünü görmək üçün bilmirsən nə edəsən.

 

Danışmaq istəyirsən, 

 

                 səsin batır eləcə...

 

– Ətri də tanış gəlir mənə axı deyəsən.

 

Bu qadın buralara necə gəlib, bəs necə?

 

 

 

– Bəs onun gəlişindən niyə yoxdur xəbərim?

 

Kim onu qarşılayıb?

 

Bəs kim açıb qapını?

 

Oyatmaq istəyirsən köhnə xatirələri,

 

Birdən xatırlayırsan şəkildəki qadını.

 

 

 

– Bu ki odur, o qadın... 

 

Tanış saçlar, xoş qoxu...

 

Bəlkə yuxu görürəm?!

 

Çimdikləyin bir məni .

 

Evdəkilər hardadır?

 

Hara gediblər axı?!

 

Kim asıb divarımdan o qadının şəklini?

 

 

 

Bir az cəsarət tapıb ona doğru gedirsən,

 

İrəli uzadırsan titrək barmaqlarını.

 

Qəribədir, sən onu şəkil tək hiss edirsən...

 

Qəlbinin döyüntüsü yarır qulaqlarını.

 

 

 

Üzünə toxunursan, gözlərinə baxırsan...

 

Onun hərarətindən barmaqların alışır.

 

– Hey... səni tanıyıram, şəkildəki qadınsan.

 

Bax, evimdə nə varsa ancaq səndən danışır...

 

 

 

Axı hara getmişdin, gözlərim yol çəkirdi?!

 

Nə yaman uzun oldu bu sonuncu gedişin?!

 

Səni hansı küləklər yenə bura gətirdi?!

 

Daha başından çıxart bu qəribə vərdişi... 

 

 

 

Üzünə gülümsəyir, evinə nur çilənir,

 

Sənə baxıb astaca pıçıldayır nə isə.

 

– Nə dedin, eşitmədim, səsin qırıldı yenə...

 

Bir az ucadan danış... Bax da... əgər mümkünsə...

 

 

 

Bu dəfə onun səsi qucaqlayır ruhunu .

 

– Susma, danış, nə olar! 

 

Davam elə, sən danış...

 

Dünyanın işinə bax, nə qəribə adamam,

 

Taleyimdə bir səsə tamarzı qalmaq varmış.

 

 

 

Kimsə toxunur sənə, çiyninə bir əl dəyir.

 

Gözlərini açırsan:

 

– Bu nə şirin yuxudur...

 

Çiyninə toxunan əl: “Səhər açılıb”, – deyir.

 

Bu tanış səs bəs nədən səni belə qorxudur?!

 

 

 

Tez durursan yataqdan, gözlərini döyürsən.

 

Ağzında hiss edirsən o yuxunun dadını.

 

Ürkək-ürkək yenə də o səsə boylanırsan; 

 

O anda tanıyırsan şəkildəki qadını...

 

 

 

 

 

BİR GÜN QAPINI AÇIB...

 

 

 

Bir gün qapını açıb

 

Yerimi boş görərsən.

 

Tez baxarsan güzgüyə,

 

Gözündə yaş görərsən.

 

 

 

Görərsən pəncərəmdən

 

Sənə baxır kitablar.

 

Elə bilərsən yenə

 

Otağımda kimsə var.

 

 

 

Masamı toz basacaq,

 

Silməyə əlin gəlməz.

 

Bəsdir zəhəri çəkdin

 

Deməyə dilin gəlməz.

 

 

 

Otağımda bir sükut,

 

Başlayacaq o gündən.

 

Axtaracaqsan məni

 

O sükutun içində.

 

 

 

Üstünə yeriyəcək 

 

Divardakı şəkillər.

 

Baxıb köks ötürərsən:

 

"Harda qaldı o illər?" 

 

 

 

Yazdığın son işmarış

 

Yenilənər əlində:

 

"İki çörək, bir sabun,

 

Bir də ət al gələndə."

 

 

 

O gündən xatirələr

 

Həmdəm olar səninlə.

 

Yoxluğumla barışıb

 

Yaşayacaqsan belə.

 

 

 

Hər şeyi belə qoyub

 

Çəkiləcəm gözündən.

 

Qayğıların bitəcək...

 

Muğayat ol özündən.

 

 

 

 

 

ARZULAR TÜKƏNİR...

 

 

 

Arzular tükənir, bitir,

 

Yerində  ümid doğulur.

 

Çəkdiyimiz ahla birgə

 

Göylərdə bulud doğulur.

 

 

 

Səsimiz səsə qovuşur,

 

Toyumuz yasa qovuşur,

 

Ruhumuz bizə qovuşur,

 

Beşikdən tabut doğulur.

 

 

 

Yanır – sonunda şam ölür,

 

Gecə düşür – axşam ölür,

 

Hardasa bir adam ölür,

 

Hardasa bir it doğulur.

 

 

 

 

 

MƏNİ SEVMƏK YASAQDIR

 

 

 

Mən sevgi göylərində

 

Qara bulud kimiyəm.

 

Mən ürəkdə son arzu,

 

İlkin umud kimiyəm...

 

Məni sevmək yasaqdır.

 

 

 

Dərdlə, qəmlə qalmışam

 

Ömrün ötən köçündə.

 

Mən yaşaya bilmədim

 

Bu dünyanın içində.

 

Dünən də belə idim,

 

Mən beləyəm bu gün də.

 

Məni sevmək yasaqdır.

 

 

 

Məni sevmək boş xəyal,

 

Məni sevmək ümidsiz.

 

Birdən xəbərim olmaz,

 

Çaşıb məni sevərsiz – 

 

Məni sevmək yasaqdır.

 

 

 

Göydən yerə boylanan

 

Mələklərdən qaçıram,

 

Eşq yolunda saralan

 

Çiçəklərdən qaçıram.

 

Mənlə oyun oynayan

 

Fələklərdən qaçıram...

 

Məni sevmək yasaqdır.

 

 

 

Ruhumda gəzdirmişəm

 

Sevgi adlı əzabı.

 

Sevib unutmaq imiş

 

Taleyimin savabı.

 

Sevə bilənlər üçün

 

Məni sevmək cəzadır,

 

Məni sevmək yasaqdır.

 

 

 

Dünyanın göylərində

 

Ayaq izlərim yetim.

 

Sevgi ömür kimidir

 

Sonunda ölüm-itim.

 

Niyə qulaq asmadın,

 

Axı mən sənə dedim –

 

“Məni sevmək yasaqdır”.

 

 

 

Hər əvvəlin bir sonu –

 

Yəqin ki, sonum çatıb.

 

Ağlım kəsəndən bəri

 

Bu eşq məni aldadıb.

 

Gör neçə illərdi ki,

 

Girib içimdə yatır,

 

Məni sevmək yasaqdır.

 

 

 

Eşqimin son mənzili

 

Birotaqlıq olacaq.

 

O mənzilin hər yeri

 

Zil qaranlıq olacaq.

 

Məni sevməyin sonu

 

Ya edamlıq olacaq,

 

Ya da – özün bilərsən...

 

Məni sevmək yasaqdır.

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.