Elçin Mirzəbəyli: “Əksər ədəbiyyat adamlarımız ayrı-ayrı qurumların, şəxslərin qapılarında güzəranlarını təmin etmək üçün növbəyə dayanıblar...” Featured

 

 “Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə layihəsi olan “Şənbə qonağı”nda İntiqam Yaşar bu gün sizləri şair, jurnalist və siyasətçi Elçin Mirzəbəyli ilə görüşdürür.

 

 

 

-Salam, Elçin müəllim. Pandemiya dövründə şair olmaq çətindir, yoxsa siyasətçi?

 

-Mənə elə gəlir, hər ikisi çətindir vaxt etibarı ilə. Pandemiya artıq həyat tərzinə çevrilibdir. Gündəlik olaraq bütün tələblərə riayət etmək, maska, spirt, ara məsafəsi və s. -  qorxuram ki, bunlar artıq vərdişə çevrilə və pandemiya bitəndən sonra da davam edə. Amma peşənə bağlısansa heç bir çətinlik, kənar təsir sənə mane olmaq imkanında deyil. Baxmayaraq ki, siyasət mənim gündəlik fəaliyyətimdi, ədəbiyyat da mənim ruhumun dincəldiyi bir köşədir. Ruhumu təmin elədiyim bir məşğuliyyətimdi. Heç biri çətin deyil mahiyyət etibarı ilə.

 

-Bu təlatümlü illər yaradıcılığınıza necə təsir edir?

 

-Ümumiyyətlə, ictimai-siyasi hadisələr, cəmiyyətdə baş verən dəyişikliklər yaradıcı insana həmişə təsirini göstərir. Mənim  subyektiv qənaətimə görə müsbət təsir göstərir. Daha uğurlu əsərlərin ərsəyə gəlməsinə zəmin yaradır. Biz 90-cı illərin o ağır dönəmindən keçən nəslin nümayəndələriyik. Tələbəliyimin ən yaxşı illərində mən Milli azadlıq hərəkatının içində olmuşam. O mühitin yaratdığı ruhla bağlı, ovqatla bağlı çoxsaylı şeirlər yazmışam. Onların içində “Azadlıq marşı” da, başqa marşlarım da, digər dillər əzbəri olan şeirlərim də var. Şübhəsiz, bu təlatümlü bir neçə il və bizi qələbəyə aparan 2020-ci il yaradıcılığımın daha uğurlu olmasına zəmin yaratdı. Özümü 90-cı illərin ovqatında, amma bir az da təbii ki, fərqli bir ruhda hiss etmişəm. Məğlub bir ölkənin vətəndaşı olaraq təbii ki, yazdıqlarım fərqli bir ovqat yaradır, amma qalib ölkənin vətəndaşı olaraq şair olmaq tamam başqa bir ovqat yaradır. Mən başa düşdüm ki, sən demə xoşbəxtlikdən də yazmaq olurmuş. (Gülür). Baxmayaraq ki, Moşu Göyəzənli xoşbəxtliyin qafiyəsini tapa bilməmişdi, amma mən düşünürəm ki, xoşbəxtliyin qələbə ruhundan da gözəl şeirlər yaranırmış.

 

-Həm də tanınmış jurnalistsiniz, media və ədəbiyyat bir-birinə necə təsir edir?

 

