Varisin təqdimatında
Hər kəs məhz bu son gündə oturub bütün ilinə yekun vurur, gələn ilə planlar qurur. 2022-ci il heç də uğurlu il olmadı xalqımız üçün. Əslində tək bizim yox, bütün dünyanın aktivinə deyil, passivinə yazıldı bu il. Pandemiya davam etdi, korona olayları bitmədi ki bitmədi, insanlar bu kabusdan qurtulacaqlarını təxmin edən zamanda isə yeni hoqqa ortaya çıxdı, bu dəfə müharibə adında. Rusiyanın Ukraynaya təcavüzü dünyanın düzənini pozdu.
2022-ci ildə dünyada iqtisadiyyatlar bir qədər də çökdü, insanların güzəranı bir qədər də pisləşdi. Təsadüfi deyil ki, hamı ümidlərini yeni – 2023-cü ilə bağlayır. Allah hamımızın köməyi olsun!
Dünya Azərbaycanlılarının Həmrəylik günü
30 ilə yaxın tarixə malik olan Həmrəylik Gününü azərbaycanlılara Heydər Əliyev ərməğan edib. Hələ Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məslisinin sədri olarkən 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilməsi təşəbbüsünü irəli sürmüşdü. 1991-ci ilin dekabr ayında Muxtar Respublikanın Ali Məclisinin bu barədə qəbul etdiyi qərar çox keçmədən bütün Azərbaycan üzrə keçərli oldu və ümumilikdə dünya azərbaycanlılarını əhatə etdi.
Dünya azərbaycanlılarının birlik və həmrəyliyinə ciddi diqqət yetirən Heydər Əliyevin bu sahədə atmış olduğu daha bir mühüm addım 2001-ci ilin noyabr ayında Bakıda Dünya Azərbaycanlılarının Birinci Qurultayının keçirilməsi oldu. Bu qurultay bir tərəfdən Azərbaycan dövlətinin xaricdə yaşayan soydaşlarımıza diqqət və qayğısının göstəricisi idisə, digər tərəfdən soydaşlarımızda onların arxasında güclü bir Azərbaycan dövlətinin dayandığı əminliyinin, güvəninin yaranması idi. Artıq soydaşlarımızla iş, onların birlik və bərabərliyi, həmrəyliyi istiqamətində aparılan siyasət çoxşaxəli xarakter daşıyır. Dünya azərbaycanlılarının həmrəyliyinə töhvə verən qurum kimi Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinin ortaya qoyduğu əməyi də mütləq qeyd etməliyik. Və bu prosesdə dövlətlə yanaşı, qeyri-dövlət təşkilatları da xüsusi fəallıq nümayiş etdirirlər. Bu baxımdan Heydər Əliyev Fondunun çoxşaxəli və uğurlu fəaliyyətini xüsusi qeyd etmək yerinə düşər. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” kampaniyası da xaricdə yaşayan soydaşlarımızın birlik və bərabərliyi, həmrəyliyi istiqamətində atılan mühüm addımlardan biri hesab edilə bilər. Dünyanın dörd bir yanında yaşayan soydaşlarımızın məhz bu kampaniya çərçivəsində birlik və həmrəylik nümayiş etdirməsinin nəticəsidir ki, bu gün dünyanın bir sıra ölkələrinin qanunverici orqanlarında ermənilərin Xocalıda törətdikləri vəhşiliklər soyqırım kimi tanınıb. Yeri gəlmişkən, mənim “Qırmızı ləçəklər” adlı romanım da bu kampaniya çərçivəsində Xocalı həqiqətlərinin dünyada yayılması işinə xidmət edir.
Yaşasın dünya azərbaycanlılarının həmrəyliyi!
On iki üzüm günü
İspandilli ölkələrin çox maraqlı bir bayramları var, demək, onlar günorta saat on ikidən başlayaraq on iki saat ərzində hər saatın tamamında bir müxtəlif növ üzüm dadırlar, nəticədə, yeni il onlara ən faydalı, ən qədim və ən dadlı meyvənin timsalında uğur gətirir. İlk dəfə İspaniyada qeyd edilən bayram sonradan Cənubi və Mərkəzi Amerikanın bütün ispandilli ölkələrinə siyarət edib.
Maraqlıdır, biz də cənub, üzüm ölkəsiyik, bizdə də on iki növ üzüm tapıb dadmaq olarmı? Özümüzün çox dadlı üzüm növlərimiz var. Mən son vaxtlar qəhətə çıxmış məşhur ağ və qara şanı növünün və ağadayı növünün adını çəkə bilərəm, mədrəsə, dərbəndi, təbrizi və bayanşirə növlərini də tanıyıram. Neçə oldu? 7. 5-ni də gəlin xarici növlərdən seçək. Şardone, rislinq, kaberne-sovinyon, pino-nuar... 12-cini gətirə bilmədim. Özünüz internetdən tapın.