-Mahiyyət etibarı ilə iç-içədirlər, xüsusi bir fərq yoxdur. Ədəbiyyat, hər halda, müsbət təsir göstərir jurnalistikaya. Ədəbiyyat adamlarının dilinin zənginliyi mediaya köçəndə bu həm də oxucu üçün maraqlı olur. Çünki istər-istəməz ədəbiyyatçılığı və ədəbi ruhu özündən kənara ata bilmirsən. Hətta bir publisistik məqalə yazanda da, esse yazanda da, şərh yazanda da - fərqi yoxdu hansı janrda yazanda - hətta bir müsahibə götürəndə belə o fərqli yanaşma və sözlə manevr etmə imkanları, az sözlə çox şey demək imkanları təbii ki,  jurnalistikada müsbət tendensiyalar yaradır, müsbət keyfiyyət çalarları göstərir, hər halda müsbət təsir edir. Mane olduğunu görməmişəm, mahiyyyət etibarı ilə. Bir də, mənim qənaətimə görə hər şeyin  təməlində analitika dayanır. Düzdü, biz şərq ədəbiyyatının içərisində sıyrılan şəxslərik, sujetsiz  poetik nümunələrin içərisindən mahiyyət etibarı ilə publilistikada da, analitik siyasi şərhlərdə də bir sujet var. Amma mən ədəbiyyatda da sujet üzərində qurulan bir poeziyanın təmsilçisi olduğum üçün bu mənə ciddi bir problem yaratmır. Təməl olaraq, dramaturgiyanın da, poeziyanın da, nəsrin də təməlində təhlil dayanır. İnsan obrazlarının, xarakterlərinin təhlili dayanır.  Mahiyyətcə siyasi analitikanın da içərisində o təhlil var, bir az obrazlar fərqlidir. Burada geosiyasi, coğrafi məkanlar da rol oynayır, insan portretləri dövlətlərin obrazları ilə əvəzlənir və s.  Yaradıcı adamın siyasi analitik olmasının üstün cəhətlərindən biri də ondan ibarətdir  ki, yaradıcı insanın həm də fəhmi var,  altıncı hissi var, o, hadisələri sadəcə görmür, o, sadəcə quru statistik məlumatlar üzərində öz fikirlərini formalaşdırmır.  Həm də ona müəyyən qədər öz hisslərini əlavə edir. Hadisələrin axarını daha dərindən hiss elədiyi üçün burda mənfi nəsə heç vaxt axtarmamışam. Burada yalnız və yalnız ədəbiyyat mənə kömək edib.

 

-Çox səslənən bir fikir var ki, " jurnalistika yaradıcılığı istismar edir, bununla razı deyilsiniz?

 

-Xeyr. Heç bir istismar yoxdur. Hər gün yazıram mən. Mən bu ölkədə ən çox yazan baş redaktorlardanam. Elə gün olur, dörd, beş müəllif yazısı yazıram. Hər gün şeir yazılmasını ümumiyyətlə təsəvvür edə bilmirəm. Şeirin bir ovqatı var, o ovqat gələndə onsuz da onu yazacam. Buna nə  jurnalistika mane olacaq, nə siyasət mane olacaq. Əgər sən jurnalistikanı sevmirsənsə, zorən jurnalistikadasansa, sadəcə ədəbiyyat adamısansa və ədəbiyyatda bir insan kimi bu gün öz həyatını təmin edə bilmədiyin üçün jurnlistikaya üz tutmaq məcburiyətindəsənsə, onda əlbəttə, sənin sıxıntın olacaq, daxilən sən özün-özünü istismar edəcəksən, çünki sən bu reallıqla barışmayacaqsan. Əgər bir ədəbiyyat adamı kimi sən istəyirənsə səni görsünlər, qiymətləndirsinlər, kitabların satılsın, vəsait əldə edəsən, məcburən gedib başqa bir sahəni seçib o işlə məşğul olmaycaqsan. Əslində, o sənin öz daxilində yaratdığın problemlərdi. Jurnalistikanın ədəbiyyata hər hansısa bir maneçiliyini görməmişəm.

 

-Şuşa haqqında danışaq bir az da. Nə xoş ki, biz Şuşada da görüşdük. Şuşa haqqında təəssüratlarınız necədir?

 

-Ölçüyə gəlməzdir, belə təsəvvür etmədiyim kimidir.  Şuşada 1985-ci ildə sonuncu dəfə olmuşdum və tarixi, nəsil bağlılıqlarımız da var. Mənim üçün doğma bir məkandır. Vallah mən qarışıq hisslər keçirirdim. Hər kəs o sevinci yaşayıbdır, şübhəsiz ki. Şuşada olmaq, Azərbaycanın zəfərinin, milli ruhunun paytaxtında olmaq… Bizim qələbəmizin ən üst zirvəsində dayanan  Şuşanın fəthi idi. Orda olmaq mükəmməl  duyğulardı. Amma onunla yanaşı, atdığım hər  addımda fərqli duyğular keçirirdim ki, burada bizim qəhrəman övladlarımız savaşıbar. O qayalar ki var idi, Cıdır düzünə qalxan, mən o Cıdır düzünə sadəcə Cıdır düzü kimi yanaşa bilmirdim. Mən o qayalara dırmaşan, yuxarı sıçrayan igidləri gözümün önünə gətirirdim. Kiminsə yaralandığını, kiminsə şəhid olduğunu gözümün önünə gətirirdim. Atdığım hər addımda "burada şəhid qanı var" qorxusu ilə addım atırdım. Buna görə də, sözün doğrusu, sevinc hissini tam yaşamaq mümkün deyildi. Qarışıq duyğular idi. Düşünürəm ki, zaman keçdikcə o duyğuların özü də süzgəçdən keçəcək və bütün daşlar gəlib öz yerinə oturacaq. Təbii ki, Şuşada olmağın sevincini də yaşayacağıq. Keçirilən tədbirin özü möhtəşəm idi. Məkan olaraq Şuşa coğrafi baxımdan, tarixi baxımdan önəmlidir, babalarımızın məzarı var, bizim milli abidələrimiz var. Azərbaycanın tarixinin əhəmiyyətli bir hissəsi  Qarabağla, Şuşa ilə bağlıdır. Azərbaycan mədəniyyətinə ən böyük töhfələr verən, ümumiyyətlə Azərbaycan milli düşüncəsinə ən böyük töhfələr verən bir şəhərimizdir Şuşa. Təkcə Üzeyir Hacıbəyli - bugünkü Azərbaycan, milli identitkiyinin formalaşmasının banilərindən biri olan, o identiktliyi yazdığı notlarla formalaşdıran Üzeyir bəy yetərlidir ki, Şuşanın nə qədər önəmli olduğunu bilək. Amma torpaq insanları ilə birlikdə gözəldi. O baxımdan, orda sizinlə birlikdə olmaq, dostlarla birlikdə olmaq uzun müddətdir ki, bir araya gələ bilmədiyimiz ədəbiyyat adamları ilə birlikdə olmaq, ustad yazarlarla birlikdə olmaq, cənab prezidentin möhtəşəm çıxışının şahidi olmaq, onu dinləmək, bütövlükdə o atmosferdə nəfəs almaq böyük və hər kəsə nəsib olmayan bir xoşbəxtlikdir. Mən orada olduğum üçün həm xoşbəxtəm, həm də qürur duyuram.

 

-Vaqif Poeziya Günləri bərpa olundu. Bu ənənənin bərpası ədəbi mühit üçün nə kimi faydalar verəcək?

 

-Müsbət bir tendensiya qazanacaq. Yeni bir nəfəs gəlir. Əslində ənənə qırılmışdı bir müddət idi ki. Doğrudur, Bakıda və ölkənin digər bölgələrində yaşayan Qarabağdan olan yazarlarımız o bağı öz varlıqları ilə qoruyub saxlayırdılar. Yəni o vacib şərtlərdən biridir. Amma bütün hallarda istənilən yenilik, tarixi ənənələrin, bağların bərpa olunması ədəbiyyata mütləq müsbət təsir göstərməlidir. Təsəvvür edin ki, hər il ədəbiyyat adamları  Şuşada bir araya gələcəklər. Onun stimulu, ədəbiyyat adamlarının bir araya gəlməsi, qaynayıb-qarışması çox mühüm faktorlardan biridir. Bizim qələbəmizi, Şuşanın fəthini, mədəniyyətin yenidən öz paytaxtına qayıtmasını Azərbaycan tarixində və mədəniyyətində ən mühüm hadisələrdən biri hesab edirəm. Bu baxımdan çox müsbət təsiri olacaq bu ənənənin bərpasının. Artıq bu tendensiya hiss olunmaqdadır. Vaqif Poeziya Günlərindən sonra ədəbi mühitdəki canlanma qənaətimə görə hər kəs tərəfindən hiss olunur. Olduqca gözəl reportajlar hazırlanıb, olduqca gözəl ədəbi-publisistik yazılar yazılıb Şuşadan. Bunun özü də bir qazancdır ədəbiyyatımız üçün.

 

-Elçin müəllim, ədəbi mətbuatımızdan danışaq bir az da. Ədəbi mətbuatımz ədəbi mühitimizə adekvatdırmı? Təsir, yönvermə imkanlarını necə dəyərləndirirsiniz?