Orijinal bayramlar
Bu gün dünyanın müxtəlif ölkələrində olduqca orijinal bayramlar qeyd edilir. Fasiləsizlik günü. İlin son günündə hər dəqiqənin qədrini bilmək tövsiyə olunur. Hər dəqiqəni fasiləsiz, doya-doya yaşamaq lazımdır yəni. Yemanji bayramı. Bu, braziliyalılara xas olan bayramdır, bu ölkədə spiritizm hələ də güclüdür, mövhumata çox inanırlar braziliyalılar. Onlar hər il dekabrın 31-də dəniz sahillərinə gəlib sahil boyu ağ çiçəklər düzür, şamlar yandırırlar, “Balıqların anası” Yemanjinin ruhunu çağırırlar. Mövhumata görə, Yemanji ruzi-bərəkət və xoşbəxtlik gətirir. Şotlandlar – viski ölkəsinin sakinləri Hogmanau gününü qeyd edirlər. Hər bir kəs əlinə məşəl alıb yürüş edir, məşəllərlə əylənmək də aktual olur. Onları atıb-tutanlar, atıb altından keçənlər, ardıcıl yandırıb söndürənlər öz ustalıqlarını nümayış etdirirlər. Və bütün bu ayinlər “viski selində çimməklə” həyata keçirilir. Polyaklarda isə bu gün Silvester günü qeyd olunur, onlar da rəngbərəng maskalarda, atəşfəşanlıq edə-edə yeyib-içir, çalıb-oynayır, mifik obraz olan Silvesterdən uğurlu yeni il arzulayırlar.
Düşündünüz ki, yəqin Amerikada da nəsə orijinal bir bayram qeyd olunacaq ayın 31-də? Xeyir, qərblilər adətlərinə xilaf çıxmadan növbəti mətbəx bayramı keçirəcəklər. Bu dəfə Milli Şampan şərabı gününü.
Pəncərə vergisi
İngilislərinsə bu günlə bağlı heç də xoş olmayan xatirəsi var. 1695-ci ilin 31 dekabrında İngiltərə Krallığında pəncərə vergisi tətbiq etməyə başlayıblar. Hər cür vergi boyunduruğu altında qalmış əhaliyə indi də pəncərə vergisi tətbiq edilməsi özbaşınalığın son həddi olub. Sən pəncərədən küşəyə boylandınsa, zəhmət çək, vergi ver. Məmurlar əllərində siyahı camaatın üstünə tökülüşüblər.
Boşuna pul itirmək istəməyən sadə insanlar qorxudan pəncərəyə yaxın durmasalar belə bunu məmurlara sübut edə bilmirdilər, “baxmısan” hökmü ilə pul ödəməyə məcbur edilirdilər. Naəlac qalan insanlar pəncərələrini kərpiclə hörməyə başladılar, yalnız bu yolla bu ədalətsiz vergidən yayınmaq mümkün oldu. Şəhərlər öz gözəlliklərini itirdilər, ölkəyə başdan-başa pəncərəsiz evlərlə zülmət çökdü.
Xalqa çox zülüm vermək də bir şey deyil.
Ad günləri
Çox məşhurların ad günlərindən danışarıq. Amma çox işlər görüb də adları gizlində qalanları tanımarıq. Odur ki, ad günləri siyahımız bir qədər fərqli olacaq.
Niyazi Səmədov. 1971-ci ildə professor elmi rütbəsini alan Niyazı Səmədov 1972-ci ildə Hindistan Beynəlxalq Zoologiya Akademiyasının həqiqi üzvü, 1979-cu ildə SSRİ EA Ümumittifaq Entomologiya Cəmiyyətinin fəxri üzvü, 1980-ci ildə Azərbaycan SSR EA-nın müxbir üzvü seçilib. Niyazi Səmədovun Azərbaycan entomologiya, torpaq zoologiyası, biosenologiya və bitki mühafizəsinə dair aparılan elmi tədqiqat işlərinin təşkili və inkişafı sahəsində, həmçinin elmi kadrların hazırlanmasında böyük xidmətləri olub. Niyazi Səmədov tərəfindən Azərbaycanda 26 fəsiləyə mənsub 2900-dən çox böcək növü aşkar edilib, o, bunların da 30-unu zərərverici kimi ilk dəfə təsdiq edib. O, Azərbaycan Ensiklopedyası və Qırmızı Kitablarının müəlliflərindən biridir. Onun 8 əsəri Avstriya, İngiltərə, Almaniya, Fransa və Çexoslovakiyada çap olunub, rəhbərliyi altında yeddi elmlər doktoru, 40 fəlsəfə doktoru dissertasiyası müdafiə edilib. 1980-ci ildə “Əməkdar elm xadimi” fəxri adına, 1982- ci ildə “Şərəf nişanı” ordeni və səkkiz medalla təltif edilən Niyazi Səmədov 1989-cu il may ayının 23-də Bakıda vəfat edib, ruhu şad olsun.