 

-Söhbət çap mediasından gedirsə, ədəbi mətbuatın imkanları məhduddur. İçərilərində uğurlu faktorlar da var. Məsələn, “Ulduz” junalını mən mütəmadi olaraq oxuyuram və çox bəyənirəm. Amma elə ədəbi nəşrlərimiz var ki, mahiyyət etibarı ilə adı sanballı olsa da, çox ciddi problemləri var, müasir dövrün tələblərinə uyğunlaşa bilmirlər. Eyni zamanda bir çap mediası orqanının baş redaktoru kimi şübhəsiz ki, çap mediasını sevirəm. Bunlar klassikadırlar və klassikanı da qoruyub saxlamağın tərəfdarıyam. Bununla yanaşı, artıq, forma dəyişib. Ədəbiyyatın bir hissəsi internet resurslara daşınıb. Orada daha dinamik ədəbi proses cərəyan edir. Doğrudur, tör-töküntü də çoxdur, saysız hesabsızdır. Amma, seçim imkanı da var. Əvvəla, zəif poeziya və ya nəsr nümunələrini oxumağa kimsə kimsəni məcbur etmir.  Stimul verən bir faktor var ki, sən oxucuyla interaktiv ünsiyyətdəsən. Tutaq ki kitabı yazdın, oxucu onu oxudu. Sən onun reaksiyasını bilməyə də bilərsən. Ədəbiyyat adamlarını yaşadan oxucunun sözüdür, sevgisidir, münasibətidir. Amma bu interaktivlik olanda, onlarla ünsiyyət qurmaq imkanların olanda bu, müsbət təsir göstərir. Ona görə də nəşrlərin bu gün tam mənada proseslərdən geri qaldığını söyləmək bir az ədalətsizlik olar. Ən azı indiki məqamda, belə bir çətin dönəmdə, çap mediasının müəyyən qədər sınaq qarşısında qaldığı bir dönəmdə o klassik ənənələri qoruyub saxlamağın özü böyük bir fədakarlıq tələb edir. Ona görə hər şeyi qılınclamaq, hər şeyin üzərindən xətt çəkmək zənnimcə doğru deyil. Ümumiyyətlə, ədəbiyyatda da, siyasətdə də, həyatda da varislik missiyasının davam etdirilməsinin, bağların qopmamasının tərəfdarıyam. Keçmişi qılınclamaqla, üstündən xətt çəkməklə gələcəyi qurmaq mümkün deyil. Keçmişlə barışıb irəliyə doğru addım atmaq lazımdır. Ona görə də, nə səhvlər olubsa nəticə çıxarmaq lazımdır. Nəşrlərimizin o potensial imkanları var ki, daha geniş oxucu kütləsinə tərəf getsinlər. Bunun üçün bir az daha artıq fəaliyyət göstərmək lazımdır. Bir az gəncliyi irəli çəkmək lazımdır. Gənclik təcrübə olmasa da dinamika gətirir proseslərə. Qoy, təcrübəli adamlar o dinamikanın səhv istiqamətə getməsinə imkan verməsinlər. İkinci isə, ədəbi nəşrlərdə, ümumiyyətlə, hər yerdə bir kollegial idarəçiliyin tərəfdarıyam. Bir nəfərin düşüncəsi və ağlı ilə ərsəyə gələn nəşr hamının zövqünü oxşaya bilməz. Bu aspektdən fikirləşirəm ki, bizim dəyərli naşirlərimiz bu barədə düşünsələr yaxşı olar.

 

-Azərbaycan yazarının xarici ədəbi orqanlara çıxış imkanları niyə qəaətbəxş deyil? Bu istiqamətdə nə kimi işlərin görülməsinə ehtiyac var?

 

-Çox səbəb var. Birinci səbəb ondan ibarətdir ki, bayaq dediyim kimi, bizim ədəbiyyat klassik şərq ədəbiyyatının üzərindən hərəkət etdiyinə görə əksər hallarda bizim üçün bu saat çox önəmli olan, məkan olaraq ədəbiyyatın daha çox oxunduğu coğrafiyalara transfer etməsində müəyyən qədər problemlər yaşanır. Bundan başqa, tərcümə məsələsində çoxsaylı problemlər var. Çünki yazılan əsərlərin hamısı Azərbaycan dilindədir. Azərbaycan dilində olan əsərlər ingilis, fransız, rus, alman dillərinə  tərcümə zamanı müəyyən problemlərlə qarşılaşır. Əvvəla, digər tərəfin şəxsləri, ədəbiyyat adamları özləri bunda maraqlı olmalıdırlar ki, tərcümə etsinlər. Təbii ki, onlar öz həyatlarını əldə etdikləri maliyyə ilə təmin etdikləri üçün məsələnin biznes tərəfini də düşünmək məcburiyyətindədirlər. Bir baxımdan bu problem var faktor olaraq. İkinci problem isə bizim ədəbiyyat adamlarının iddialarının ölkənin sərhədlərindən kənara çıxmaması ilə bağlıdır. Yəni, biz can atmırıq çıxaq. Biz burada beş nəfərin arasında alqış səsləndirib, “yaxşı şairsən, “yaxşı nasirsən” deyilməsiylə kifayətlənirik. Ümumiyyətlə, ədəbiyyata yanaşmanın özündəki düşüncədə ciddi fərqlər var. Əksər ədəbiyyat adamlarımız zamanında ədəbiyyata gələrkən ədəbiyyatdan asılıb qalıblar və düşünüblər ki, ədəbiyyat onların həyatlarını təmin edəcək. Onlar yaxşı yaşayacaqlar və bütün problemlərini ədəbiyyat vasitəsi ilə həll edəcəklər. Sonra vəziyət dəyişəndə artıq, ayrı-ayrı qurumların, şəxslərin qapılarında güzəranlarını təmin etmək üçün növbəyə dayanıblar. Bununla yanaşı həm də ədəbiyyat adamı obrazını cılızlaşdırıblar, miskinləşdiriblər, ucuzlaşdırıblar. Təbii ki bu cür ədəbiyyat adamının qərbə çıxması üçün, Amerikaya çıxması üçün, elə qardaş Türkiyəyə çıxması üçün hansı iş adamı vəsait xərcləyər ki?!  Heç biri. Yəni, mahiyyət etibarı ilə ədəbiyyatda şəxsiyyət problemi çox ciddi problem olaraq qalır. Bu gün çox da detallarına varıb kiminsə xətrinə dəymək istəmirəm. Amma bu çox ciddi faktorlardan biridir.Təəssüflər olsun ki, bu məsələdəki çatışmazlıqlar bizdə daha fundamental xarakter daşıyır. Amma, bu sahədə də müsbət tendensiyalar var.Yavaş-yavaş Azərbaycan ədəbiyyatı bizə tanış olan coğrafiyalara çıxır. Bizimkilər qardaş Türkiyədə çap olunmaqdadırlar. Son dövrlər ədəbi əlaqələrə diqqət daha da artıb. Yeni iş birlikləri yaranıb. Orta Asiya ilə, xüsusilə də qardaş Özbəkistanla əlaqələr genişlənib. Onlar Azərbaycan ədəbiyyatına çox maraq göstərir. Son dövrlər qərb ölkələrindən İtalyada Azərbaycan ədəbiyyatına maraq artmaqdadır və s. Eyni zamanda, düşünürəm ki, bu işdə xaricdə bizim müəyyən əlaqələri olan dəyərli yazıçılarımız, ölkənin sərhədlərindən kənarda yüzlərlə əsərləri çap olunmuş insanlar özləri də maraqlı olmalıdırlar. Azərbaycan ədəbiyyatını dünyanın müxtəlif ölkələrində bir-iki nəfərin timsalında təqdim etməyin özü yanlışdır. Azərbaycan ədəbiyyatı, ədəbi mühiti beş nəfərdən, on nəfərdən ibarət deyil. Azərbaycan ədəbiyyatında çağdaş nəsil yazarları arasında həm qadın, həm də kişi poeziyasında kifayət qədər uğurlu yazarlarımız var. Xüsusilə də, gənc nəslin obrazlılığı, sujet qurmaq bacarığı, öz fikirlərini daha lakonik və dünyanın istənilən nöqtəsində doğulan bir insanın anladığı dildə yazmaları mahiyyət etibarı ilə onların ökənin sərhədlərindən kənara çıxmalarına imkan yaradır. Ola bilsin ki, bu gün bizim aramızda gələcəyin Nobel mükafatçısı var. Amma bu Nobel mükafatçısının ortaya çıxması üçün sərhədləri müəyyən qədər aşmaq lazımdır. Naşirlərimiz bu işdə maraqlı olmalıdırlar. Azərbaycanda nəhayət ki, naşir anlayışı özünün missiyasını yerinə yetirməyə gəlməlidir. Yazar gəlib öz pulunu verib kitab çap etdirməli deyil. Bunun biznes tərəfi artıq həll olunmalıdır. Düşünürəm ki, məsələnin kommersiya tərəfi daxildə həll olunduqda, kommersiya tərəfinin diqtəsi və imkanları ilə xaricdə də Azərbaycan ədəbiyyatını təqdim etmək mümkün olacaq.