Ələkbər Süleymanov. 1962-ci ildə “Azərneft” Birliyinin rəisi, 1965-ci ildə Azərbaycan neft və qazçıxarma nazirinin birinci müavini, 1972-ci ildən “Xəzərdənizneft” Birliyinin, 1976-cı ildən 1978-ci ilə qədər “Xəzərdəniz neftqazsənaye” Ümumittifaq İstehsalat Birliyinin baş direktoru, 1980-ci ildən ömrünün sonunadək “Dənizneftqazlayihə” İnstitutunun direktor müavini işləmiş Ələkbər Süleymanov “Neft və qaz yataqlarının işlənməsi və istismarı” ixtisası üzrə professor elmi rütbəsini daşıyıb. O, Xəzər dənizinin neft, qaz və qaz-kondensat yataqlarının işlənməsinin nəzəriyyə və təcrübəsinə böyük töhfələr verib, onun sayəsində çoxlaylı dəniz yataqlarının çoxlu məhsuldar horizontları, ayrı-ayrı tektonik sahə və blokları aşkar edilib. Onun iştirakı ilə həm quruda, həm də dənizdə bir çox böyük neftqaz yataqları – Günəşli, QumDəniz, Bahar, Sanqaçal-dəniz-Xara-Zirə, BullaDəniz, Qarabağlı, Kürsəngə, Muradxanlı, Cənub-1, Cənub-2 və s. açılıb. 1994-cü ildə “Əsrin müqaviləsi”nin hazırlanmasında və həyata keçirilməsində əməyi olub.
Görkəmli neftçi və alim “Şərəf nişanı” ordeninə, “Azərbaycan Respublikası Dövlət Mükafatı”na layiq görülüb, bir sıra medallarla təltif olunub. Ələkbər Süleymanov 2000-ci il iyulun 27-də vəfat edib, ruhu şad olsun.
Tamilla Musayeva. Azərbaycanda xalq təhsilinin inkişaf tarixinin elmi cəhətdən əsaslandırılmış dövrləşdirilməsi, onun əsas mərhələlərinin müəyyən edilməsi, xalq təhsilinin yaranmasının spesifik xüsusiyyətlərinin təhlili, xalqımızın keçdiyi tarixi yolun xüsusiyyətlərinin öyrənilməsi ilə Tamilla Musayeva Azərbaycan tarixşünaslığına dəyərli töhfə verib. O, həm də Azərbaycan Sovet Ensiklopediyasında nəşr olunmuş bir sıra məqalələrin müəllifidir, üçcildlik “Azərbaycan tarixi” kitabının müəlliflərindən biridir, 2003- cü ildə nəşr olunmuş “Ermənilərin Azərbaycan torpaqlarında törətdikləri əməllər barədə tarixi həqiqətlər” adlı əhəmiyyətli əsərin tərtibçi redaktoru və müəlliflərindən biridir.
Professor Tamilla Musayeva 1984-cü ildə “İnqilab və Azərbaycanda xalq təhsili” monoqrafiyasına görə Azərbaycan SSR Dövlət mükafatı laureatı adına layiq görülüb, 2005-ci ildə “Əməkdar elm xadimi” fəxri adını alıb. O, 2019-cu il yanvar ayının 24-də vəfat edib, ruhu şad olsun.
Ağalar Abbasbəyli. M.V.Lomonosov adına Moskva Dövlət Univer- sitetinin tələbəsi və aspirantı olmuş, 1980-ci ildə doktorluq dissertasiyasını müdafiə etmiş, 1988-ci ildə tarix və beynəlxalq münasibətlər istiqamətləri üzrə professor elmi rütbəsini almış alimimiz 1974-1976-cı illərdə xarici ölkələrdə Sovet səfirliyində müşavir, 1981-1988- ci illərdə Azərbaycan KP Bakı şəhər Partiya Komitəsinin katibi, Azərbaycan KP Təşviqat Komissiyasının sədr əvəzi vəzifələrində çalışıb, 1987-1988-ci illərdə Azərbaycan Respublikası Təhsil naziri olub, uzun müddət SSRİ Sülh Fondunun sədr müavini və Azərbaycan Respublikası Sülh Fondunun sədri olub, 550 məqalənin, 42 monoqrafiyanın, 55 dərslik və dərs vəsaitinin müəllifidir. 32 elmlər namizədi, 10 elmlər doktoru yetişdirib, o cümlədən Azərbaycan Respublikasında ilk dəfə siyasi elmlər istiqamətində 10 siyasi elmlər namizədi və 3 elmlər doktorunun elmi rəhbəri və məsləhətçisi olub, Beynəlxalq münasibətlər ixtisası üzrə 50 nəfər magistrin ərsəyə gəlməsində mühüm rol oynayıb. 1991-ci ildən BDU-nun Beynəlxalq münasibətlər kafedrasına rəhbərlik edir.
Qəti qərarlar günü
Və ən nəhayət, sonda təqvimə salınan daha bir bayram barədə söz açmaq istəyirəm. Bu gün həm də Qəti qərarlar günü qeyd olunur. Yeni il gəlir, həyatını dəyişmək üçün bu gün qəti qərar qəbul etməlisən. Yeni ili yeni əhval-ruhiyyədə, yeni ideyalarla, işgüzarlıqla başlamalısan. Uğur düstürü yalnız budur.
Hər kəsin ömründə 2023-cü ilin xoşbəxtliyə doğru dəyişikliklər ili olması arzusu ilə. Yeni iliniz mübarək!
“Ədəbiyyat və incəsənət”
(31.12.2022)