 

-Bayaq da pandemiya dönəmindən söhbət etdik. Pandemiya dövründə bir az durğunluq var. Bu dövrə müvafiq olaraq nə kimi addımlar atılsa effektiv ola bilər?

 

-Ədəbiyyat, media, bütün yaradıcı mühit iqtisadiyyata bağlı olan amillərdir. Buna fərqli yanaşmalar ola bilər, amma dünyanın bütün ölkələrində, dövrlərində intibahlar nə vaxt baş verir?! Dövlətlər iqtisadi baxımdan güclü olanda, inkişaf edəndə. İnsanlar artıq həyatlarının zövq tərəflərini düşünməyə başlayanda. Bütün intibah prosesləri bax o zaman baş verə bilir.Ən böyük abidələr, memarlıq nümunələri də həmin dövrlərdə yaranır. Bu da iqtisadi faktorlarla bağlıdır. Pandemiyanın gətirdiyi bəlalardan biri də dövlətlərarası iqtisadi münasibətlərdə müəyyən qədər sərhədlər yaratması oldu. İqtisadi proseslər minimum səviyyəyə enib. Azərbaycanda və bütün dünyada antiböhran istiqamətində müxtəlif addımlar atılır.  Amma, mən pandemiyanın Azərbaycanda ədəbi mühitə o qədər də təsir göstərdiyi qənaətində deyiləm. Çünki, biz bu pandemiya bəlası ilə yanaşı xalqımızı min illər boyu inkişafa səsləyəcək milli oyanışın şahidi olmuşuq. Bu milli oyanış da bizim ordumuzun qələbəsi nəticəsində baş tutdu. Bu baxımdan da mən düşünürəm ki, bizim qazandığımız stimul o qədər böyükdür ki, bu, iqtisadi proseslərin özünü də stimullaşdırmq imkanındadır. Bu baxımdan bütün daşlar yerinə oturunca, iqtisadi mühit yenidən aktivləşincə bu istiqamətdə də müəyyən fəallıq bərpa olunacaq.

 

-Həmişə gənclərin imza günlərində iştirak edirsiniz, dəstək olursunuz. Ədəbi gənclik haqqında fikirləriniz…

 

-Çox müsbətdir. Mən fərd adı çəkmək istəmirəm. Ədəbi mühitdə mənim həddən artıq dostlarım və sevdiyim insanlar çoxdur. Mən öncə də qeyd elədim, çağdaş Azərbaycan ədəbiyyatının dili və obrazlılığı, özünü ifadə etmə tərzi düşünürəm ki, özünün ən yaxşı dövrlərindən birini yaşayır. Müasir gəncliyin düşüncə tərzi, özünü peşəkar ifadə etməsi qürurvericidir. Düşünürəm ki, çox güclü bir ədəbi nəsil gəlir Azərbaycana. 21-ci əsrin əvvəllərində başlayan bu gənclik Azərbaycanı dünya miqyasına çıxarmağı bacaracaq. Buna şübhə eləmirəm və çox böyük ümidlər bəsləyirəm. Müasir Azərbaycan ədəbiyatında çox gözəl nümunələr var. Məni titrədən, silkələyən kifayət qədər əsərlərimiz var. Bu baxımdan düşünürəm ki, gənclik ədəbi müstəvidə bizdən daha güclüdür. Bununla ancaq qürur duymaq lazımdır.

 

-Təşəkkür edirəm maraqlı söhbət üçün.

 

-Mən təşəkkür edirəm. Çox sağ olun.

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.